Tokioda Dünya Azərbaycanlılarının Həmrəylik Günü keçirilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Tokionun tanınmış əyləncə rayonu olan Şingukuda yerləşən “Pamukkale” türk restoranında qeyd edilib. Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşları, Tokio şəhərində yaşayan Azərbaycan diasporunun üzvləri və digər millətlərin nümayəndələri iştirak ediblər. Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər və Azərbaycanın Yaponiyadakı səfirliyinin müşaviri Fərid Talıbov Dünya Azərbaycanlılarının Həmrəylik Günü barədə danışıb, bu günün planetimizin müxtəlif guşələrində yaşayan soydaşlarımız arasında milli birliyin formalaşmasındakı mühüm rolunu vurğulayıblar.

Yaponiyada yaşayan həmvətənlərimizin Azərbaycanı daha yaxşı tanıtmaq istiqamətində fəaliyyətinin son illər sürətlə artdığı qeyd edilib, bu işdə cari ilin martında təsis edilən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin bir diaspor təşkilatı olaraq mühüm rol oynayacağına inam ifadə olunub. Qeyd edilib ki, xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının milli ənənələrin, özünəməxsusluğun və ana dilinin, mədəni irsin qorunması və inkişafında, millətlərarası münasibətlərin və xalqlar arasında dostluğun gücləndirilməsində fəaliyyəti zəruridir. Bayram tədbirində Azərbaycan musiqisi səsləndirilib, milli rəqslər nümayiş etdirilib.

Xudaferin.eu
Yaponiya, “Tokio Bürosu” 

22:27