Tiflisdə gənc azərbaycanlı rəssam Fidan Əliyevanın fərdi sərgisi açılıb

 

Gürcüstanın başkəndi Tifilisdəki Mirzə Fətəli Axundzadə adına İncəsənət Qalereyasında gənc azərbaycanlı rəssam Fidan Əliyevanın “Göy Qurşağının bütün rəngləri” fərdi sərgisi açılıb. Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə açılan sərgidə Türkiyənin, Belarusun səfirləri, diplomatlar, Gürcüstan parlamentinin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

M.F.Axundzadə adına İncəsənət Qalereyasının direktoru Arçil Bezanişvili çıxış edərək rəssam F.Əliyevanın yaradıcılığından söz açıb. O, bu cür tədbirlərin xalqlarımız arasındakı münasibətlərin daha da dərinləşməsində mühüm rol oynadığını bildirib. Sərginin Gürcüstanda keçirilən ənənəvi “Tbilisoba” bayramı ərəfəsində təşkil olunmasını əlamətdar hadisə adlandırıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov gələcəkdə Fidan Əliyevanın daha böyük uğurları olacağına və onun əsərlərinin dünyanın böyük şəhərlərində sərgilənəcəyinə inamını ifadə edib. Sonra Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü, “Azərbaycan-Gürcüstan Mədəniyyətlərarası Dialoq Assosiasiyası”nın prezidenti Valeri Asatiani və başqaları çıxış edərək gənc azərbaycanlı rəssamı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

F.Əliyeva çıxışında Tiflisdə ilk sərgisinin keçirildiyini deyib. O, sərginin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkür edib. Belarusun Gürcüstandakı səfiri Mixail Mityakov jurnalistlərə müsahibəsində deyib ki, gənc azərbaycanlı rəssamın Tiflisdə sərgisinin açılması böyük hadisədir. Azərbaycanın gənc istedadlı rəssamları var, Fidan Əliyeva da onlardan biridir. İnanıram ki, F.Əliyevanın əsərləri digər şəhərlərdə də sərgilənəcək.

“Bu cür tədbirlər ölkələr arasında mədəni əlaqələrin genişlənməsində mühüm əhəmiyyət kəsb edir”, – deyə diplomat vurğulayıb.

Türkiyənin səfiri Zəki Ləvənt Gümrükçü isə bildirib ki, Azərbaycan mədəniyyəti Fidan Əliyeva kimi gənclərin əməyi nəticəsində daha da tanınacaq. Diplomat deyib: “F.Əliyevanın əsərlərində təbiətin gözəllikləri rənglərin dili ilə tamaşaçılara çatdırılıb. Bu əsərlər həqiqətən də göy qurşağının bütün rənglərini, gözəlliklərini əks etdirir”.
Qeyd edək ki, sərgi oktyabrın 8-dək davam edəcək.

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

11:55