Tarif Şurasından “müjdə”: Metro, marşrut, vağzallarda qiymət qaldırmağa çalışır

Benzinin bahalaşması və kommunal xidmətlərin qiymətində artım ictimai nəqliyyatda gediş haqqını qaldırmağa vadar edir. Tarif Şurası yaxın vaxtlarda gecə saatlarında xalqa “müjdə” verəcək.  Bu “şad” xəbər yeraltı nəqliyyatda, marşrutlarda, o cümlədən dəmiryol vağzalında, avtovağzalda gediş haqlarının artırılması ilə müşayiət olunacaq.  Ölkədaxili istiqamətlərdə qatara biletin qalxacağını Dəmir Yolları QSC sədri Cavid Qurbanov da bildirmişdi. Qeyd etmişdi ki, elektrik enerjisinin bahalaşması onları bu addımı atmağa sövq edir. Eyni zamanda metroda, marşrut avtobuslarında, bölgələrə işləyən avtobuslarda gediş haqları rəsmən qaldırılacaq. Buna səbəb kimi devalvasiya, manatın dəyərdən düşməsi, ərzağın bahalaşması, kommunal qiymətlərin “ceyran belinə” qaldırılması, o cümlədən benzinin qiymətindəki yeni tariflərdir. Yaxın günlərdə Azərbaycanda şəhərdaxili avtobuslarda və metroda gediş haqları 50 faiz artırılaraq 30 qəpiyə çatdırıla bilər. Bu barə müraciətlərə Tarif (Qiymət) Şurasında baxılır və çox güman ki, yaxın günlərdə qərar elan ediləcək.

Metro və avtobuslarda vahid kart sisteminə keçildiyindən hər iki nəqliyyat növündə tariflərin eyni vaxtlarda artırılması planlaşdırılır.
2017-ci ilin dövlət büdcəsində Metropolitenin dotasiyası 22 faiz - 8 milyon manat azaldılıb. 36 milyon manatdan 28 milyon manata endirilib. Hələ büdcə müzakirləri zamanı ekspertlər dotasiyanın azalmasının qiymət artımına gətirib çıxaracağını proqnozlaşdırırdı. 2016-cı ildə Tarif Şurasının qərarı ilə əhaliyə satılan işıq, qaz və suyun tarifləri artırılıb. Həmçinin, Tarif Şurası da 2013-cü il dekabrın 3-də “Aİ-92″ markalı benzinin pərakəndə satış qiymətini hər litr üçün 70 qəpik müəyyənləşdirib.  Dizel yanacağının 1 litri isə 60 qəpikdən satılır. Bu növ benzinin və dizel yanacağında qiymət artımına gedəcəyi real görünür. Fevralın 1-dən Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib. Məlumata görə, “Aİ-95 Premium” markalı benzinin yeni qiyməti 1,15 AZN, “Super Aİ-98” markalı benzininki isə 1,20 AZN müəyyənləşib.” İdxal benzinin qiymətini artırmaqla yerli istehsalın bahalaşmasına zəmin yaradılır. Super markalı idxal benzinin qiyməti yerli istehsal olan dizel yanacağınızı qiymətindən 2 dəfə, A-92 markalı benzinin qiymətindən isə 1,71 dəfə yüksəkdir. Eyni zamanda manatın ucuzlaşması davam etdikcə bu fərq daha da yüksələcək. Bu isə yaxın zamanlarda inhisarçı şirkət tərəfindən istehsal etdiyi məhsulun qiymətinin artırılmaq məqsədilə Tarif Şurasına müraciəti üçün yeni əsaslar yaradır. Çünki inhisarçı şirkətin idxal benzinin bahalaşmasından sonra A-92 benzinə tələbatın artdığını əsas götürməklə, yerli istehsal olan A-92, Dizel, LPC markalı yanacağın qiymətini bahalaşdıracağı ehtimalı böyükdür.

Politika.Az

11:22