Tiflis Apellyasiya Məhkəməsi azərbaycanlı keçmiş fəalın oturumunu ləğv edib

 

Məhkəmə qərarına əsasən, Daşqın Ağalarlı bundan sonra Gürcüstan ərazisində 1ay müddətində qala bilər. Martın 21-də Tbilisi Apellyasiya Məhkəməsi azərbaycanlı keçmiş fəal Daşqın Ağalarlının oturumunu ləğv edib. D.Ağalarlıya bu hüququ Tiflis şəhər Məhkəməsi vermişdi. Apellyasiya Məhkəməsi isə həmin qərarı ləğv edib.

Azadlıq Radiosunun məlumatına görə bu barədə Gürcüstanda yaşayan siyasi fəal Əfqan Muxtarlı bilgi verib. Onun bildirdiyinə görə, məhkəmədə qarşı tərəf qərarın ləğv edilməsindən ötrü yetərli hüquqi dəlillər göstərə bilməyib. Məhkəmə qərarına əsasən, D.Ağalarlı bundan sonra Gürcüstan ərazisində 1 ay qala bilər. Ardınca ölkəni tərk etməlidir. Əks halda o, deportasiya olunacaq.

Ə.Muxtarlının sözlrinə görə, bu müddət ərzində BMT-nin qaçqınlarla işləyən qurumları məsələni diqqətdə saxlamalıdır. Çox güman ki, D.Ağalarlı başqa bir ölkəyə ötürüləcək.

Müxalif fəal D.Ağalarlı 2014-cü il martın 3-də Türkiyədən Gürcüstana keçərkən Batumidə İnterpol xətti ilə saxlanmışdı. Gürcü tərəfi onu əvvəlcə Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil vermək istəyirdi. Azərbaycanın hüquq mühafizə qurumları müxalifətçinin 4500 avro vergi borcunun olmasını əsas göstərərək onu İnterpol xəttilə axtarışa vermişdi. D.Ağalarlı 6 ay Tbilisi təcridxanasında saxlanmışdı. Ancaq Tbilisi şəhər Məhkəməsi Azərbaycan tərəfinin rəsmi ittihamlarını təsdiqləmədiyindən, o, azadlığa buraxılmışdı.

Daşqın Ağalarlının 48 yaşı var, iki övlad atasıdır. Azərbaycanda 1988-ci ildə başlanılan  milli azadlıq hərəkatının fəallarından biri kimi tanınıb. O, 1992-ci ildə Əbülfəz Elçibəyin hakimiyyəti dövrü Yanacaq Komitəsi sədrinin birinci müavini təyin olunub. 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyəti devriləndən sonra tutduğu vəzifədən gedib, qısa müddətə saxlanaraq, sərbəst buraxılıb. Sonrakı illərdə Müsavat partiyasının üzvü kimi fəaliyyət göstərib.

Britaniyada yerləşən Foreign Policy Center – Xarici Siyasət Mərkəzi adlı müstəqil beyin mərkəzinin 2016-cı ildə açıqlanmış hesabatında da D.Ağalarlının başına gələnlərə yer verilmişdi. Təşkilatın hesabatında müxalifətçinin siyasi baxışlarından dolayı təqib edildiyi bildirilirdi. Azərbaycan rəsmiləri D.Ağalarlı ilə bağlı rəsmi açıqlama verməyiblər.
 

Amerikaninsesi.org

11:52