“Top”u Rusiyaya atan həmsədrlər: Vasitəçilər Qarabağa laqeyddir

 

Natiq Miri: “Onlar üçün Qarabağ prioritet deyil”

ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıya, o cümlədən, Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və Yerevana səfəri yekunlaşıb. Regiona səfərin yekununa dair həmsədrlər Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik birgə bəyanatla çıxış ediblər.

Qeyd edək ki, həmsədrlər iyunun 10-da Ermənistan prezidenti Serj Sarksyan, iyunun 19-da isə Azərbaycan prezidenti İlham Əliyevlə görüşüblər. Bundan başqa, onlar iyunun 12-də Azərbaycanın işğal altında olan Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonlarına səfər edib, Qarabağda erməni icmasının, Bakıda isə Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşüblər. İyulun 3-də isə Vyanada görüşəcəklərini qeyd ediblər.Diplomatlar dəfələrlə etdiklərini ediblər.Yenə də əvvəlkilərdən fərqlənməyən bəyanat veriblər. Sənəddə həmsədrlərin yenə səyahət edəcəyi bölgəyə vəziyyət haqqında məlumatlandırmaq üçün Vyanaya gedəcəyi qeyd olunub. Yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşmək niyyətində olduqlarını vurğulayıblar. Həmsədrlərin regiondakı görüşlərində və danışıqlarda maraqlı məqam diqqəti cəlb edib.ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrdən Fransa və ABŞ görüşlərdə passivlik nümayiş etdiriblər.Dominant ölkə olaraq yenə də aktivliyi ilə Rusiya seçilib.Maraqlıdır, Fransa və ABŞ-ın məlum məsələdə passivlik nümayiş etdirmələri nə ilə bağlıdır?
Politoloq Natiq Miri açıqlamasında yada salıb ki, Dağlıq Qarabağ problemi nə ABŞ, nə də Fransa üçün prioritet siyasət deyil: “Yaxın illərdə də Dağlıq Qarabağ probleminin bu ölkələr üçün prioritet siyasət olması gözlənilmir. Ancaq Rusiya üçün tamamilə fərqlidir.Çünki Rusiya bu gün də SSRİ-nin dağılmasına rəğmən postsovet ölkələri və onların yerləşdiyi bütün coğrafi-geosiyasi məkanı özününarxa bağçası sayır.Rusiya məhz bu ölkələri nəzarətindən buraxmır.Zamanında, yəni SSRİ dağılmamışdan əvvəl süni münaqişələr yaradıldı ki, həmin ölkələrə təzyiq imkanları saxlanılsın.Bu gün Dağlıq Qarabağ kimi digər postsovet məkanında olan münaqişələr də Rusiya tərəfindən manipulyasiya edilir.Ona görə də Rusiya üçün bu münaqişələr və onların həlli prosesi bu gün prioritet siyasət təşkil edir.Rusiya ilə Fransa və ABŞ-ın prosesə yanaşması tamamilə fərqlidir”.

 

Alçina Amilqızı

Cebhe.info

 

09:34