Tanınmış yazıçı-publisistin 70 illik yubileyi qeyd olunub

 

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin 70 illik yubileyi qeyd edilib. Elm, ədəbiyyat, incəsənət xadimlərinin iştirak etdikləri yubiley tədbirində əvvəlcə M.Çəmənlinin həyat və yaradıcılığına dair film nümayiş olunub. Tədbirdə Baş nazirin birinci müavini, xalq yazıçısı Elçinin yubilyara təbrik məktubu oxunub.

Sonra yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Əli Əmirli Mustafa Çəmənlinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. O, 30-dan çox kitabin müəllifi olan M.Çəmənlini müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, XX əsrin 70-ci illərinin ədəbi nəslinə mənsub yazıçı adlandırıb. Bildirib ki, 1973-cü ildə “Mingəçevir işıqları” qəzetində dərc olunmuş “Ləpirlər” hekayəsi ilə ədəbiyyatımıza gələn M.Çəmənli sonralar dövrünün ən məhsuldar yaradıcı insanlarından biri olub. Natiq 1982-ci ildə nəşr olunan “Mənim dünyamın adamları” kitabı ilə müəllifin adının birdəfəlik olaraq ədəbiyyat səhifəsinə yazdığını söyləyib. Ötən əsrin 70-ci illərində “Nişanə”, “Meşə yeri”, “Əks-səda”, “İstək” kimi hekayələri, “Halallıq”, “Yaddaş” povestləri, “Xallı gürzə” romanı ilə özünü nasir kimi tanıdan M.Çəmənlinin “Səs qərib olmur”, “Fred Asif”, “Nəğməli xatirələr”, “Muğam dünyasının Xanı”, “Burdan bir atlı keçdi”, “Səsin ruhu”, “Leyli və Məcnun – 100 il səhnədə”, “Məcnunun Məcnunu”, “Ruhların üsyanı”, “Yaddaşlarda yaşamaq haqqı”, “Ölüm mələyi”, “Sənət hekayələri” və s. yazıları ilə özünü publisist kimi tanıtdığını deyib.

Xalq artisti Arif Babayev, əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs və başqaları Mustafa Çəmənlini daim yaradıcılıq axtarışında olan zəhmətsevər yazıçı, səmimi, vətənsevər ziyalı, doğmalarına, yaxınlarına sədaqətli ailə başçısı kimi dəyərləndiriblər. Çıxış edənlər yazıçının yaradıcılığında ana xətt kimi keçən doğma diyardan, düşmən tapdağında olan Qarabağ nisgilindən, dədə-baba torpaqlarımıza qayıtmaq arzusundan danışıblar. Tədbirdə xalq artisti, qiraət ustası Eldost Bayramın ifasında yazıçının əsərlərindən seçmələr səsləndirilib. Sonra incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Sonda Mustafa Çəmənli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Xudaferin.eu
“Bakı Bürosu”

09:17