Tavat Misirxanova ilə müsahibə

Gənc xanımların ictimai proseslərdə yaxından iştirak etməsi, sosiallaşması, hələ də problem olaraq qalmaqdadır. Bu problemin isə müxtəlif səbəbləri vardır. Səbəblər bəzən ailədən, bəzən mühitdən, bəzən isə fərdin özündən gəlir. Lakin toplumda elə xanımlar olur ki, onların sosiallaşmasına, ictimai proseslərə atılmasına heç bir maneə əngəl ola bilmir.

Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi Avrasiya Əməkdaşlıq Fondu ilə birlikdə ictimai fəaliyyətə başlamış gənc xanımlara dəstək vermək, onların bilik və bacarıqlarını artırmaq,  vəkilliklərini etmək üçün proqram həyata keçirməkdədir. Artıq proqramın yol xəritəsi üzrə müəyyən məsafə qət edilmişdir. Maraqlı görüşlər, təlimlər, müsahibələr keçirilmişdir. Bu günkü müsahibimiz isə `Yeni Nəsil Qadın Koalisiyası`nın üzvü Tavat Misirxanovadır.

- Tavat özünü oxucularımıza necə təqdim edərdin?.

-Tavat Misirxanova, aktivist, redaktor, BDU 4-cü kurs İlahiyyat fakültəsi tələbəsi, ixtisasca ərəb dili üzrə tərcüməçi.

- Redaktor dedin?

-Beynəlxalq Avrasiya Mətbuat Fondunda Ərəb dili şöbəsinin redaktoruyam.

- Maraqlıdır. Sən hələ ali təhsili başa vurmamısan, lakin sanki ixtisasın üzrə çalışırsan. Axı redaktor ciddi bir vəzifədir. Bundan ötrü müəyyən bir təcrübə məsafəsi keçmək lazımdır.

- Haqlısan. Mənim üçün də çox xoşdur, həm də məsuliyyətlidir ki, belə bir etimad qazanmışam. Əlbəttə, bu, birdən-birə olmadı. Bir xeyli əməkdaşlıq etdik, bu işi çox sevdim, radio çox cazibəli, sirli-sehirli bir aləmdir. Sən görmədiyin insanlara müraciət edirsən, onlar səni eşidir, dinləyir, bəzən çox maraqlı ünsiyyət yaranır. Bəzən elə doğmalaşırsan ki... daimi dinləyicilərin olur, sən onları gözləyirsən, onlar da səni gözləyir... bu izahedilməz bir aləmdi...

- Dedin ki, həm də fəalsan, ictimaiyyətçisən... ictimaiyyətçiyəm sözünü, eləcə də fəaliyyətini necə izah edərdin. İnsan ictimaiyyətçidirsə onun başqalarından fərqi nədir, səncə?

- Mürəkkəb sualdır. Başqalarından fərqimin nə olduğunu bilmirəm. Amma bilirəm ki, özüm üçün bir iş görəndə, bir nailiyyət əldə edəndə nə qədər məmnun oluramsa, başqalarına da dəstək olanda o qədər məmnun oluram. Həm də biryerdə çalışmağı sevirəm. Qrupumuzla biryerdə, birgə layihələrdə işləmək çox xoşuma gəlir. Xüsusilə, özümüzdən aşağı kurs tələbələri ilə, məktəblilərlə, diqqətə ehtiyacı olan şagirdlərlə işləməyi sevirəm. Hiss edirəm ki, belə işlərə həm vaxt ayıra bilirəm, yəni öz işlərimin qalaqlanıb qalması hesabına olmur, həm də bu kimi işlərdən zövq alıram. Uzun müddət  belə davam etdikdən sonra anladım ki, mənim xarakterim ictimaiyyətçi, aktivist xarakteridir.Və bu yolda da davam etməkdəyəm. Eləcə də müxtəlif təlimlərdə iştirak etməyə başladım. İctimai işlərlə məşğul olmaq zəruri biliklər tələb edir. Hazırda bu bilik və bacarıqlara yiyələnməklə də məşğulam. Çünki öyrənməsən öyrədə bilməzsən.

- Hazırda təlimlərdəsən, Qadınların Siyasi Mədəniyyət Mərkəzində təlim keçirsən. Bu təlimlər, görüşlər, bilik və bacarıqlar sənə nə vəd edir?

- Hazırda `Yeni Nəsil Qadın Koalisiyası`nda birləşmişik. 15 nəfərik. Dolğun bir proqramla işləyirik. Birinci mərhələdə ölkənin tanınmış ictimai xadimlərilə görüşlərimiz oldu. Onlar bizə öz təcrübələrindən, keçdikləri yoldan, nəzəri, praktik fəaliyyətlərindən danışdılar. Fikir mübadiləsi etdik, çoxsaylı suallarımıza cavab verdilər. İctimai fəaliyyətdə rast gəldikləri maneələrdən, o maneələri aşmaq üçün göstərdikləri cəhdlərdən danışdılar. Bunlar çox maraqlı, lazımlı təcrübələrdir. Sonra 2 günlük təlimlər başladı. Ən məşhur ekspertlərdən təlim aldıq. Onlarla ünsiyyətdə olduq. Suallarımıza cavab aldıq. Beləcə, proqram davam etməkdədir…

- Tərcüməçi kimi də fəaliyyət göstərdiyini dedin. Bu gün ərəb dilinə Azərbaycanda nə qədər ehtiyac var?

- Azərbaycanda bu gün ərəbşünaslar üçün yeni təcrübədə meydanı açılıb. İndi ölkəmizə heç olmadığı qədər ərəb turist gəlir. Bununla bağlı dövlətlər arası, xalqlar arası  münasibətlər də yeni müstəviyə çıxır.Bu sahə yeni qaydalarla işlənməli, yeni proqramlarla yürüdülməlidir. Dünya təcrübəsindən öyrənilməlidir. Təəssüf ki hələ ki nizamsız bir proses gedir. Amma əminəm ki, dəyişəcək, çünki istər-istəməz yeni dövrlə ayaqlaşmalıyıq, daha mədəni turizm, daha müasir əlaqə üslubları, internet resurslarından daha yaxşı istıfadə qaydaları tətbiq edilməlidir. Biz, indiki nəsil ərəbşünaslar bu yeni düzəndə iştirak etmək istəyirik. Bizi çox yaxına buraxmasalar da buna can atırıq və əminəm ki, bir gün bizim gücümüzü görəcək və faydalanacaqlar.

- Öz ixtisasınla  bağlı gələcəkdə daha nə planın var?

-Tərcümələr etmək istərdim, asan öyrənmə metodlarını öyrətmək istərdim. Bilirsən bundan ötrü küllü miqdarda öyrənmə vəsaiti var. Onların ən vacibləri, ən mükəmməlləri ölkəmizə gətirilməlidir. Bayaq dediyim kimi bu iş sistemli şəkildə, peşəkarca nizama salınmalıdır. Çünki Azərbaycan digər ölkələrlə olduğu kimi, ərəb ölkələri ilə də ikitərəfli əlaqələr qurur, bu əlaqələr ilk növbədə dildən, tərcümədən başlayır. Turistlər üçün kiçik tərcümə kitablarından tutmuş daha digər işlərə qədər hər şey gərək nizamlı olsun. Çünki bu dövlətlərarası və xalqlararası münasibətlərin ən ibtidaisidir.

- Tavat,biz sənin ixtisasın üzərindən, onun bu günki çətinliklərindən danışdıq. Sən bu cəmiyyətin bir vətəndaşısan. Və həm də qadınsan,bu cəmiyyətdə qadınların problemi deyəndə ən çox hansı problemlə qarşılaşırsan?

- Bizim cəmiyyətdə qadınlar üçün yetərincə problem var. Stereotiplər qalır, dəyişən bir ovuc toplum var, cəmiyyətin dərin qatları isə sanki hələ hava görməyib, işıqlanmayıb, oralarda hələ günəş doğmayıb. Çox qaranlıqdı. Bəzən elə hadisələrə rast gəlirik ki, nə gözlərimizə, nə qulaqlarımıza inanırıq. Kənd icmalarının, ailələrin münasibətləri bizim ölkədə çox müxtəlifdi. O qədər müxtəlif ki, bu fərqliliyin eyni ölkədə mövcud olmasına inana bilmirsən. Qadınların ifadə azadlığının ailə və mühit tərəfindən məhdudlaşdırılması, erkən nigahlar, selektiv abortlar... bütün bunlar acınacaqlıdır. Bütün bunlar bizdən tələb edir ki, fəal olmalıyıq, çox işləməliyik, cəhalətlə durmadan mübarizə aparmalıyıq. Mübarizə aparmağın yolları isə vurub dağıtmaqdan yox nizamlı çalışmaqdan keçir. Biz öz qrupumuzla birgə nizamlı çalışmağa çalışırıq.

- Sən ictimai fəaliyyətdə qadınlar üçün nə cür layihələr həyata keçirmək istəyirsən?

- Qadınların öz hüquqlarını bilməsi vacibdir. Maarifləndirmə proqramları bütün ölkəboyu çalışmalıdır. Televiziyalar, radiolar, mətbuat, qht-lər durmadan bu yöndə işləməlidirlər. Qadınlar təhsil almalıdırlar. İndi qızların təhsili yarımçıq buraxması kütləvi hall alıb. Bunun qarşısı alınmalıdır. Təhsili yarımçıq buraxmaq erkən nigah hallarını çoxaldıb. Bu yöndə ciddi iş görülməlidir. Erkən nigahlar selektiv abortların çoxalmasına da öz neqativ təsirini göstəriri. Hamısı bir-biri ilə bağlıdır. Böyük proqramlar həyata keçirilməlidir. Mən bu yöndə, ardıcıl, davamlı, nizamlı proqramlarda iştirak etmək istərdim. Pilot layihələrlə ictimai nailiyyət əldə etmək çətindir.

- Demək, qadınların cəmiyyətdə layiqli yer tutmasını, haqlarını almasını, daha yaxşı mühit və bərabər imkanlar əldə etməsini istəyirsən. Bunu əldə edəcəyimizə inanırsanmı?

- Əlbəttə, inanıram. Bilirəm ki, çalışmaqla hər şey əldə etmək olar. Çalışmaqla ən ağlagəlməz dəyişikliklərə nail olmaq olar. Çalışmamızın səmərəliliyinə, müsbətə aparacağına əmin olmalıyıq. Faydalı, ictimai əhəmiyyətli işlər görməliyik. Qadınlar daha çox aktiv olmalıdırlar. Yalnız ailənin nizamı ilə deyil, övladlarının yaşayış yeri olan ictimai həyatın da nizama düşməsi üçün ürəklə çalışmalıdırlar. Çünki ailədə hər şey yaxşıdırsa, lakin böyüyüb atıldığın mühit problemlər içində boğulursa sənin övladının günü xoş keçməyəcək. Bunu analar bilməlidir. Bunu bütün qadınlar bilməlidir. Qadınlar bilməlidirlər ki, onların övladlarının da, cəmiyyətlərinin də, ölkələrinin də yaxşı gələcəyi onların müasir, mədəni, təhsilli, qanun-qaydalı həyat uğrunda apardıqları mübarizədən asılıdır. Öz hüquqları və təhsilləri uğrunda apardıqları mübarizə qadına layiq olduğu yeri verə bilər.

- `Yeni Nəsil Qadın Koalisiyası`nın işini, bir yerdə çalışmaq imkanlarını  necə dəyərləndirirsən? Daha geniş imkanlar, daha çox çalışmalar üçübn nələr etmək lazımdır?

-İstərdim bu cür layihələr mərkəzdən, paytaxtdan uzaqlardakl regionlarda da həyata keçirilsin. Gənc qadınlar ölkəboyu müxtəlif istiqamətlər üzrə şəbəkələşsin. Internet üzərindən birgə fəaliyyətlərı başlasınlar. Əlaqələr davamlı və səmərəli olsun. Hədəflər aydın olsun. Hamımız bir yerdə nə istədiyimizi, hədəfimizin nə olduğunu, hansı taktikalarla fəaliyyət göstərəcəyimizi  aydın bilək. Və hədəfə doğru yürüyək.

- Yaşıdlarına nə məsləhət verə bilərsən?

-Aktiv olsunlar,çox öyrənsinlər, çox çalışsınlar, birgə çalışmağı vərdiş etsinlər, mövcud olan və maneəyə çevrilən qaydalara təslim olmasınlar.

 

Müsahibəni hazırladı: Şıxıyeva Salatın 

00:25