Təbrizli sənətkar bir ilə "İlham-Fərizə" adlı xalça toxuyub

 

“20 Yanvar Cəmiyyəti”nin təşkilatçılığı ilə təbrizli xalçaçı-rəssam Səməd Təbrizlinin müəllifi olduğu "İlham-Fərizə" xalçası Bakıda təqdim olunub.

Cəmiyyətin sədri Sultan Əzimzadə bildirib ki, 20 yanvar 1990-cı ildə baş verən hadisələr Azərbaycanın xalqının tarixində oynadığı rol çox önəmlidir. Bu olay sadəcə Quzey Azərbaycan üçün deyil, həm də Güney Azərbaycan üçün qürur mənbəyi olan tarixi bir prosesdir. Ona görə ki, hər hansı bir millət o zaman öz istiqlalına qovuşması üçün bu ağır faciəli yolları keçməlidir.

Professor Nizaməddin Şəmsizadə bildirib ki, gələcək nəsillər Azərbaycan tarixinin nişanəsi kimi bu xalçanı muzeylərdə görəcək, sənət nümunəsi onların mənəvi tərbiyəsində böyük rol oynayacaq.

Xalçanın müəllifi sənət əsərini öz ailəsinin köməyi və yaxından dəstəyi ilə ərsəyə gətirdiyini bildirib və ailə üzvlərinin də təqdimatda iştirak etdiyini qeyd edib: ""İlham-Fərizə" xalçası üzərində uzun müddət iş gedib. Xalçanın rəssamlıq işi 3 ay, toxunması 7 ay çəkib. Toxunma zamanı 15 ədəd fərqli qayçıdan istifadə edilib ki, bu da xalçada toxunan rəsmlərin qabarıq forma alması üçün idi. Bu işə də 2 ay vaxt sərf edilib. Xalçanın toxunmasında 182 yun sap boyansa da, qarışdırılan rənglərlə birgə xalçada 230-dan çox rəngdən istifadə olunub. Uzun illər qalmasını təmin etmək üçün xalçanın ərişləri üçün ipəkdən istifadə olunub".

Qeyd edək ki, Təbrizli ustaların toxuduğu sənət əsərinin ölçüsü 1.05-1.55 metr, sıxlığı 73-dür. Xalçada 100 kvadrat santimetrdə 532 ilmə var. Bütün xalçada isə 8 yüz min ilmə yer alıb. Xalça yalnız İlhamla Fərizənin deyil, bütün şəhidlərin müqəddəs ruhuna ərmağan kimi təqdim edilib.

Xudaferin.eu

09:04