Tapdıq Yolçunun sözündəki ruhun yolu

Çağdaş Azərbaycan ədəbiyyatında elə qələm ustadları var ki, şair və şəxsiyyət kimi onların sözünün və insanlığının qarşısında baş əyməyinə dəyər. Mən özəlliklə dörd insanın adını çəkmək istəyirəm. Bunlar Allahverdi Təhləli, Rafiq Hümbət, Tapdıq Yolçu və Cambul Məmmədlidir. Onların hər birinin zamanla Bakıda əməlli başlı səlahiyyət, şan-şöhrət, digər imkanları əldə etmək üçün çox böyük imkanları olub. Ancaq, heç biri Bakının rahat yollarını, asfaltını, prestijli imkanlarını qəbul etmədilər. Vətənə, yəni Borçalıya, Tiflisə, Rustaviyə (Bostandərə), Kaspiyə (Xəzəryurdu) və Qardabaniyə (Qarayazı) getdilər. Orada dədə-baba yurduna sahib çıxdılar. Elə bu gün də ünlü Türk aydını kimi yaşamaqda davam edirlər.

Tapdıq Yolçu Rustavidə yaşamaqla yanaşı, bu şəhərdəki 18 minlik soydaşımızın ədəbi ruhunun sözlə ifadəçisi kimi də məşhurdur. Onun şeirləri Türkün qədim poetik düşüncə və ruhunun ayrılmaz parçasıdır. Elə bu düzənlə Rustavidə, Tiflisdə, eləcə də Borçalıda sayılan şairlərimizdəndir. Ötən yüzilin 80-ci illər ədəbi nəslinin davamçısı kimi bu gün də söz ustadı kimi fəaliyyətini davam etdirir. O, yorulmaq bilmədən bu gün də çox böyük şövqlə ədəbi yaradıcılığını davam etdirir. Həyat o zaman gözəl olur ki, onu təmənnasız olaraq yaşayırsan. Sadəcə özün üçün deyil, elinə, ulusuna və təmsil torpağına sədaqətli olmağı da bacarasan. Qürbətdə “Vətən, Vətən, Vətən” deməklə ahu-zar etməyəsən. Tapdıq Bəy məhz bu həyatı seçdi. Əcdadlarının ruhu dolaşan torpaqları boş qoymamaq üçün çabalar içində yaşadı. Nə mutlu ona ki, bu seçimini həyatının ayrılmaz parçasına çevirə bildi. Çoxları kimi ulu Borçalı ilə bağlı heç zaman boğazdan yuxarı söz işlətmədi. Çünki, yaşadıqları və yazdığı şeirləri onun həyatının mənasıdır. Kimsəyə nəsib olmayan bu nəsiblik qürurludur, əsil qəhrəmanlıqdır.    

Ənvər Börüsoy
 

 

Tapdıq YOLÇU

O SAHİLDƏN BU SAHİLƏ

Səbr, zaman, dözüm ola,
Baxıb, görən gözüm ola,
Söyləməyə sözüm ola,
O sahildən bu sahilə.

Göy görəni yer bilirmi,
Gördüyünə sirr verirmi,
Gəmi gəlir, su gəlirmi,
O sahildən bu sahilə?!

Görən təzə nə xəbər var,
Xəbərlərdən bixəbər var.
Tükənməyən bir səfər var,

O sahildən bu sahilə.
...Bu sahildən o sahilə...

 

HƏSRƏTİNİ ÇƏKİRƏM

Görmədiyim sığalını bircə yol,
Əllərinin həsrətini çəkirəm.
Bir ömürlük ayrılığa “yox” deyən,
Dillərinin həsrətini çəkirəm.

Dərd dənizi qalmadı mən gəzməyə,
Sinəm üstə göy tikanlar düzməyə.
Can tapşırıb, qucağında üzməyə,
Göllərinin həsrətini çəkirəm.

Qorxum odur – mən kim, bir kim bilməyə,
Könül verib, könüldən qəm silməyə.
Son nəfəsdə “qəh-qəh” çəkib ölməyə,
Ellərinin həsrətini çəkirəm.

 

BAŞQA YER

Görən bir başqa yerdə,
Başqa bir gün çıxırmı?
O başqa gün o yerdən,
Hərdən bura baxırmı?

O başqa yerdə hər gün,
Sərin yellər əsirmi?
O yel bəd nəfəslərin,
Hənirini kəsirmi?

O başqa yerin, görən,
Ilıqdımı suları?
Qışda da yay günü tək,
Olur qonaq-qaralı?

...Gələn yoxdu heç bəri,
Söyləyim bu sözləri.
O başqa yerin yeri,
Gözləyirmi bizləri?

 

DURNALAR GEDƏN YERƏ

Bu güz qaça biləydim,
Burdan köçə biləydim,
Mən də uça biləydim,
Durnalar gedən yerə.

Gedəm üzüm sürtməyə,
Həsrətimi örtməyə.
Dəm gedə, qəm getməyə,
Durnalar gedən yerə.

O yer bura uyarmı,
Məni tutar, sayarmı,
Anam bilsə, qoyarmı,
Durnalar gedən yerə?

Eh, üzdən üz görmədim,
O üzdən üz döndərdim.
Getmədim, söz göndərdim,
Durnalar gedən yerə...

 

GƏLMİŞƏM...

Otuz, qırx il, əlli il,
Uzaqlardan gəlmişəm,
Gəlmişəm mən... bağışla.
Sənsiz ölməm, demişdin...

Kim bilir ki, diriyəm,
Kim bilir ki, otuz il,
Qırx ildi, əlli ildi,
Ya yüz ildi ölmüşəm.

Ölmüşəm mən, bağışla.
...Gəlmişəm mən, bağışla...

 

GÜN KEÇİR...

Gün ağlanan gün keçir,
Ağlamırsan halıma.
Xəyalın da gəlməyir,
Xəyalımın yanına.

Illər düşüb araya,
Səni, məni qocaldır;
Başımıza qar töküb,
Ala dağlar ucaldır.

Gün ağlanan gün keçir,
Zaman qalmır zamana.
Bağlı yollar açılmır,
Bürünür çən-dumana.

Yellərə qat səsini,
Mənə xəbər gətirsin.
Göndər qulac dəsini,
Ölsəm, yerdən götürsün...

 

QƏRİB ŞƏHƏR

Sən bəyənib gəlmədin,
Gəlmədi qərib şəhər.
Mən hardayam - bilmədin,
Bilmədi qərib şəhər.

Səni görüb uçmadı,
Qolum qanad açmadı.
Sinəmdə od, saçmadı,
Güllədi qərib şəhər.

Mən bir dərya, düz, çöldüm,
Yandım, dondum, güz gördüm.
Sənli günlərsiz öldüm,
Ölmədi qərib şəhər.

 

DAŞLAR

Sahildə gözləməkdən,
Daşa döndü bu daşlar.
Hey dalğa özləməkdən,
Yaşa döndü bu daşlar.

Gələr, gedər gəmilər,
Gəmilərdə kimilər...
O gəmidən görünən,
Başa döndü bu daşlar.

Qalxdılar diz üstə,
Yıxıldılar üz üstə.
Dənizin gözü üstə,
Qaşa döndü bu daşlar.
Sahildə gözləməkdən,
Daşa döndü bu daşlar...

 

MƏNƏ GÜN AĞLAMADIN...

Səni tapa bilmirəm,
Görən, haralardasan?
Əlim çatmayan yerdə-
Orda, oralardasan?

De, olduğun o yerdə,
Gün çıxır, ay doğurmu?
Yoxsa çən-duman gəlir,
Səni həsrət boğurmu?

Bəlkə xəcalət çəkib,
Çıxammırsan üzümə?
Mənə gün ağlamadın,
Ağlagınmı özünə?

 

GƏLMƏDİ YAR...

Bilsin sual edənlər,
Gəlmədi yar, gəlmədi.
Gəldi bütün gedənlər,
Gəlmədi yar, gəlmədi.

Qış ötdü, gün - yaz oldu,
Hal-əhvallar saz oldu.
Güllər açdı, naz oldu,
Gəlmədi yar, gəlmədi.

Yolçu yolda gözlədi,
Yolu-izi düzlədi.
Gələn - gözlə, döz, - dedi,
Gəlmədi yar, gəlmədi...

 

AĞARDI BAŞIM

Can yollarda yağır oldu,
Ömür ötdü, nağıl oldu,
Zirvələrə yaxın oldu,
Ağardı başım, ağardı.

Dərd vermədi, dərd götürdü,
Yayı-qışı sərt ötürdü,
Hər yan xəzəl, tör-töküntü...
Ağardı başım, ağardı.

Bağışlsın gülüm mənim,
Uçdu yerim, göyüm mənim.
Ağarmadı günüm mənim,
Ağardı başım, ağardı.

12:46