Tanınmış hərbi dirijor, sənətşünas alim

 

Niyazi Kərimovun 90 illik yubileyi qeyd edildi. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində F.Əmirov adına 6 saylı onbirillik Uşaq incəsənət məktəbi ilə birgə peşəkar hərbi dirijor, sənətşünaslıq namizədi, Böyük Vətən müharibəsi veteranı Niyazi Kərimovun 90 illiyinə həsr edilən xatirə tədbiri keçirildi.
 

Tədbir incəsənət məktəbi şagirdlərinin ifasında hərbi marşlardan parçalarla açıldı.

Muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək sənətkarın yaradıcılıq yolundan söz açdı. Bildirdi ki, Niyazi Kərimov dirijorluq sənətinin inkişafı yolunda böyük əmək sərf edib, özündən sonra zəngin bir irs qoyub.
Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi Nazim Kazımov bildirdi ki, Niyazi Kərimov çətin və şərəfli sənət yolu keçib, tələbəlik illərindən başlayaraq istedadı və təşəbbüskarlığı ilə fərqlənib.

Bəstəkarlar İttifaqının katibləri, əməkdar incəsənət xadimləri Zemfira Qafarova, Sərdar Fərəcov, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə, Üzeyir Hacıbəyli adına BMA-nın professoru İmruz Əfəndiyeva, sənətşünaslıq doktoru, professor Telman Hacıyev çıxış edərək Niyazi Kərimovun insani keyfiyyətlərindən və sənətə qırılmaz tellərlə bağlılığından söz açdılar.

Çıxışlardan sonra söz musiqiyə verildi. Görkəmli bəstəkarlar Z.Bağırovun “Kiçik rapsodiya”, F.Əmirovun “Çeşmə başında”, P.Çaykovskinin “İlin fəsilləri”, T.Quliyevin “Dostluq haqqında mahnı”, S.Fərəcovun “Rəqs” və başqa əsərlər Ü.Hacıbəyli adına BMA-nın tələbələri və F.Əmirov adına 6 saylı onbirillik UİM-in şagirdlərinin ifasında səsləndirildi. Sonda Niyazi Kərimovun qızı Adilə Yusifova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına dərin təşəkkürünü bildirdi.

Xudaferin.eu

09:45