Təbrizdə Tehran rejiminin bəşəri cinayəti

XIII yüzillikdə Türk dövlət düzəninin ən böyük memarlıq abidələrinin İran islam rejimi siyasətinin tərkib hissəsi olaraq, aradan qaldırılması siyasəti rəsmiləşdirilməsinə  başlanılıb. Elxanlılar dövlətinin qüdrətli dövlət başçılarından biri olmuş Hülakü xanədanlığının ən böyük hökmdarlarından biri olan Əli Şah dönəmində inşa edilmiş bütün tarixi memarlıq abidələrinə qarşı total şəkildə hücumlar edilməkdədir. XIII yüzil dünya memarlıq abidələrinin ən nadir incisi olan Ərk Qalasının yerli-dibli sökülməsi prosesi bu gün Güney Azərbaycanın milli iftixarına qarşı soyqırım kimi qəbul etmək gərəkdir.

Tehran rejimi ilk öncə Ərk Qalasının yerində məscid tikmək bəhanəsini irəli sürmüş və bunun ardınca illər boyu yarıtikili durumda saxlanılan həmin məscidi sonradan uçurmuş və indi də Ərk Qalasını yox etməyə başlayıb.
Qeyd edək ki, Hülakülər dönəmində tarixdə ilk dəfə olaraq, farsların ideoloji və terror silahı olan “İsmaili” təriqətinə və “Ələmut şeyxliyi” siyasətinə qarşı dövlət səviyyəsində ən böyük sarsıdıcı zərbələr vurulub. Beləliklə də XVIII yüzilin sonlarına kimi, farsların dini-mistik və ideoloji sistemi də yox olmuşdur. XVIII yüzilin ortalarından başlayaraq, İngiltərə Orta Doğunun ən güclü Türk imperiyası olan Qacarlar dövlətini tamamilə diz üstə çökdürmək üçün, indi İran adlanan ərazilərdə şiə təlimini mövhumatla dolu olan bir düzənlə gündəmə gətirməklə Hindistan üzərindən bu sistemi qura bildi. Qacarlar imperiyası məhz bu dönəmlərdə daxildən çürüdülmüş duruma gətirilərək, 1925-ci ildə tamamilə məhv edildi. Bununla da gah “pəhləvilər sülaləsi”, gah da “islam inqilabı” adı altında Türkü inkar siyasəti dövlətin strateji hədəflərinə çevrilmişdir.
Ərk Qalası, əslində Orta Doğuda Türkün Azadlıq Qalası statusu ilə simvolik xarakter daşıyır. Güney Azərbaycanda nə zaman milli ruh yüksəlişi prosesi başlayırsa, dərhal Hülakü xanədanlığına məxsus olan tarixi abidələr ya yandırılır, ya da sökdürülür. Bu minvalla Ərk Qalasının sökülməsi prosesinə başlanılıb. Müşahidəçilərin fikrincə bu olayın ardından dünya mədəniyyətinin incisi olan Təbrizdəki “Göy Məscid”in də hansısa proje əsasında dağıdılması planlaşdırılıb. 

Xudaferin.az

12:19