Tovuzlu oyma ustası el sənətini gənclərə öyrədir—Fotolar

Tovuzun Alakol kənd sakini Alı Əsgərov ömrünün 40 ilini oyma sənətinə həsr edib. Uzun illər rayonun Alakol kəndində müəllim işləyən Alı Əsgərov oyma sənətinin sirlərini oğlu ilə yanaşı, digər gənclərə də öyrədib. İndiyədək ağac və dəmir üzərində çoxlu əsər yaradan usta Alı milli bədii elementləri özündə əks etdirən əl işləri ilə tanınır.

Xudaferin.eu bildirir ki, usta AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bu sənətin sirlərini öyrənməyə daha çox gənci cəlb etmək məqsədilə kənddə emalatxana şəraitində kurslar təşkil etdiyini deyib. Bununla da o, kəndin istedadlı yeniyetmələrinin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün şərait yaradıb.

Artıq ağac üzərində Tovuzun loqotipini hazırlayan usta yaxın vaxtlarda rayonda əl işlərinin sərgisini təşkil etməyi planlaşdırır. Əl işlərində milli ornamentlərə üstünlük verən Alı Əsgərov buta, ismi, xətai, bənd rumi və bulud naxışlarından istifadə edir.

Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Alı usta şagirdlərinə rəssamlıq sənətinin sirlərini də öyrədir.

Prezidentin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş Alı Əsgərov dekorativ tətbiqi sənət festivallarında da iştirak edib və əl işlərinə görə Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub.







16:03