Tiflisdə həbs olunan reperlərə dəstək aksiyası keçirildi

 

Minlərlə insan söz azadlığının məhdudlaşdırılmasına qarşı çox sərt şəkildə mövqe sərgilədi

Gürcüstanın başkəndi Tiflisdə parlament binası yaxınlığında həbs olunmuş “Birja mafiya” rep-duetinə dəstək məqsədilə iri miqyaslı aksiya keçirilib. 21 yaşlı Qiorqiy Keburiya və 28 yaşlı Mişka Mqaloblişvili 6 iyun tarixində böyük həcmdə psixotrop narkotiklərin saxlanılması ittihamı ilə həbs olunublar. Onlar öz növbəsində üstlərində narkotiklərin olmadığını bildirir və iddia edirlər ki, həbslərinin əsl səbəbi polisin şarjı əks olunan videoklipdir – polis müvafiq uniformada, boynunda xalta, ağzında sümüklə it pozasında durub.

Saat 19:00-da Rustaveli Metro Stansiyası yaxınlığında “Daha nələr baş verməlidir?” adı altında həbs olunanlara həmrəylik aksiyası keçirildi. Aksiya iştirakçıları parlamentə doğru yürüş etdi. Onlar söz azadlığının məhdudlaşdırılmasına qarşı etiraz ediblər.

“Xalqla müharibəni dayandırın”

“Zorakılığa yol verən polis – qudurmuş it”

“DİN-in özbaşınalığına son qoyulsun”

“Biz müharibəni udacağıq”

“Musiqi cinayət deyil”

Aksiya iştirakçıları bu şüarlarla çıxış etdilər. Aksiyada minlərlə insan, əsasən də gənclər iştirak edib. Aksiya çoxsaylı olduğuna görə, hətta polis Rustaveli prospektində avtomobil hərəkatını dayandırmalı olub. Aksiya iştirakçılarını nə üstlərinə tökülən leysan və dolu, nə də düşən qaranlıq qorxutdu – niyəsə dünən şəhər təsərrüfatı işçiləri Tiflisin mərkəzində küçə işıqlarını yandırmadılar. Etirazçılar zil qaranlıqda ətrafı azca da olsun işıqlandırmaq üçün öz mobil telefonlarını yandırıb, başlarının üstündə tutmalı oldular. Yandırılmış mobil telefonlarla çəkilən fotolar çox effektli alındı.

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

09:11