Tanınmış azərbaycanlı pianoçu İstanbulda konsert verib

 

Azərbaycanın əməkdar artisti, pianoçu İslam Manafov İstanbulun Cemal Reşit Rey konsert zalında dünya şöhrətli bəstəkar F.Şopenin əsərlərindən ibarət yeni albomunun təqdimat konserti ilə çıxış edib.

Usta ifaları ilə musiqisevərlər qarşısında çıxış edən İ.Manafov konsertdən sonra dinləyicilər üçün CD-albomunu imzalayıb. Konsertdə həmyerlimizin rəngarəng ifaları dəfələrlə tamaşaçıların hərarətli alqışları ilə qarşılanıb. Xatırladaq ki, 10 dəfə Qremi mükafatçısı, əfsanəvi prodüser Kristofer Alderin rəhbərliyi ilə Almaniyanın Hannover şəhərində yerləşən “Bethoven” zalında yazılmış CD-albom artıq İsveçrə, Avstriya, Almaniya, ABŞ, Yaponiya və digər ölkələrdə satışa çıxarılıb. CD-albom Avropa və ABŞ-da bir çox musiqi tənqidçiləri tərəfindən yüksək dəyərləndirilib.

İ.Manafovun ifalarından ibarət albomun Avropada ilk təqdimat konserti Avstriyanın Vyana şəhərində Motsartın evində keçirilib. Diplomatik korpus nümayəndələrinin və dünya şöhrətli musiqiçilərin qatıldığı konsert proqramı anşlaqla keçib. Azərbaycanlı pianoçu tərəfindən ifa olunan bu əsərlər Avropa və ABŞ-ın bir çox radiolarında səsləndirilib. Albomu “iTunes” və “Spotify” kimi onlayn platformalardan da dinləmək mümkündür.

Xudaferin.eu
Türkiyə, “İstanbul Bürosu”

08:55