Tanınmış şair Fikrət Sadıq dünyasını dəyişib

Çağdaş Azərbaycan poeziyasının nəhənglərindən biri olan ünlü şair Fikrət Sadıq noyabrın 16-da 86 yaşında dünyasını dəyişib. Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı “Gənclik nəğmələri” almanaxında dərc etdirdiyi “Artist” və “Ana əli” şeirləri ilə başlayıb. Poetik yaradıcılığında bədii tərcüməyə də meyil edib. “Yumaq top”, “Bir parça vətən”, “Oğul” pyesləri, “Xırdaca gəlin”, “Daş balkon”, “İlk məhəbbət haqqında daha bir hekayə” və s. onun qələminin bəhrəsidir. Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olub. Onun “Cığır”, “Ömrün bir günü”, “Dəniz küçəmizə gəlir”, “Göydə nə var”, “Yerdən göyə ümid”, “Taleyin acığına” və digər əsərləri bu gün də oxucular tərəfindən maraqla qarşılanır. Yazdığı ssenarilər əsasında ekranlaşdırılan sənədli filmlər, etdiyi tərcümələr və yaradıcılığının əsasını təşkil edən poeziya nümunələri ona əbədiyaşarlıq qazandırıb.

“Avropada Azərbaycanın Dostları Cəmiyyəti”, “Rusiya Azərbaycanlıları Milli Konqresi” təşkilatının Moskva şəhər və vilayəti təşkilatı, “Xudaferin.eu” saytının kollektivi adından ünlü yazıçı dostumuz Orxan Fikrətoğluna və ailəsinə dərin hüznlə başsağlığı veririk. Məzarı cənnətlik olsun.

Xudaferin.eu

 

16:32