Tiflis Dram Teatrında azərbaycanlı rejissorun tamaşası oynanılıb

 

 

Gürcüstanın başkəndi Tiflisdə fəaliyyət göstərən Dövlət Azərbaycan Dram Teatrında bu mədəniyyət ocağının rejissoru Turqay Vəlizadənin Anton Çexovun “Ayı” əsəri əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın təqdimatı olub.

Tamaşanın süjet xəttini Smirnov adlı mülkədardan pul almış Popovlar ailəsinin sonradan borcunu qaytara bilməməsi, mülkədarla bu ailə arasındakı münasibətlər təşkil edir. Atasının vəfatından sonra mülkədardan aldıqları pulu qaytara bilməyən gənc qız Elena Popova müxtəlif bəhanələrlə Smirnovun təqiblərindən qaçır. Bu işdə ona qulluqçu Luka çox kömək edir. Lakin sonradan Smirnovun Elenaya aşiq olması vəziyyəti tam dəyişir. Məhəbbətin qalib gəldiyi tamaşa xoş sonluqla başa çatır.

Tamaşada əsas rolları Tiflis Rus Dram Teatrının aktyorları Tamar Dubixidze, Dmitri Nabaxia və Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının aktyoru Aslan Məmmədov oynayıblar. Tamaşa alqışlarla qarşılanıb.

Qeyd edək ki, Turqay Vəlizadə Şota Rustaveli adına Tiflis Dövlət Teatr və Kino Universitetinin rejissorluq ixtisası üzrə magistr dərəcəsi alan ilk azərbaycanlıdır. “Ayı” tamaşası da onun magistr dərəcəsi üzrə diplom işi olub. T.Vəlizadə yaxın vaxtlarda Azərbaycan Türkcəsində yeni tamaşalar hazırlayacağını bildirib.

 

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

09:31