Tarif siyasətinin diktatından əl çəkmək lazımdır

 

Gürcüstan öz təbii resursları və insan potensialından uğurla istifadə edib təkcə bütün Qafqaz bölgəsinin turizm Məkkəsinə çevrilməyə can atmır, o, həm də Böyük İpək Yolunun bir hissəsi olmaq üçün konkret layihələr həyata keçirir. Söhbət bütün Asiyadan əmtəələri cəlb etmək üçün müasir dəmir yolu rabitəsinin yaradılması, dəniz infrastrukturunun gücləndirilməsindən gedir.

 

Artıq cari ilin noyabrında Gürcüstan yeni infrastruktur layihəsinin icrasına - Qara dənizdə yeni Anakliya limanının tikintisinə - başlamaq niyyətindədir. $586 mln. dəyərində tikintinin birinci mərhələsi limanının buraxılış gücünü ildə 8 mln. ton konteyner yükləri səviyyəsində təmin etməyi nəzərdə tutur. Dərinsulu Anakliya limanının yeni terminalı 2020-ci ildə istismara verilməlidir. Bu müddətə onun gücü ildə 20 mln. tona çatdırılmalıdır. Bu layihənin başa çatması ilə Gürcüstan hakimiyyəti Qərb və Asiya arasında konteyner daşımaları sahəsində öz ölkəsinin buraxıcılıq qabiliyyətini iki dəfə artırmaq fikrindədir. Bu barədə Qazaxıstanın Tiflisdə Fövqəladə və Səlahiyyətli Səfiri Yermuxambet Yertısbayev bu yaxınlarda keçirdiyi mətbuat konfransında bildirib.

Bu xəzəryanı neft respublikası hökumətinin Gürcüstanın nəqliyyat layihələrinə böyük maraq göstərməsi anlaşılandır: həyata keçirilən təşəbbüslər büdcəsinin əhəmiyyətli hissəsini Qazaxıstan investisiyaları təşkil edir. Təkcə onu demək kifayətdir ki, Batumi terminalının sahibi onu 2006-ci ildə $92 mln.-a 49 ilə icarəyə götürən "KazTransOyl" milli şirkətidir. Bu əməliyyat Qazaxıstanın əsas ixrac mallarının - neft və taxılı - Qara dəniz vasitəsilə Yaxın Şərq, Avropa bazarlarına birbaşa çıxarılmaşı imkanını əldə etmək zərurəti ilə şərtləndirılmişdi.

Fəqət Qazaxıstan- Gürcüstan əqdləri və birgə layihələrinin Azərbaycanla əlaqəsi varmı? Var, özü də bilavasitə. Bütün bu illər ərzində Qazaxıstandan neft və taxıl Gürcüstanın Qara dəniz terminallarına Azərbaycan ərazisindən daşınırdı və bu, yerli büdcəyə xeyli gəlir gətirirdi. Əmtəə - neft məhsulları və taxıl - tranzitnin həcmi ildə 6 mln. tona çatırdı. 2015-ci ilədək həmin göstərici eyni səviyyədə qalırdı, amma bu gün daşımaların sürəti azalıb. Bunun səbəbi odur ki, Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) işə salınıb və Qazaxıstan nefti Rusiya ərazisindən birbaşa dünya bazarlarına daşınır. Bu, nefti Xəzər ilə Azərbaycana və onun ərazisindən Gürcüstana aparmaq və Qara dənizdə yenidən boşaldıb yükləməkdən daha tez və ucuz başa gəlir. Ona görə də Astanada artıq gəlirsız olmuş Batumi limanı üzrə sazişdən çıxmaq və bu obyekti satmaq barədə qərara gəliblər. Həm də ki, yeni Anakliya limanı tikildiyi üçün bir neçə ildən sonra Batumi yalnız mülki gəmilərə xidmət göstərəcək və turizm mərkəzinə çevriləcəkdir.

Bunun digər, səfir Yertısbayevin jurnalistlərlə görüşündə diplomatik tərzdə toxunmadığı (və ya sükutla keçdiyi) səbəbi də vardır. Gürcüstan KİV-lərinin yazdığına görə, əsas problem bundan ibarətdir ki, Gürcüstana aparan yolun ondan keşdiyi Azərbaycan nəinki avtomobil, həm də dəmir yolu ilə daşımaları inhisara almaq istəyir. Azərbaycan tərəfinin birtərəfli qaydada qaldırdığı tariflər Gürcüstanın öz tranzit potensialından istifadəsi üzrə bütün səylərini heçə endirir. Ona görə də Qazaxıstanın Batumi layihənsindən çıxmasının zəruriliyi barədə səsləndirilmiş təklif praqmatik maraqlardan irəli gəlir.

Yeri gəlmişkən, bu mövzuya bu ilin sentyabrında Astanada keçirilmiş "KazEnergy" XI Avrasiya forumunda da toxunulub. Gürcüstanın energetika naziri İlya Eloşvili abctv.kz müxbirinin bütün Qafqaz dəhlizi üzrə vahid tarif qəbul edilməsi haqda Azərbaycanla razılaşmanın əldə olunması perspektivləri barədə sualına cavab verməkdə çətinlik çəkib.

"Biz yeni limanlar tikəcək, infrastruktur yaradacağıq. Vəziyyətin necə olacağını əvvəlcədən bilmək çətin olsa da, bunula belə, biz siyasi və iqtisadi konyukturun əlverişli olacağı həmin vaxta hazır olmalıyıq. Bundan başqa, söhbət yalnız Qazaxıstan yüklərinin tranzitindən deyil, həm də bütün Asiyadan - Çindən, Hindistandan... malların cəlb edilməsindən gedir. Gürcüstan Böyük İpək Yolunun bir hissəsi olmaq niyyətindədir", - deyə Eloşvili qeyd edib. Sayt yazır ki, lakin əgər gürcülər azərbaycanlılarla hətta anlaşa bilsələr də, onda da bu sazişlərin real surətdə icra olunacağına, tariflərin azalacağına heç bir zəmanət yoxdur.

Buradan belə bir nəticə çıxır: Azərbaycan öz inhisarçı iştahasını azaltmalı, dostluq etmək lazım olduğu qonşularına öz tarif siyasətini qəbul etdirməməlidir. Yoxsa təkcə Qazaxıstandan deyil, həm də Çindən, Hindistandan da olan mal axını ölkədən yan keçəcək və digər istiqamətlər üzrə Avropa bazarlarına çıxış tapacaqdır...
 

TURAN İA

 

12:02