Testin ləğvinə “hazırlıq”: Universitetlərə yeni qaydalarla qəbula yol açıldı

 

Milli Məclisin iclasında “Təhsil haqqında” qanunda dəyişiklik müzakirə ediləərk qəbul olunub. Dəyişikliklərin əsas məqsədi ölkənin ali təhsil müəssisələrində və ixtisaslar üzrə bakalavriat səviyyəsində bir illik hazırlıq qruplarının təşkilidir. Dəyişikliklərə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar.

Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Beləliklə, həm bakalavriat səviyyəsində hazırlıq qrupları yaradılacaq, həm də müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul qaydaları, o cümlədən, tədrisin təşkili təmin olunacaq. Hazırlıq qrupları yaradılarkən müəyyən təcrübədən istifadə edilməli, onlar yüksək səviyyədə təşkil olunmalıdır.

Qeyd edək ki, hazırlıq kurslarının ödənişli olması nəzərdə tutulur. Hesab edilir ki, hazırlıq qruplarının yaradılmasında məqsəd xarici ölkələrə gedən gənclərin axınının qarşısının alınmasıdır. Amma bu məsələdə bəzi müəmmalar qalır ki, rəsmi qurumlarla yanaşı, müstəqil ekspertlər də buna hər hansı əsaslandırma gətirə bilmirlər. Nəzərdə tutulan dəyişikliyə görə ikili qəbul formasından istifadə olunacaq. Yəni, əksəriyyət şagirdlər gecə-gündüz oxuyaraq, repititor yanına gedərək universitetə daxil olmaq şansını qazanacaq. Əksəriyyət isə sadə şəkillə, yəni hazırlıq kursuna ödəniş həyata keçirməklə universitetə daxil olmaq fürsəti qazanacaq. İldən ilə hazırlıq kursuna daxil olanları sayı artacaq. Bu isə təhsilsizlik problemi ilə yanaşı təhsilli işsizlər və savadsızlar ordusunun yaranmasına rəvac verəcək. Bildirilir ki, hazırlıq kursu keçənlər universitetin daxili imtahanından keçərək qəbul olunacaqlar. O zaman sual yaranır - daxili imtahanın şəffaf təmin olunacağına qarantiya varmı? Nəticədə hazırlıq kursu keçənlər daxil olmaq istədikləri universitetə kifayət qədər ödəniş ödəyəcəklərsə, daxili imtahandan yüzdəyüz keçə bilmək imkanları yaradılacaq. Təbii ki, bu məsələdə rüşvət faktorunun da rol oynayacağı ehtimalı böyükdür.

Xatırladaq ki, 1992-ci ildə ilk dəfə Azərbaycanda ali məktəblərə test üsulu ilə qəbul aparıldı. Həmin ildən tələbə qəbulunda rüşvətə son qoyuldu. Hətta həmin illərdə təhsil naziri işləmiş Firudin Cəlilov da bildirmişdi ki, test üsulu ali məktəblərə qəbulda rüşvət, tapşırıq kimi bir çox halların qarşısını ala bildi. Bu baxımdan sözügedən hazırlıq kurslarına qəbulu “keçmişə qayıdış” kimi dəyərləndirmək olar.

Bəzi ekspertlərin fikrincə, hazırlıq qruplarında təhsil alan tələbələr bir ildən sonra yenidən qəbul imtahanlarında iştirak edəcək və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali məktəblərə qəbul olacaqlar. Çünki hazırlıq qruplarında təhsil almaq hansısa hüquqi qüvvəyə malik deyil. Bu dünya təcrübəsində də mövcuddur. Bu hazırlıq qruplarında təhsil alan tələbələr 1 il sonra qəbul imtahanlarında iştirak edib həmin universitetlərə qəbul olsalar, ikinci kursdan dərsə başlamalıdırlar. Bunu zəruri edən amil son illər universitetlərə qəbulun aşağı düşməsi və universitetlərin gəlirlərdən məhrum olmasıdır. Onu da əlavə edək ki, hazırlıq qruplarında oxuyanların qəbul imtahanlarında iştirak edəcəkləri adıçəkilən layihədə qeyd olunmayıb. Konkret desək, bu məsələdə bəzi ziddiyyətlər mövcuddur. Bəzi müəmmalı məqamlara isə Təhsil Nazirliyi tərəfindən yaxın günlərdə aydınlıq gətiriləcək.

Alçina Amilqızı

Cebhe.info

 

09:34