Tifisdə gənclərimizin gürcücə hazırladığı tamaşanın premyerası uğurla baş tutub

 

Gürcüstanın başkəndi Tiflisdə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinın hazırlıq korpusunun akt zalında gender bərabərliyi mövzusunda “Məni Bağışla” adlı tamaşanın premyerası keçirilib. TSU-nun Gənclər Mərkəzinin dəstəyilə baş tutan tamaşada rolları adıçəkilən ali məktəbin və Tiflisdəki digər universitetlərin tələbələri ifa ediblər.

Gənc aktyor Anar Rafiqoğlunun ssenari müəllifi və rejissoru olduğu “Məni Bağışla” tamaşasında cəmiyyətdə qadın və kişinin eynihüquqlu olduğuna dair əsas məsələ ilə yanaşı, bir çox incə mətləblərə də toxunulmuşdur. Tamaşanın əsas özəlliklərindən biri də ondan ibarətdir ki, rejissor və aktyor heyətinin hamısı azərbaycanlı olsa da, əsər gürcü dilində səhnələşdirilmişdir. Öz rollarını yüksək səviyyədə ifa edən tələbə aktyorlarımız - Leyla Əkbərova, Rabil İsmayılov, Məndər Sərdarov və Şənhəyat Sadıqova səhnədə ilk dəfə çıxış etmələrinə baxmayaraq, tamaşaçıların böyük rəğbətini qazanmış, dəfələrlə alqışlanmışlar.

“Barış və Vətəndaş Bərabərliyi Məsələləri Üzrə Dövlət Nazirliyi”nin Borçalı (Kvemo-Kartli) vilayəti üzrə nümayənədəsi Zaur Darğallı saytımıza müsahibəsi zamanı qeyd edib: “Bu günki hadisə bir çox cəhətdən sevindiricidir, çünki bu gün bizdə həm gender, həm də inteqrasiya problemi mövcuddur, yeni nəsil göstərir ki, onlar bir çox problemlərin həllində maraqlıdırlar və dövlət dilini də böyük həvəslə öyrənirlər”.

“Avropalı-Gürcüstan Partiyası”nın üzvü Əhməd İmamquliyev isə: “Çox sevindirici bir haldır ki, gənclərimiz cəmiyyətdə rastlaşdığımız problemləri üzə və səhnəyə çıxardaraq, bunu cəmiyyətə hiss etdirilər” – deyə, saytımıza bildirib.

Tamaşanın sonunda gələn qonaqlar, Anar Rafiqoğluna və aktyor heyətinə öz xoş təəssüratlarını çatdıraraq uğurlar arzulamaqla bərabər, gələcəkdə onlardan buna bənzər tamaşalar gözlədiklərini dilə gətiriblər. Sonda Anar Rafiqoğlu qeyd edib ki, tamaşanı Tiflis Dövlət Universiteti ilə birgə bir neçə beynalxalq təşkilat da dəstəkləyib.

Naira Paşayeva
Gürcüstan, Tiflis

 

06:41