Tramp tramplin ola bilər - ABŞ-ın fərqli xarici siyasəti üçün

ABŞ-da növbəti prezident seçkiləri keçirildi. Respublikaçılardan namizəd olan milyarder Donald Tramp Birləşmiş Ştatların 45-ci prezidenti seçildi. Bəs yeni prezident hansı yenilik və ya islahatlarla yadda qalacaq? Trampın seçkiqabağı platformasına inansaq, yeni prezident ABŞ-ın xarici siyasətini köklü şəkildə dəyişəcək, ölkəsinin maraqlarını hər şeydən üstün tutacaq. Bundan əvvəl Obama administrasiyasını İŞİD-in "çiçəklənməsi"nə imkan verməkdə günahlandıran Trampın ABŞ-ın Yaxın Şərq - Suriya və İraq siyasətini də müəyyən qədər dəyişəcəyini güman etmək olar: "Mən prezident seçilsəm, İŞİD olmayacaq".

Lakin bunu da qalmaqallı və ziddiyyətli açıqlamaları ilə yadda qalan Tramp demişdi: "İŞİD Əsədlə, Əsəd İŞİD-lə müharibə edir. Sizcə, biz gedib ikisi ilə də müharibə aparmalıyıq?"
Yeni prezident, həmçinin miqrantların tamamilə əleyhinə çıxış edir. O, milyonlarla qeyri-qanuni mühaciri ölkədən çıxarmağı, radikal islamçılara qarşı müharibə elan etməyi təklif edir. Bununla belə, 70 yaşlı siyasətçi ABŞ-ın hərbi xərclərinin xeyli azaldılmalı olduğunu hesab edir və NATO-nu "köhnəlmiş qurum" adlandırır. Hər halda Donald Tramp özü də əmin edir: "Biz münaqişə, düşmənçilik deyil, dostluq axtaracağıq".
Bir çox analitiklərin fikrincə, respublikaçı prezident Rusiya ilə yaxşı münasibətlər qurmağa çalışacaq. Bundan əvvəl RF Prezidenti Vladimir Putin Donald Trampı "çox bacarıqlı insan, prezidentlik yarışında mütləq lider", Tramp isə Rusiya liderini "dünyada çox hörmətli insan" adlandırmışdı. Bir sıra ekspertlər isə yeni prezidentin ABŞ-ın nüfuzunun bərpa edilməsi istiqamətində addım atacağını, Trampın ABŞ-ın yeni, fərqli xarici siyasəti üçün tramplin olacağını düşünür. Trampın prezident seçilməsi ABŞ-Azərbaycan əlaqələrinə necə təsir edəcək? Ümumilyyətlə, ABŞ və Azərbaycan iki ölkə münasibətlərinin 25 illik tarixində olduğu kimi, yenə də əsasən siyasi, təhlükəsizlik, iqtisadiyyat, energetika, demokratiya, insan hüquqları, qanunun aliliyi kimi sahələrdə yaxından əməkdaşlıq edəcəklər. Unutmaq olmaz ki, Azərbaycan ABŞ-ın xüsusilə təhlükəsizlik sahəsində strateji tərəfdaşıdır. Həmçinin, Azərbaycan NATO-nun Əfqanıstandakı missiyasında yaxından iştirak edir. Birləşmiş Ştatlar belə bir regional tərəfdaşla münasibətləri heç vəchlə korlamayacaq. Bundan başqa, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir, buna görə də problemin həlli ilə bağlı səylərini davam etdirməlidir. Donald Trampın prezident seçilməsinin ABŞ-Azərbaycan münasibətlərində hansısa dəyişikliyə səbəb olacağı gözlənilmir və indiyə qədər aparılan siyasət davam etdiriləcək. Birləşmiş Ştatlar bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasını dəstəkləyəcək.

Bəxtiyar Hacıyev
(Trend)

 

11:33