Tehranda Azərbaycan Türkləri milli koalisiyalarını yaratdılar

 

İran mollakratiya rejiminin başkəndi Tehranda yaşayan Azərbaycan Türkləri Şəhər Şurası seçkilərində “Birlik səsi” adlı koalisiya yaradıblar. Bununla yanaşı, koalisiya yaradan soydaşlarımız bəyanat yayaraq, Tehran seçkilərində 6 namizədə dəstək verəcəklərini açıqlayıblar.

Bəyanatda deyilir: “Tehran bizim şəhərimiz və evimizdir. Burada müxtəlif qövmlər yaşadığı üçün onu kiçik bir İran da adlandırmaq olar, lakin bu şəhərdə müxtəlif qövmlərin kimliyi o qədər də əks olunmur. Biz Türk Kültürü və kimliyinin qorunması uğrunda fəaliyyət aparan ictimai-mədəni icmalarla məsləhətləşdikdən sonra aşağıda qeyd olunan tələbləri irəli sürərək məsuliyyətli və bacarıqlı namizədləri dəstəkləməyə qərar verdik:

1. Tehranda bəzi mədəniyyət evləri qövmlərə aid mərasimlər üçün istifadəyə verilsin;

2. Mirzə Həsən Rüşdiyyə, Doktor Cavad Heyət, Tacmah Afaquddolə və s. kimi Azərbaycanı Türklərinin ünlü şəxsiyyətlərinin adları xiyaban və meydanlara verilsin;

3. Azadlıq yolunda şəhid olanların məzarlarına diqqət yetirilsin və Milli Sərdar Səttarxan və Şeyx Məhəmməd Xiyabanının xatirəsinə onlara layiq abidə qoyulsun;

4. Tehranda yaşayan qövmlərin kimliyinin gücləndirilməsi istiqamətində onların yaşadığı məntəqələrdə Türk nişan və adlarından daha çox istifadə olunsun;

5. Azərbaycanl Türklərinin sayı Tehranda digər xalqlardan daha çox və üstün olduğu üçün mədəniyyət evlərinin birinə “Azərbaycan” adı verilsin;

6. Mədəniyyət və kimlik çeşidliliyini nəzərə alaraq Tehranın müxtəlif məntəqələrində yerli Şura və Bələdiyyə İdarələrinin səlahiyyəti artırılsın;

7. Kolisiyanın Tehran əhalisi, xüsusilə də Azərbaycan Türklərinin müraciəti üçün birgə ofisi yaradılsın”.

Qeyd edək ki, “Birlik səsi” koalisiyasının dəstəklədiyi namizədlər bunlardır: Mühəndis Əli Məhəmmədi Qəribani, Doktor Əhməd Həkimipur, Xanım Şəhrəbanu Əmani, Doktor Babək Neqahdar və Höccətul-İslam Əbdul Moqim Nasehi. Onu da əlavə etmək gərəkdir ki, son illərdə Tehran şəhərinin 15 milyonluq əhalisinin yarısının Azərbaycan Türklərinin olması artıq rəsmi çevrələrdə də etiraf olunmaqdadır. Bununla yanaşı, Azərbaycan Türkləri öz milli kimliklərini gəlişdirmək yönündə bir sıra uğurlu addımlar atmışlar. Bu, “Azərbaycan Aşıqlar Birliyi”, “Azərbaycan Yazarlar Birliyi”, “Azərbaycan Aydınlar Birliyi” və başqa ictimai qurumlardır. Bununla yanaşı, soydaşlarımız milli düşüncə sisteminin daha da gəlişdirilməsi üçün kültür mərkəzləri yaratmaqla bir sıra başarılara imza atıblar. Güney Azərbaycana məxsus futbol, voleybol və digər idman klublarının ölkə çempionatı ərəfəsində Tehran keçirdikləri görüşlərdə soydaşlarımız məhz bu takımlara azərkeş olaraq dəstək verirlər.

Xudaferin.eu
Güney Azərbaycan, “Tehran Bürosu” 

 

09:12