Tikintisi başa çatmayan binalarda mənzillərin pulunun tam ödənilməsi tələb edilə bilməz

 

Prezident İlham Əliyev ölkə parlamentinə Mülki Məcəlləyə dəyişikliklər paketi göndərib. Təkliflərin ölkədə tikinti sektorundakı bəzi mübahisəli məqamların aradan qaldırılması məqsədilə irəli sürüldüyü bildirilir. Milli Məclisin mətbuat xidməti xəbər verir ki, təkliflər cümə günü Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılıb.

 

İclas zamanı məlumat verilib ki, hazırda inşası başa çatmayan binalarda mənzillərin alqı-satqısı, vətəndaşların mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı, mənzillərin eyni zamanda bir neçə şəxsə satılması kimi problemlər mövcuddur. Dəyişiklik təkliflərinin qeyd olunan problemlərin aradan qaldırılmasına yardım edəcəyi qeyd olunub.

Təkliflərə görə, kitikintisi başa çatmayan çoxmənzilli binalarda mənzillərə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində təminat qeydi aparılmalıdır. Bundan başqa mənzillərin satışı zamanı mülkiyyətçi torpaq sahəsi barədə alıcının xeyrinə təminat qeydini notarius və daşınmaz əmlakın dövlət reyestri vasitəsilə aparmalı olacaq. Bu qeyd şəffaf şəkildə, elektron qaydada, mülkiyyətçinin reyestrə birbaşa müraciəti olmadan həyata keçiriləcək. Qanun layihəsi həmçinin nəzərdə tutur ki, tikintisi başa çatmayan binadan mənzil alan alıcının üzərinə mənzilin alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyi qoyula bilməz. Bu zaman ödəmələr tikintinin mərhələləri üzrə hissələrlə həyata  keçirilməlidir. Parlament komitəsi prezidentin təkliflərini bəyənib Milli Məclisin plenar iclasına tövsiyə edib.

 

Amerikaninsesi.org

 

10:48