Tikinti mafiyasının paytaxt planı: Bakının amfiteatr quruluşu necə və niyə pozuldu?

 

Cahangir Qocayev: “Bakının bütün pozulmuş quruluşunu bərpa etmək mümkündür”

Flora Kərimova: “Paytaxtı bu günə salanlara “dur” deməsək, bundan da betər olacaq”

Bir vaxtlar Bakının ruhunu sevənlər indi şəhərin əsl insanlarına, küçələrinə, küləyinə, dənizinə, bulvarına, köhnə binalarına, daşlı yollarına həsrət qalıb... Bu gün paytaxtı sevənlərin ürəyi yaman doludur. Göbələk kimi artan bir-birinə çox yaxın, həyəti və parkinqi olmayan göydələnlər, zövqsüz binalar Bakını tamam dəyişib. Odlar diyarının ürəyi əvvəlki simasını itirib. Tarixən yüksək təpə üzərində amfiteatr formasında salınan Bakı şəhəri aşağıdan dənizə baxır, yuxarı hissədən isə Qafqaz dağları ilə əhatə olunub. Üçqat qala divarları, Qız qalası və digər fortifikasiya qurğuları ilə bərabər şəhər sanki bütövlükdə möhtəşəm müdafiə istehkamını xatırladırdı. Hələ Sovet dövründə Bakı şəhərində tikinti-memarlıq və neftçıxarma işləri aparılarkən paytaxtın amfiteatr quruluşu hökumət tərəfindən nəzərə alınıb. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Soveti 7/1-1969-cu il tarixli 25 nömrəli Qərarla amfiteatr ərazisinin və onun neft mədənləri hüdudlarındakı xarici ətəklərinin Bakıya aid olduğunu təsdiqləyib. Bakı hələ qədim zamanlardan təkcə Cənubi Qafqazda deyil, eləcə də Yaxın Şərqdə əhalisi sıx məskunlaşmış şəhərlərdən biri kimi tanınıb. Amma indi Bakı çox dəyişib, şəhəri tanımaq olmur. Üzü astarından baha binaların təmiri həm tariximizə kölgə salır, həm də ekologiyamıza və büdcəmizə ziyan vurur. Hündür binalar, yaşıllıqlardan təmizlənmiş geniş və açıq parklar Bakının simasını çox dəyişib. Əvvəllər Bakı ilə tanışlığı olmayan adamı buranın bir müsəlman şəhəri olduğuna, şəhərin əsas hissəsinin XIX əsrdə tikildiyinə inandırmaq olmurdu. Təmir və yenidənqurma, müasirləşmə hər yerdə gedir. Amma şəhərsalma elə bir sahədir ki, ortada bir plan, siyasət olmadan onu həyata keçirmək olmaz. Köhnə binaların sökülüb yerində yenisini tikmək olar, lakin milliliyi qorumaq, tarixi silib atmamaq naminə... Təəssüf ki, indi Bakıda milli kolorit qalmayıb, hətta tarixi binaların fasadlarını da dəyişiblər. Hətta Bakı şəhər İcra Hakimiyyətinin rəsmi saytında da qeyd olunur ki, şəhərin mərkəzi amfiteatr üslubundadır, hər iki tərəfdən dənizə enişi var. Şəhər düzbucaq şəkilində salınmışdır, yalnız qədim Bakının İçəri Şəhərində küçələr əyri və dardır. Mərkəzdə və əsas magistrallar boyu tikililər sıx, şəhər ətrafında isə seyrəkdir. Təəssüflə qeyd edək ki, indi bu üslubdan əsər-əlamət qalmayıb. Bakı gecələri Neapola bənzədilib... Dünyada amfiteatr quruluşa malik nadir sayda şəhərlər var. Həmin şəhərlərin arxitekturası məhz coğrafi landşaftına uyğun formalaşıb. Bu şəhərlər sırasında Bakı ilə yanaşı İtaliyada Neapol, Xorvatiyada Pula, Monako şəhərlərini qeyd etmək olar. Bakını gözəlliyinə görə daha çox Neapolla müqayisə ediblər. Rus sovet yazıçısı Maksim Qorki öz əsərlərində Bakı gecələrini Neapola bənzədib. Bu şəhərlərin amfiteatr quruluşunu pozmaq olmaz. Yəni şəhərin baş planı və arxitekturası hazırlanarkən bu amil nəzərə alınmalıdır. Amma Bakının son illər görünüşünün, tarixi mənzərəsinin pozulmasının şahidi oluruq. Bunun başlıca səbəbi Bakıda qanunsuz və pərakəndə tikililərin həyata keçirilməsidir. Bu tikililər Bakının Baş Planına uyğun olmayaraq icazəsiz həyata keçirilib. Eyni zamanda həmin tikililər Bakının cofrafi relyefinə uyğun tikilmədiyinə görə paytaxtın amfiteatrının məhv edilməsinə gətirib çıxarıb. Bakı şəhərinin yamac hissəsində, Səbail rayonu ərazisində alov qüllələri tikilib. Alov qüllələri şəhərin bər-bəzəkli görünüşü kimi təqdim olunsa da, həm şəhərin amfitetarını pozub, həm də yamac hissədə tikildiyi üçün təhlükəlidir. Mütəxəssislər bildirirlər ki, həmin ərazi gil laylar üzərində oturmuş qayalıqlardır. Yəni zəlzələ və ya ağır sürüşmə olarsa, istənilən halda çökmə baş verər. Həmin qüllələr şəhərin görkəmini pozmaqla yanaşı, həm də oturduğu ərazidəki suxurlarda ağırlıq yaradır. Bu ağırlıq hər an təhlükə mənbəyi ola bilər. Ekspertlər hesab edirlər ki, belə binaların tikilməsi üçün ən münasib yer şəhərin arxa, kənar və düzənlik hissələridir. Amma şəhərin yamac hissəsində, yəni, amfiteatr görünüşü yaradan ərazidə bunu etmək olmazdı. Bakı şəhərinin özəlliyi təkcə onun tarixi abidələrinin olması deyil, onun tarixi-mədəni quruluşunun təmin edilməsi və coğrafi relyefinin qorunub saxlanılmasıdır. Amma bu gün Bakı tanınmaz haldadır. Uzun illər Bakının amfiteatr quruluşu turistlərin diqqətini cəlb edib. Bakı haqqında sənədli filmlər çəkilib. Şəhərin amfitetar quruluşu haqqında mahnılar yazılıb. Son illər Bakıda o gözəllik itdiyi üçün ona şerlər, mahnılar yazılmır. Ona görə ki, Bakının relyefi, infrastrukturu, quruluşu pozulub. Şəhərdə turistləri cəlb edəcək heç nə qalmayıb. Alov qüllələri ilə turistlərin diqqətini cəlb etmək mümkün deyil. Qanunsuz tikililərin sayı çoxalıb, hansı ki, o tikililərə ehtiyac yox idi. Bakı təkcə İçərişəhərdən ibarət deyil, o həm də yamacından ibarətdir. Xəzərin ləpədöyəni ilə şəhərin yamac hissəsi bir-birini tamamlayır. İndi bu ahəngdarlıq pozulduğu üçün paytaxtı subasma təhlükəsi yarana bilər. Bütün bunlar coğrafi fəlakətlərin ola biləcəyindən xəbər verir. Xatırladaq ki, Bakının amfiteatr quruluşu ilə bağlı gözəlliyini vəsf edən zaman-zaman bir çox şeirlər yazılıb, mahnılar bəstələnib. Xalq şairi Rəsul Rzanın “Əyri-köndələn Bakı” şeirinə məşhur sənətkar Vasif Adıgözəlovun bəstələdiyi mahnı dillər əzbəridir. Zeynal Cabbarzadənin sözlərinə xalq artisti Tofiq Quliyevin bəstələdiyi “Bakı əziz şəhər” mahnısı böyük sənətkar Rəşid Behbudovun ifasında bütün dünyanı dolaşıb. Bundan başqa, şair Ələkbər Ziyatayın “Bakı gecələri” şerinə Ələkbər Tağıyevin bəstələdiyi mahnı indi də “İçərişəhər” metrostansiyasında səsləndirilir. Bu mahnılar Şövkət Ələkbərova, Rəşid Behbudov, Vaqif Mustafazadə kimi dahi sənətkarlar tərəfindən ifa edilib. Ancaq son illər Bakının gözəlliyini tərənnüm edən şeirlər, mahnılar yazılmır. Bunun başlıca səbəbi Bakının tarixi görünüşünün məhv edilməsi, abidələrinin dağıdılması, amfiteatr quruluşunun yox edilməsidir. Hazırda beynəlxalq hesabatlarda Bakı dünyanın ən çirkli şəhərləri sırasında ön yerlərdən birini tutur. Paytaxtın tikintisi biznes obyekti oldu...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin keçmiş müdiri, memar Cahangir Qocayev açıqlamasında Bakının şəhərsalma quruluşunun pozulduğunu və hazırda bərbad halda olduğunu deyib: “Sovet hökuməti dağıldı. Bu arada şəhərin Baş Planının olmaması səbəbindən paytaxtın quruluşu pozuldu. Digər tərəfdən şəhərin tikintisi biznes obyektinə çevrildi. Qaçqın və məcburi köçkünlərin şəhərə axın etməsi ilə sistem və nizam-intizam pozuldu. Bəzi vəzifəlilər, bir çox şəxslər bundan sui-istifadə etdi. O ərəfədə heç nə edə bilmədik. Çünki fövqəladə vəziyyətin olduğunu bildirdilər, biz də susduq”. Memar sürüşmə zonalarında hər an yarana biləcək təhlükəyə də toxunub. O, deyib ki, ümumiyyətlə, sürüşmə zonaları daim mühafizə olunmalıdır: “Çox təəssüflər olsun ki, Bakıdakı sürüşmə zonaları mühafizə edilmir. Məsələn, Zığda... O ərazini məskunlaşmağa versələr də, sonradan həmin hissə mühafizə edilmədi. Bütün sahələrdə peşəkarlar işləsəydi, zamanında belə qanunsuzluqların qarşısını almaq olardı. Bir çox şəxslər var ki, adını peşəkar qoyublar”.  

Cahangir Qocayev onu da əlavə edib ki, onun iştirakı ilə Regional Baş Plan hazırlanmışdı ki, o da Sumqayıt və Xırdalanı əhatə edirdi: “Bakının məxsusi Baş Planı hələ işlənməyib. Mən oradan kənarlaşandan sonra indiki vəziyyətdən xəbərsizəm. Şəhərin təbii landşaftı pozulub. Amma gec olmayaraq bütün pozulmuş quruluşu bərpa etmək mümkündür. Buna çalışmaq lazımdır”. “Kapitalist”lərə “dur” deməsək...  

Xalq artisti, müğənni Flora Kərimovanın sözlərinə görə Bakı öz simasını itirib: “Artıq Bakı haqda yeni şeirlər, mahnılar yoxdur. Acgöz “kapitalistlər” heç nəyin qarşısında durmaq istəmir, hər şeyi yaddan çıxarırlar. Boy-boy hündürmərtəbəli binalar tikirlər ki, onların da keyfiyyəti yoxdur. Bakının tarixi binalarının da yavaş-yavaş axırına çıxdılar. İndi otaqları kiçik binalar tikilir. Özlərindən başqa heç kimi görmək istəmirlər. Təəssüflər olsun ki, bunlara “dayan, dur” deyən yoxdur. Bunlardan nə torpaq dərdi çəkən olacaq, nə də Bakının qeydinə qalan. Əgər onlara ümid eləsək. O, ”kapitalist”lərə ümid eləsək, hər şeydən məhrum olacağıq. Bakının özünəməxsus siması vardı ki, onu itirdilər. O simanı itirməklə, öz simalarını da itirmiş oldular. Binaları bu günə salan, hündür mərtəbəli tikililər ucaldanlar, binanı binanın qarnında tikən, uşaqların istirahəti üçün kiçik də olsa, meydan verməyən, əyləncə tapmadığından uşaqları maşınlar altına salanlara “dur” deməsək, bundan betər olacaq”.

Müğənninin sözlərinə görə, bundan sonra Bakının əvvəlki simasını bərpa etmək mümkünsüzdür: “Sadəcə buna iradəli söz demək lazımdır. İndi 20-30 mərtəbəli binalar tikilir. Kim onları sökəcək, əvvəlkiləri necə qaytaracaqlar? Əgər binanın qarnında bina tikilirsə buna nə ad verək? İki balaca küçə arasında azı 25 metr məsafə lazımdır. Bir binanın, evin ortasında durub, o biri binanın ortasını görürsənsə, bu düzələr? Bunların qeyrəti hardadır? İndi də Bakı haqqında min dənə mahnı yazmaq olar. Bakıdan Bakılıq qalıbsa, əgər...“.

 

Alçina Amilqızı

Cebhe.info

 

06:03