Trampdan Çinə ilk ZƏRBƏ

Prezident respublikaçıları dəstəkləyən şirkətləri narazı saldı

Prezident Donald Tramp ABŞ-ın Trans-Sakit Okean Hövzəsi Əməkdaşlığından çıxması barədə fərman imzalayıb. Bununla da D.Tramp prezident seçkiləri öncəsi verdiyi vədə əməl edib.Xatırladaq ki, “Ağ Ev”in hazırkı rəhbəri hakimiyyətə gələcəyi təqdirdə ABŞ-ı Trans-Sakit Okean Əməkdaşlıq Təşkilatından çıxaracağını bəyan etmişdi. Donald Tramp ABŞ-ın bu əməkdaşlıq formatında olmasını ABŞ iqtisadiyyatı üçün başlıca təhlükə hesab edir. Ona görə də hakimiyyət başına gəldikdən sonra Donald Trampın imzaladığı ilk əmrlərdən biri ABŞ-ın TSOƏ-dan çıxması olub.
“Biz amerikalı işçilər üçün gözəl bir şey etdik”.Prezident Tramp sənədə imza atarkən belə deyib.Hələ 2016-cı ilin noyabr ayında Donald Tramp TSOƏ-ni ABŞ üçün potensial fəlakət adlandırmışdı.Ağ Evdəki yüksək səlahiyyətli məmurlardan birinin dediyinə görə, bu sərəncam ABŞ-ın xarici siyasətində atılmış ilk irimiqyaslı addım olacaq.Bununla da prezident Tramp ABŞ-dan olan seçicilərə üstünlük verildiyini bildirib.
Xatırladaq ki, ABŞ-dan sonra Trans-Sakit Okean Əməkdaşlığının sıralarında 11 ölkə qalıb. Bunlar Kanada, Avstraliya, Bruney, Çili, Yaponiya, Malaziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur və Vyetnamı birləşdirən əməkdaşlıq formatının gələcəyi sual altına düşüb. Saziş iqtisadi bloka daxil olan ölkələr arasında məhsulların ucuzlaşmasına nail olmaq üçün gömrük rüsumlarının ikitərəfli qaydada tamamilə aradan qaldırılmasını nəzərdə tutur. Adıçəkilən 12 ölkənin ümumi daxili məhsulu 28 trilyon dollardan çoxdur ki, bu da dünya ÜDM-in təxminən 40 faizini təşkil edir. Ötən ilin noyabr ayında Yaponiyanın baş naziri Sindzo Abe bildirmişdi ki, TSOƏ ABŞ-sız mənasızdır.Vyetnam və Avstraliya lider dövlət olmadan sazişi məntiqi sonluğa çatdırmağa hazır olduqlarını bildiriblər.
Donald Tramp isə əksəriyyəti ikitərəfli müqavilələrdən ibarət olan çoxtərəfli sazişlərin əleyhinə çıxır.“The Washington Post" qəzeti Donald Trampın Trans-Sakit Okean Əməkdaşlığından çıxmasını Çin üzərində ilk qələbəsi adlandırıb.Adıçəkilən mənbənin yazdığına görə, TSOƏ üzv ölkələri iqtisadi səbəblərdən daha çox siyasi amillər bağlayır.Tərəfdaşlıq strategiyasının təməl daşını yaradan keçmiş ABŞ prezident Barak Obamanın ABŞ-ın Asiyada təsirini artırmaq və Çinin artan ağırlığının qarşısına güc qoymaq məqsədi daşıyırdı.“Biz Çin kimi ölkələrə imkan verə bilmərik ki, dünya iqtisadiyyatının qaydalarını yazsın.Bunu biz özümüz etməliyik”-Obama ötənilki çıxışında belə demişdi.Qəzet qeyd edir ki, ABŞ-ın TSOƏ-dən çıxması Pekini öz yeni blokunu yaratmaq və və boşluğu doldurmaq zərurəti ilə üzləşdirəcək.Beynəlxalq Məsələlər üzrə Müşaviriliyn əməkdaşı Edvard Olden prezident Trampın Çinə həddindən artıq üstünlük verdiyini deyib.Qeyri-müəyyənlik yeni administrasiyaya keçid dövrü zamanı Çin lideri Si Tszinpinə Davos Ümumdünya İqtisadi Forumunda böyük kimi davranmaq imkanı verib. Bundan əvvəl isə ABŞ prezidentliyinə namizəd Berni Sanders ABŞ-ın TSOƏ sazişindən çıxmasını təklif etmişdi.Donald Trampın proteksionist siyasətini müasir iqtisadiyyata təhlükə hesab edənlər də var. ABŞ prezidentinin əleyhdarları bildirir ki, məhsulun istehlakçıya çatması üçün onlarla sərhəddən keçməsi lazım gələcək.Ona görə də Trampın qərarı Respublikaçıları dəstəkləyən bir sıra şirkətlərin rəhbərləri tərəfindən etirazla qarşılanıb.Həmin şəxslər açıq ticarətin tərəfdarıdır.
Respublikaçı senator Con Makkeyn isə bildirib ki, prezident Trampın bu addımı ABŞ-ın Asiyadakı strateji mövqelərinin itirilməsi deməkdir.Makkeynin sözlərinə görə, müqavilənin saxlanılması dünyada iqtisadi cəhətdən ən fəal və sürətlə artan bölgələrdən birində amerikalı işçilərin və şirkətlərin rəqabət qabiliyyətini saxlamağa imkan verirdi”.Yaxın vaxtlarda prezident Trampın Kanada və Meksika ilə azad ticarət haqqında sazişə (NAFTA) yenidən baxacağı gözlənilir.Ağ Evin yeni rəhbəri bu addımı qeyri-leqal immiqrasiyanın və təhlükəsizliyin təminatının vacibliyi ilə əsaslandırır. Analitiklərin fikrincə, D.Trampın proteksionist adlandırılan tədbirləri iqtisadi problemlərdən yaxa qurtara bilməyən Çin iqtisadiyyatına ağır zərbə vura bilər.2016-cı ildə ÜDM 4 faiz kəsirlə başa vurmuş Çində iqtisadi artım son 25 ildə ən aşağı həddə düşüb.Trampın TSOƏ müqaviləsindən çıxması və ucuz Çin məhsullarının idxalını məhdudlaşdıran tədbirləri Asiya nəhənginin defolt fırtınası ilə üzləşdirə bilər.Doğrudur, Trampın riskli hərəkəti Amerikanın əsas ticarət tərəfdaşlarından biri olan Yaponiyaya və ya idxal-ixrac əməliyyatlarının 60 faizini qonşu Birləşmiş Ştatlarla edən Meksikaya da ciddi zərbə vura bilər.Ancaq Vaşinqtonun bu qərarının məhz Çinin qlobal təsirinin azaldılmasına yönəldiyi sirr deyil. Çinin Maliyyə Nazirliyinin məlumatına görə, 2016-cı ildə dövlət büdcəsi 425 milyard dollar kəsirlə yekunlaşıb. Büdcənin xərcləri 6,4 faiz, gəlirləri isə 4,5 faiz təşkil edib. Çin lideri isə Davos Forumunda iqtisadfi artımın 6,7 faizdən 10,85 faizə qədər artacağını deyib. “Bank for International Settlements”in hesablamalarına görə, Çinin müxtəlif şirkətlərə və ev təsərrüfatlarına olan dövlət borclarının həcmi 27,2 milyard dollar və ÜDM-un 255 faizinə bərabərdir. Çinin iqtisadi böhrana yuvarlanmasının başlıca səbəbi kimi ölkəyə qoyulan sərmayələrin həcminin azalması göstərilir. 2016-cı ildə Çİn iqtisadiyyatına 117 milyard dollar dollar sərmayə qoyulub ki, bu da əvvəlki illə müqayisədə 4,1 faiz çoxdur.
“Bloomberg”in hesablamalarına görə, 2017-ci ildə 31 milyard dollar dəyərində istiqrazlar “zibil reytinqi” səviyyəsində dondurula bilər.Növbəti iki ildə isə bu göstəricinin 100 milyard dollara qədər artacağı proqnozlaşdırılır.Ekspertlərin fikrincə, D.Trampın zərbəsi hədəfə dəyərsə, bu növbəti defolta, ÜDM-un həcminin ciddi azalmasına, maliyyə bazarlarından kapital axınına və enerji daşıyıcılarının idxalının azalmasına gətirib çıxara bilər.

Müşfiq Abdulla
Cebhe.info

13:11