Təranə Nəzərova: Vətən qarşısında borcum ona xidmət etməkdir

 

Mənim Vətən qarşısında, gələcək nəsillər qarşısında borcum Azərbaycanın mənafelərinə sona qədər xidmət etmək, Dağlıq Qarabağ haqqında həqiqəti təbliğ etməkdir. Mən Finlandiya hökumətinin, onun parlamentinin, ictimaiyyətin nümayəndələri ilə görüşlərdə Azərbaycan xalqının ağrı-acısını onlara çatdırıram, xalqımızın son yüz ildə dəfələrlə məruz qaldığı amansız təcavüz, etnik təmizləmə faktlarını göstərirəm.

Finlandiyadakı Azərbaycan diasporunun rəhbəri, Azərbaycan-Finlandiya “Dostluq” cəmiyyətinin sədri Təranə Nəzərova bu fikirləri AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib.

T.Nəzərova Konqresin beşinci qurultayında xarici jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin öz dövlətimizin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə tənzimlənməsi üçün hər cür səy göstərir. O qeyd edib ki, Azərbaycan hərbi yolla öz torpaqlarını bir neçə il bundan əvvəl qaytara bilərdi. Finlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Eero Lexti ilə görüşdə dəfələrlə qeyd edilib ki, həlli uzanan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq problemdir, çünki bu problemin həll edilməməsi təkcə regiona deyil, bütün dünyaya ziyan vurur.

“Dostluq” cəmiyyətinin sədri T.Nəzərova Xocalıda törədilmiş dəhşətli faciənin ildönümü ilə əlaqədar, Finlandiya parlamentinin deputatı E.Lextiyə Ermənistanın azərbaycanlılara qarşı məqsədyönlü şəkildə yürütdüyü təcavüz siyasətinin davamı, bu siyasətin yeni səhifəsi olan Xocalı soyqırımı barədə sənədlər göndərib. Finlandiyada Azərbaycan diasporunun rəhbəri F.Nəzərova vurğulayıb ki, Xocalı faciəsini soyqırımı aktı kimi tanıyan parlamentlər və dövlətlər bəşəri dəyərlərə sadiq olduqlarını nümayiş etdiriblər. T.Nəzərova deyib: “Bu gün mənim vəzifəm Xocalıda törədilmiş soyqırımının Finlandiya parlamenti tərəfindən tanınmasına nail olmaqdır”.

 

Azertag.az

 

10:20