Timur Əsgərov “Paxita” baletinin premyerasında Andres obrazını yaradacaq

 

Martın 30-dan aprelin 9-dək Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında XVII Beynəlxalq Balet Festivalı keçiriləcək. Festival martın 30-da “Paxita” üçpərdəli baletinin premyerası ilə açılacaq.

Səhnə əsərində Andresin partiyasını gənc balet artisti Timur Əsgərov ifa edəcək.

“Paxita” baleti ilk dəfə 1846-cı ildə Parisdə nümayiş etdirilib. Mariya Teatrında premyerası keçiriləcək baletin əsasını Eduard Deldevezin musiqisi, habelə Lüdviq Minkus və Rikardo Driqonun əsərlərindən fraqmentlər təşkil edir.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Xudaferin.eu
Rusiya Federasiyası, “Moskva Bürosu”

 

05:46