“Torpaq işğalı”na görə bütün dövlət orqanlarına müraciət ünvanlandı

Başı qalmaqallarla dolu olan “İrəvan Teatrı”nın direktoru İftixar Piriyevdən ölkə rəhbərliyinə şikayət üçün hazırlıq görülür

Redaksiyamıza daxil olan müraciətlərə görə, əhalinin müraciətləri ölkə Prezidenti İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya, Respublika Baş Prokurorluğu yanında “Korrupsiyaya Qarşı Mübarizə İdarəsi”nə, DTX sədri Mədət Quliyevə, DİN naziri Ramil Usubova, Ədliyyə naziri Fikrət Məmmədova və digər dövlət qurumlarına ünvanlanıbdır.
O da qeyd olunur ki, Bakı şəhər keçmiş Lenin (indiki Sabunçu) rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə 18 aprel 1989-cu il tarixdə 11 saylı protokoluna əsasən Maştağa-Nardaran massivi, 75-ci məhəllədə yerləşən 17 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İsgəndər Əlibala oğlu Əliyevə 600 kv. m. ərazi ayrılmışdır. 2007-ci ildə bu ərazi “İrəvan Azərbaycan Dövlət Dram Teatrı”nın direktoru İftixar və onun qardaşı Samir Piriyev tərəfindən qanunsuz yolla  zəbt edilibdir. 2011-ci ildən indiyə kimi davam edən məhkəmə proseslərinə baxmayaraq, Piriyev qardaşları məhkəmə qərarlarına əməl etmirlər.     

İftixar və Samir Piriyev qardaşlarının kələkləri

Maştağa və Nardaran əhalisinin şikayətləri əsasında kənd sakinləri ilə görüşdük. Onlar bildirdilər ki, xalq arasında “Ləəc bağları” adı ilə tanınan ərazidə Bakının ən böyük maşın bazarında “ehtiyat hissələri” alveçisi Samir Piriyev və onun qardaşı, “İrəvan Azərbaycan Dövlət Dram Teatrı”nın direktoru İftixar Piriyev birlikdə qanunsuz yolla vətəndaş İsgəndər Əlibala oğlu Əliyevə məxsus torpaq mülkiyyətini işğal ediblər. 2011-ci ildən bu günə kimi davam edən məhkəmə çəkişmələrinin hələ ki, bir sonucu yoxdur. Belə ki, Maştağa qəsəbəsi bələdiyyəsinin qanunsuz yolla Piriyev qardaşlarına 8 avqust 2007-ci tarixli, 390 saylı sərəncamla onlara torpaq sahəsi ayrılmışdır. Beləliklə də həmin torpaq sahəsinin qanuni sahibi hər hansı bir abadlıq və tikinti işlərini apara bilmir. Əldə etdiyimiz sənədlər də sübut edir ki, qanunla həmin ərazinin Maştağa qəsəbəsinə heç bir aidiyyatı yoxdur. Bu ərazi dövlət mülkiyyəti sayılır. Torpaq sahəsinin qanuni sahibi olan şəxslər dəfələrlə Maştağa bələdiyyəsinə şifahi və yazılı şəkildə müraciətlər etsələr də, bələdiyyə rəhbərliyi qanunsuz sərəncamını ləğv etməmişdir. Bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsinin hansı qanunla Piriyev qardaşlarına “ərməğan” edilməsini isə 2011-ci ildən indiyə kimi davam edən məhkəmə çəkişmələri zamanı sübuta yetirilsə də, “sirli çubuq”la bu problem öz həllini tapa bilmir. Şahidlərin etiraf etdiyi kimi, qanunsuz yerə zəbt edilmiş ərazi Samir Piriyevin adına sənədəşdirilsə də, əslində buradan daha çox, “İrəvan Azərbaycan Dövlət Dram Teatrı”nın direktoru İftixar Piriyev istifadə edir. Bütün bunlar azmış kimi, həmin torpaq sahəsində 300 min dollar dəyərində yaşayış mülkünün tikilməsi sirli və mübhəm xarakter daşıyır. Adi bir əyalət teatrının direktorunda bu qədər vəsait haradandır ki, özünə bu səviyyədə villa tikdirir.

Məhkəmə qəradadlarını heçə sayan “Piriyev qardaşları” dilemması

16 avqust 2016-cı il tarixdə Bakı Şəhər Məhkəməsində hakim Fikrət Mirzəyevin sədrliyi ilə keçirilən məhkəmədə “İş № 2 (008) – 6420/13” saylı qərdadda bildirilir ki, iddiaçı Ziyafət İsgəndər qızı Əliyevanın (həmin torpaq sahəsinin mərhum sahibi İsgəndər Əliyevin qızı) iddiası əsasında onun şikayətinə baxılmış və bu ailəyə məxsus torpaq sahəsinin qanunsuz yolla zəbt edilməsi və Samir Piriyevin (İftixar Piriyevin qardaşı) adına verilən sənədlər qanunsuzdur və orada “Piriyev qardaşları” tərəfindən inşa edilən bütün tikinti işləri dərhal dayandırılsın. Məhkəmənin qərardadında o da qeyd olunur ki, hökmə dərhal əməl edilsin. Məhkəmə Ziyafət Əliyevanın öz halal mülkiyyəti ilə bağlı mövcud qanunun “Torpaq islahatı” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində də qeyd olunduğu kimi, “vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və koopretiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilsin” və elə həmin məcəllənin 32-ci maddəsində göstərildiyi kimi, “vərəsələr tərəfindən vərəsəlik hüququnun tanınması” Azərbaycan Respublikasının MPM-nin 149-150-ci maddələrinə istinad olunur.

Məhkəmə serialları və piriyevlərin “pir dağarcığı”

2011-ci ildən üzü bu yana Sabunçu Rayon Məhkəməsində, 2 saylı Bakı inzibati-İqtisad Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində bir neçə dəfə İftixar Piriyev və Samir Piriyev qardaşlarının qanunsuz əməlləri ilə bağlı məhkəmə prosesləri olsa da, təəssüflər olsun ki, bu günə qədər onların “işğal” etdikləri torpaq sahəsi ilə bağlı problemlər həllini tapa bilmir. Belə ki, Maştağa bələdiyyəsinin qanunsuz əməlləri ilə yanaşı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şöbəsinin “səhvən” qeyd etdikləri torpaq sahəsi ilə bağlı bir sıra qüsurlar yaranmışdır. Bununla yanaşı, Sabunçu rayon icra şöbəsinin icra məmuru Amil Əmirov da Piriyev qardaşlarına “bəlli olmayan səbəblər”dən dəstək verib.  Beləliklə sıravi bir vətəndaşa məxsus olan torpaq sahəsi ilə bağlı yaranmış mübahisələr hələ də öz həllini tapa bilmir.
1 fevral 2012-ci ildə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası iddiaçı, Maştağa qəsəbəsinin sakini Yaşar Seyidovun şikayətini təmin etmiş və Piriyev qardaşlarının qanunsuz yolla zəbt etdikləri əraziyə müdaxilə etməsini dayandırmaqla bağlı qərar qəbul etmişdir. Bütün bunlarla yanaşı, 14 oktyabr 2011-ci il tarixində Sabunçu Rayon Məhkəməsində, 1 fevral 2012-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində, 13 fevral 2012-ci il Bakı Apellyasiya Məhkəməsində, 13 iyun 2012-cü il tarixdə Ali Məhkəmənin Mülki Kollegiyasında,  7 mart 2014-cü il Bakı İnzibati-İqtisad Məhkəməsində dəfələrlə bu barədə məhkəmə prosesləri keçirilibdir.
Bu gün mərhum İsgəndər Əliyevə məxsus olan torpaq mülkiyyətinin hüquqi varisi Yaşar Seyidovdur. O, Azərbaycanın güləş üzrə tanınmış və ən təcrübəli  məşqçilərindən biri sayılır. Uzun illərdir Respublika üzrə nüfuzlu idman xadimi kimi tanınır. Azərbaycanın dövlət müstəqilliyi və Qarabağ uğrunda Bakı kəndləri əhalisinin səfərbər olunmasında müstəsna xidmətləri olan bir şəxs sayılır. Bu gün də dövlətçiliyimiz və idman sahəsinin inkişafında öz təcrübəsi ilə gənc idmançıların yetişməsində yaxından iştirak edir. Ancaq, heç zaman idman xadimi kimi özünü gözə soxmağı sevməmişdir. Bütün bunları vətən qarşısında milli borc kimi dəyərləndirmişdir. Təbii olaraq, Piriyev qardaşlarının qanunsuz əməlləri ilə barışmaq fikrində deyil. Öz hüquqlarını qanuni yolla, yəni ali qanunvericilik institutu kimi qəbul edilən məhkəmə vasitəsilə həll etmək istəyir. Maştağa və Nardaran kəndlərində nüfuz sahibi olan bu kübar insanın nə qədər haqlı olduğunu elə yerli əhali də təsdiq etdi. Əhali onu da bildirdi ki, Yaşar Seyidov Bakı kəndlərinin nüfuzlu övliya ocağının ən layilqi təmsilçisidir. Buna görə də özünə, həm də təmsil olunduğu nəslə böyük hörmət var. Piriyev qardaşlarının isə haradan peyda olduqlarına görə əhali onları əməlli başlı təccüblə qarşılayır.

Məhkəmə sənədləri bir-birini niyə inkar edir?

Bu gün hüquqi baxımdan varis kimi sayılan Yaşar Seyidova məxsus torpaq sahəsinin qanuni yolla sübuta yetirilməsi və rəsmi sənədlərin kifayət qədər olmasına baxmayaraq, məhkəmələr bir-birinin ziddinə qərarlar veriblər. Elə buna görə də İftixar Piriyev və onun qardaşı Samir Piriyev istədikləri kimi hərəkət edirlər. Maştağa, Nardaran və Kürdəxanı kəndlərinin aralığında yerləşən “Ləəc Bağları” adlı massiv tarixi və məşhur ərazi sayılır. Burada 1918-ci ildə Yaşar Seyidovun nəsli erməni daşnaklarının Bakını işğal siyasətinə qarşı əlində silah böyük mübarizə aparıblar. Tarixdə adı “Ləəc döyüşü” kimi düşən bu savaşın nəticəsində Bakı ermənilər və havadarları tərəfindən işğal oluna bilməyib. 18 aprel 1989-cu il tarixdən qanunla “Ləəc Bağları”nda ayrılmış ərazinin bu günkü varisi olan Yaşar Seyidov ona məxsus torpaq sahəsini vaxtilə hasarlamış və oraya darvaza da qoymuşdur. Həmin ərazi heç zaman Maştağa qəsəbəsi bələdiyyəsinin mülkiyyətində olmamışdır. O zaman sual belə bir yaranır bələdiyyə hansı qanunla Piriyev qardaşlarına həmin torpaq sahəsini “ərməğan” etmişdir? Yaranmış problemlə bağlı benzini Torpaq və Xəritəçəkmə Komitəsi tökmüşdür. Belə bir dolaşıqlığı məhkəmələrdə dəfələrlə sübut edən Yaşar Seyidov hələ də öz qanuni mülkiyyətinə sahib çıxa bilmir.
Buna görə də İftixar Piriyev və Samir Piriyev qardaşları Maştağada at oynadırlar. Qanun şah deyil, onların öfkəsi və iddiası şahdır, düsturu ilə hərəkət edirlər. Elə buna görə də  məhkəmələr bir-birinə zidd olan qərarlar verirlər. Məhkəmə proseslərində ən böyük səhv isə, adı çəkilən ərazi ilə bağlı əsas qanuni sənəd  kimi hesab edilən Daşınmaz Əmlakın Dövlət Reyestrinə diqqət yetirilməməsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər ərazisi İdarəsinin texniki sənədlərində də qeyd olunduğu kimi, məhkəmələr tərəfindən mübahisəli torpaq predmeti kimi qeyd olunan ərazi Ziyafət Əliyevaya məxsusdur. Həmin  sənəddə qeyd olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, 75-ci məhəllə 17 saylı sahədəki torpaq ərazisi məhz ona məxsusdur. Sənədə əsasən reyestr nömrəsi 005013024920 və faktiki sahəsi 0.0562 sahə (hektarla) Ziyafət Əliyevanın şəxsi mülkiyyətidir. Bununla yanaşı, həmin torpaq sahəsinin kadastr göstəriciləri və qaiməsi (sertfikatı) qanunla dövlət orqanı tərəfindən sübuta yetirilsə də, bunu nə məhkəmələr, nə də İftixar Piriyev və qardaşı Samir Piriyev tanımaq və qəbul etmək istəmirlər.
Maştağa və Nardaran kəndlərinin əhalisi onu da qeyd etdilər ki, İftixar Piriyev dəfələrlə onlara: “Gedin nə istəyirsiniz onu da edin. Mənim çox güclü dayaqlarım var. Elə buna görə mühüm vəzifə daşıyram” açıqlamasını verib.
Hər iki kəndin əhalisi isə ironik şəkildə bunları dedilər: “İftixar Piriyev adi əyalət teatrının direktorudur. Əgər o daha yüksək mənsəb sahibi olsaydı görəsən daha hansı qanunsuz əməllərlə tanınardı?”. Kənd əhalisinin İftixar Piriyevin qanunsuz əməllərinə görə, ölkə rəhbərliyinə müraciət etməkdə əsas məqsədi ölkə prezidentinin məmur özbaşınalığına son qoyulması ilə bağlı atdığı addımları və islahatları təqdir etdiklərini və ona dəstək olduqlarını nümayiş etdirməkdir.  

Ə. Yusifoğlu

16:42