Tanınmış hüquq müdafiəçisi həbs ehtimalından yazdı

Hüquq müdafiəçisi, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev həbs oluna biləcəyi barədə yazıb. Hüquq müdafiəçisi bildirir ki, onu qarabaqara izləyirlər və istənilən an həbs oluna bilər. Onun facebbok səhifəsində yazdığını təqdim edirik: Dostlar, icazənizlə hökümətimizə “təşəkkür etmək” istəyirəm. Son günlər heç bir ödəniş ödəmədiyim halda, pulsuz- parasız olaraq mənim mühafizəmi “gücləndirib”. Hər gün tanımadığım mülki geyimli şəxslər məni və evimi müşayət edir, izləyirlər. Yəqin onlar məni yad təsirlərdən, arzu olunmaz kənar hücumlardan “qorumaq” istəyirlər.

Bu müşayət və izləmə hərəkəti 24 yanvar 2017- ci ildə ogurlanaraq bir həftə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində gizli saxlanılıb işgəncələrə məruz qalan Tale Bağırzadənin tərəfdarlarından olan ictimai fəal Əhsən Nuruzadədən Milli Şuranın rəhbərliyi, tanınmış yazar Zümrüd Yagmur və mənim əleyhimə ifadə almaq cəhdindən, “Bandotdel”in bizi dövlətçiliyə xəyanətkar elan etməsindən sonra daha da intensivləşib. Doğrusu deyim, əvvəllər də bu izləmə hərəkətləri var idi. Amma bu hərəkətlər həm bu qədər intensiv deyildi, həm də bilirsiniz ki, Sabirabad rayon məhkəməsinin qərarı ilə 13 iyun 2012- ci ildə haqqımda olan həbs qəti imkan tədbiri polis nəzarəti altına vermə qəti imkan tədbiri ilə dəyişdirildiyindən bir növ bu izləməni məhkəmənin qərarına “uyğun” qəbul edirdim. Artıq həmin qərar ləgv olunub. Amma izləmə intensivləşib. Mən bu məlumatı sadəcə məlumat üçün sizlərlə bölüşdüm. Onsuz da 14 oktyabr 2016- cı ildə məni “bondetdel”- ə dəvət edəndə açıqca bildirdilər ki, sizin bütün hərəkətlərinizi, yazılarınızı izləyirik. O zaman mənə xəbərdarlıq edildi ki, siz (yəni mən- red.) hökümətin həbs etdiyi şəxsləri mələk donunda cəmiyyətə təqdim edir, onları siyasi məhbus elan edərək müdafiə edirsiniz. Bu işdən əl çəkin…
Mən bir dəfə qanunsuz olaraq həbs həyatı yaşamışam. Haqq bildiyim yoldan, qanunsuz həbs olunmuş, haqqı- hüququ tapdanmış insanları müdafiə etmək işindən geri çəkilmək fikrim yoxdur. Bu yolun sonunda həbs olsa belə. Əgər buna görə məni həbs edəcəklərsə mən həbsə hazıram! Bilsinlər ki, belə izləmə hərəkətləri, psixoloji təzyiqlərlə bizi qorxuda bilməzlər. Sonda bir məqamı da bildirim ki, silahdan, narkotikdan istifadə etmirəm, evimdə də belə şeylər yoxdur. Qanunsuz hərbi birləşmələr yaratmaq və onları maliyələşdirmək kimi niyyətim və imkanlarım yoxdur. Azərbaycanda hakimiyyət dəyişikliyinin sivil, demokratik yolla həyata keçirilməsinin tərəfdarıyam. Bütün fikirlərimi də qanun və etik çərçivədə bildirirəm! Yola davam!

Azadliq.info

11:10