Tehran mollakratlarından Bakıya təhlükə

Özünü dünya müsəlmanlarının dini lideri adlandıran və “İslam Respublikası” kimi tanıtmağa çalışan Tehran mollakratiya rejiminin əsas strateji hədəfi ifrat fars şovinizmi siyasətinin coğrafi hüdudlarını qurmaqdır. Bu hədəf  mollakrat rejiminin dünyadakı nüfuz dairəsi deməkdir. Fars şovinizminin “şiəlik”, “ələvilik”, “əliallailik”, “cəfərilik, “sabbahçılıq”, “hezbollahçılıq”  və başqa adlar altında apardığı dərin siyasi hədəfləridir. Özəlliklə “İndo aryans”, “Kürdüstan”, “Oseta”, “İran”, “Tolişestan”, “Afqanistan”, “Tocikston” konsepti bu prosesin strateji hədəfi hesab olunur. Coğrafi siyasət düsturu olaraq, digər xalqları “din boyunduruğu”nun altına almaq labirintli oyun qaydasıdır.

“İanə” taktikası və din pərdəsi

Tehran mollakratiya rejiminin Qafqazda və özəlliklə də Azərbaycan Respublikasındakı hədəflərini ifşa edən bir sıra sənədləri ötən saylarımızda yayınlamışdıq. “XUDAFƏRİN” dərgisinin internet versiyasının Tiflisdəki bürosuna daxil olan yeni bilgiləri ötən dəfəki yayınlarımızın davamı hesab etmək olar. Bu sənədlərdən aydın olur ki, 19 nəfər yerli dindara “ianə” verməklə onlardan necə istifadə olunur. Özünü “Dünya Müsəlmanları Ali Dini Şurası”nın lideri kimi sırıyan və İran mollakratiya rejiminin baş oliqarxı ayətullah Seyidəli Xamenəyinin Azərbaycandakı təmsilçisi  höccətülislam İbadullah Ocaqnəjad adlı din tüccarı nə kimi kələklərlə məşğul olur. “İanə” taktikasını qurmuş Ocaqnəjadın əsas strateji hədəflərinin pərdə arxası dəhşət saçır.
Mircəfər Eyyubov adlı birisi 2011-ci il 30 dekabr tarixində Tehrandan gəlmiş bu fırıldaqçı höccətülislama müraciət yazaraq “Qəyyumçu Ruhanilər İdarəsi”nin rəhbəri qismində onu tanıdğını və 3 min manat dəyərində yardım etməsini diləmişdir. Təbii olaraq həmin müraciət cavabsız qalmamış və dərhal “ianə” təslim edilmişdir.
Redaksiyamıza daxil sənədlərdən aydın olur ki, Azərbaycan vətəndaşı Əfzələddin Rəhimov “Qəyyumçu Ruhanilər İdarəsi”nin rəhbəri höccətülislam İbadulla Ocaqnəjada 2011-ci ilin aprel ayında “ianə” yardımı üçün müraciət etmiş və 300 manat verilmişdir. Həmin ilin iyun ayında dindar Mirxətai adlı birisinə 100 manat, Abbas Abbasova 200 manat, Hacı Həsən Novruzova1000 manat, Mirqiyas Təhməzova 1000 manat yardımlar olunub. Yerli dindarlara və inanclı vətəndaşlara edilən yardımlar öncələr Tehrandan gətirilmiş vəsaitlər hesabına başa gəlirdisə, son 15 ildə artıq buna ehtiyac qalmamışdır. İranın mollakratiya rejiminin Azərbaycanda qurmuş olduğu dini şəbəkəyə cəlb edilmiş dindarlar və inanclılar özləri də bilmədən bu prosesin iştirakçısına çevriliblər. Beləliklə “Qəyyumçu Ruhanilər İdarəsi” və höccətülislam statusu ilə İbadulla Ocaqnəjad adlı birisi və çağımızın “Şeyx Nəsrullah”ına çevrilmiş bu fırıldaqçı molla mövhumatçı düzənlə böyük bir şəbəkə yarada bilmiş, hətta onu idarə edənlərindən biri hesab olunur. Yerli vətəndaşların dini inanclarını istismar etmək azmış kimi, əldə etdiyi “ianələr”dən İranın Azərbaycandakı “cəsus şəbəkələri”ni beləcə maliyyələşdirir. Bütün bunlar Azərbaycan Respublikasının ən azından dini və mənəvi baxımdan işğalı deməkdir.

Mollakrat rejiminin hədəfləri

İranı 35 ildir idarə edən, qatı fars şovinizmi düsturunu din pərdəsinə bürüyən Tehran mollakrat rejimi özünün dini deyil, cəsus şəbəkələrinin coğrafiyasını genişləndirmək üçün Gürcüstanın başkəndi Tiflis də daxil olmaqla “Borçalı” sindromunu  yaratmağa müvəffəq olmuşdur. Faktiki olaraq, demokratiya və insan haqları azadlığı adı altında Demokratik Gürcüstan dövlətinin yaratdığı bütün imkanlardan yararlanmağa çalışır. Borçalının Marneuli, Qardabani, Dmanisi, Bolnisi rayonları, eləcə də Rustavi, Saqareco, Kaspi, Qori, Batumi bölgələri daxil olmaqla İran mollakrat rejimi geniş şəbəkələrini qurmuşdur. Din pərdəsi altında cəsus yuvaları yaratmışdır. Bu prosesdə Gürcüstanda İrana qol-qanad verən Ermənistandır. İrəvan Dövlət Universitetinin “Şərqşünaslıq” fakültəsi və kafedrasının əsas dayaq nöqtəsi “İranşünaslıq” bölümüdür. Bu mərkəzdə “İran-Ermənistan işbirliyinin Qafqaz masası” projeləri incələnir. Tehran mollkratiya rejiminin bu gün Gürcüstanda irəli sürdüyü bütün layihələr məhz Ermənistan üzərindən baş qaldırır. Bu yanaşım düzəninin arxa baxçası teoloji konseptlə deyil, farslar və ermənilərin tarixi köklərinin eyniliyi üzərində köklənmiş hədəflərə bağlıdır. Bütün bunlar azmış kimi, Tehran mollakrat rejimi Gürcüstanda çoxsaylı dini qurumlar yaratmaqla bu hədəflərini zamanı gəldiyində daha ifrat şəkildə ortaya qoymağı planlaşdırmışdır. Bunu duymamaq ən böyük naşılıqdır. Suriya, İraq, Somali, Sudan, Misir, Bəhreyn, Kuveyt, Qətər, Livan və digər dövlətlərdə “Qum”, “Məşhəd”, “Nəcəf”, “Şiraz”, “İsfəhan” və başqa mərkəzlərdə zamanla yetişdirilən siyasət düzəni bu gün dünya terrorizminin bir parçası hesab olunur. Beləliklə din pərdəsi altında bölgəsəl terror eyləmlərinin arxa baxçasının Tehran mollakrat rejiminin olması kimsəyə sirr deyil.

Yuyulan qafaların ardında duran hədəflər

Azərbaycanda “ianə” taktikası Tehran mollakratiya rejiminin başlıca hədəflərindən biri də “Qarabağ düyünü”nün çözümünün qarşısının alınmasıdır. 1992-ci ildə Azərbaycanın xüsusi xidmət orqanlarının Bakı şəhərindəki “Savalan” kino-teatrının yaxınlığında İran kəşfiyyatına məxsus xüsusi qrupu həbs edərkən Tehran rejiminin əsil siması da üzə çıxmışdı. Belə ki, AİP (Azərbaycan İslam Partiyası) tərəfindən Qarabağda cəbhə xətti boyunca yerləşdirilmiş şəbəkələr Azərbaycan Milli Ordusu haqqında xüsusi məlumatlar əldə edərək bu mərkəzə ötürürlüdü. Daha sonra isə, həmin məlumatlar toplusu Tehrana göndərilirdi. Oradan da bu bilgilər İrəvana göndərilirdi. Bu gün Tehran rejimi konkret hansısa partiya ilə deyil, çoxsaylı QHT sektoru ilə bütün bunları nəzarətə alıbdır. Bununla yanaşı, dini baxımdan inanclı vətəndaşlarımıza maddi dəstək verməklə uzaq strateji hədəflərinin zamanını gözləyir. Bütün bunlara “Qəyyumçu Ruhanilər İdarəsi” və höccətülislam İbadulla Ocaqnəjad rəhbərlik edir. 1995-1998-ci illər aralığında “Dünya Müsəlmanları Ali Dini Şurası”nın Türkiyənin başkəndi Ankaradakı təmsilçisi ayətullah Sabir Həmədaninin idarə etdiyi məscidin minarəsində yerləşdirilmiş xüsusi avadanlıqlar müsadirə olunan zaman ortaya çıxan və dəhşət saçan bilgilər o dönəmdə iki dövlət arasında az qala böyük savaşa səbəb olacaqdı. Din pərdəsi altında Tehran rejimi ölkəni qarışdırmaq, PKK və başqa terror təşkilatlarının vasitəsilə nələrə nail olmaq məsələsi Türkiyəni əməlli başlı hiddətləndirmişdi. Çünki, bu şəbəkələr “Qəyyumçu Ruhanilər İdarəsi” tərəfindən idarə olunurdu.            
 
Turqay Saburtala,
Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

 

11:59