Terrorçu bilavasitə İŞİD-dən göstərişlər alırmış

 

Almaniyada çıxan “Der Spiegel” jurnalının bu gün verdiyi məlumata görə, 2016-cı ilin dekabr ayında Berlində terror aktı törətmiş tunisli Anis Amri öz hərəkətləri barədə göstərişləri birbaşa “İslam dövləti” terrorçu qruplaşmasının Əbu Bəraa əl-İraqi adlı üzvündən alırmış.

 

Nəşrdə bildirilir ki, əl-İraqi silahlıların xaricdə keçirdiyi əməliyyatların təşkili ilə məşğul olur. Əl-İraqi Almaniyanın xüsusi xidmətlərinə xaricdən qaçqın adı ilə gəlmiş terrorçular barədə başqa işlər üzrə də tanışdır. “Der Spiegel” jurnalında qeyd edilir ki, Almaniyanın hakimiyyət orqanları müvafiq informasiyanı hələ yanvarın 8-də BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) hüquq-mühafizə orqanlarından alıblar və bu informasiyanı indi yoxlayırlar. Xatırladaq ki, Anis Amri 2016-cı il dekabrın 19-da yük maşınını qaçırıb və onu Berlinin mərkəzində Milad bazarında toplaşmış adamların üstünə sürüb. Həmin terror aktı nəticəsində 12 nəfər ölüb, təxminən 50 nəfər yaralanıb. Amri barəsində beynəlxalq axtarış elan edilib və dekabrın 23-də o, Milanda polis işçiləri tərəfindən öldürülüb. Sonradan məlum olub ki, Amri ictimai təhlükəsizliyə potensial təhdid mənbəyi kimi Almaniya polisinin diqqət mərkəzində olub.

Xudaferin.eu
“Avropa Bürosu”

06:03