Terror addım-addım yaxınlaşır

Altay Göyüşov: “Müsəlmanlar onları gələcəyə apara biləcək çıxış yolunu keçmişə qayıtmaqda görürlər”

Dekabrın 31-də İstanbulun “Reina” gecə klubundakı yeni il şənliyinin qırğızıstanlı terrorçu tərəfindən gülləbaran edilməsi diqqəti Mərkəzi Asiyada radikal islamçılığın artması səbəblərinə yönəldib. Xəbər verildiyi kimi, 39 nəfəri qətlə yetirən, 69 nəfəri yaralayan Qırğızıstan vətəndaşı Abdülqadir Maşaripov yanvarın 17-də Sarıyurtda İstanbul polisi tərəfindən saxlanılıb. O, gecə klubunda terror aktı törətdiyini etiraf edib. Abdülqadiqir Xorasani kod adlı Abdülqadir Maşaripov Əfqanıstan ərazisində hərbi təlim keçdiyini və Özbəkistandan keçməklə Türkiyəyə gəldiyini deyib. Onun İŞİD üzvü olması siyasi müşahidəçilər tərəfindən Mərkəzi Asiya regionunda adıçəkilən terrorçu təşkilatın fəaliyyətinin genişlənməsi kimi qiymətləndirilir.
Ekspertlərin fikrincə, Mərkəzi Asiyada radikal islamçılığın yayılması bir neçə səbəblə izah edilə bilər. İlk növbədə bu regiondakı müsəlman ölkələrində avtoritar rejimlərin mövcudluğu insanların siyasi islama meyllənməsinə əsas yaradır. İkincisi, bu dövlətlərin Əfqanıstanla həmsərhəd olması terrorizmin bölgəyə yayılmasına şərait yaradır. Üçüncüsü, Mərkəzi Asiyanın Yaxın Şərqlə Əfqanıstan arasında tranzit məkan olması bu regionda terorizmin inkişafına təkan verir. Bu yaxınlarda Qırğızıstan dövlət orqanlarının yaydığı rəsmi statistikaya əsasən hazırda Suriyada 500 nəfər qırğızın döyüşdüyü qeyd olunmuşdu.
Mərkəzi Asiya ölkələri üzrə mütəxəssis Altay Göyüşovun sözlərinə görə, radikal islamçılığın və terrorizmin yayılması bir neçə amillə izah oluna bilər. Lakin əsas səbəb müsəlman dünyasının inkişaf səviyyəsinə görə, Qərb dünyasından geri qalmasıdır: “Yalnız Qərb dövlətləri deyil, hətta Yaponiya, Cənubi Koreya kimi dövlətlərlə müqayisədə irəli gedir. Müsəlman dünyası mövcud vəziyyətdən çıxmağın yolunu tapa bilmir. Bunun iki başlıca ideoloji səbəbi var. Əvvəla, müsəlmanlar düşdükləri durumu özlərinin geridə qalmağında deyil, başqalarının onları bu vəziyyətə salmasında görürlər. İkincisi, müsəlmanlar onları gələcəyə apara biləcək çıxış yolunu keçmişə qayıtmaqda görürlər. Halbuki, nəticəni səbəb kimi görmək çıxış yolu deyil. XVIII əsrin sonu, XIX əsrin əvvəllərindən indiyə qədər müsəlman dünyası sanki bir dairənin içərisində qalıb və fırlanır, çıxış yolu tapa bilmir. Bu da müxtəlif terrorçu təşkilatların fəaliyyətinin timsalında özünü büruzə verir. Bunun İŞİD və ya “Əl-Qaidə” olmasının fərqi yoxdur. Amma bunun konkret olaraq belə güclü püskürməsinin səbəbi Suriyada və İraqda baş verən hadisələrlə bağlı boşluğun yaranması olub. Yaxın və Orta Şərqdə avtoritar rejimlər mövcud idi və bu diktaturalar sabitliyin təminatçısı kimi qəbul edilirdi. Əslində isə həmin avtoritarizmlər belə radikal hərəkatların törəməsi üçün şərait yaradırdı. Uzun müddət həmin ölkələrdə vətəndaş cəmiyyəti, dünyəvi müxalifət sıradan çıxarıldı. Nəticədə sıradan çıxarılmış dünyəvi, liberal-demokratik müxalifətin boş qalan yerini dini hərəkatların meydana çıxmasına səbəb oldu. İstər Qəddafi rejimi olsun, istər Səddam Hüseyn, və yaxud Bəşər Əsədin diktaturasının çökməsi ilə həmin radikal dini və silahlı birləşmələr siyasi partlayışla üzə çıxdı. Yəni müəyyən siyasi vakuumun yaranması həmin terrorçu qrupların bir yerə toplanması və fəallaşmasına kömək etdi”.
Altay Göyüşov onu da bildirdi ki, Yaxın və Orta Şərqdə müşahidə olunan dini terrorizmin Mərkəzi Asiyada da təkrarlanması ehtimalı var: “Hesab edirəm ki, bu, xüsusilə Özbəkistanda daha çox ola bilər. Çünki Özbəkistanda dini hərəkat həmişə güclü olub. Keçən il Qazaxıstanda terror aktları olmuşdu. Bu proseslər Qırğızıstana da yayılır. Yəni avtoritarizm qaldıqca, dünyəvi, demokratik müxalifətin fəaliyyətinə şərait yaradılmadıqca, bunun təsir imkanları artacaq. Məncə, Türkiyədəki terror aktının Qırğızıstandan qaynaqlanması sadəcə, bir nümunədir. Bu nöqteyi-nəzərdən Qazaxıstan Mərkəzi Asiya ölkələri ilə müqayisədə inkişaf etdiyi üçün orada radikalizmin genişlənməsi təhlükəsi Qırğızıstandan da, Özbəkistandan da Tacikistandan da az deyil”.

Müşfiq Abdulla
Cebhe.info

18:08