Tanınmış aktyor teatr direktorunu yıxıb sürüdü: “Azdrama”da onu adam yerinə qoymurdular”

 

İrəvan Dövlət Azərbaycan Dram Teatrından qanunsuz şəkildə çıxarıldığını bildirən  tanınmış aktyor Əjdər Zeynalov adıçəkilən teatrın direktoru İftixar Piriyevin onun haqqında olan açıqlamalarına münasibət bildirib. Səslənən iddialara Publika.az vasitəsilə cavab verən Əjdər Zeynalovun müsahibəsini təqdim edirik:

- Əjdər bəy, İftixar Piriyevlə aranızda olan məsələnin başlama səbəbi nə idi?

- Sizə hər şeyi başdan danışacam. İftixar Piriyev epizodik rollar oynayan, talantsız, adi bir aktyor idi. Fikirləşdi ki, belə qabağa gedə bilməyəcək. Ona görə də Tbilisidə Azərbaycan Dövlət Dram Teatrının yaradılması ərəfəsində kömək məqsədilə Gürcüstana yollandı. Orada da əksinə, həmin teatrın yenidən yaradılması üçün bütün şüurlu həyatını sərf etmiş Ələddin Həsənova mane oldu. Münaqişə də həmin vaxtdan başlayıb. Sonra Bakıya gəldi. Başqa adamlarla çalışmaq istədi, lakin ona iş verən yox idi. Fərli aktyor, tanınmış sima deyildi. Eşitdiyimə görə, qapı-qapı gəzib vəzifəyə keçmək istəyirdi. Ona köməklik etdilər, 2000-ci ildə İrəvan Teatrına direktor vəzifəsinə, 2002-ci ildə isə Akademik Milli Dram Teatrına sərəncamçı direktor vəzifəsinə təyin olundu. Həmin vaxtı bu teatrın bədii rəhbəri xalq artisti Əliabbas Qədirovla qarşı-qarşıya gəldi. Təbii ki, Əliabbas Qədirov tanınmış sima idi. Həmin vaxtlar teatrda xeyli yeyinti olmuşdu. “Reytinq” qəzetində Bahar Rüstəmli bu haqda xeyli yazılar dərc etmiş və mənimsənilən məbləğə qədər hamısını yazmışdı. O zamanlardan bu insanın tək mənimlə deyil, bütün teatr aləmi ilə problem yaşayıb. Çünki, o, özünü fikirləşən ticarətçidir. İstəyir ki, ancaq özü qazansın və hamı ona tabe olsun. Akademik Milli Dram Teatrı İrəvan Teatrı deyil. Həmin vaxtı onu işdən çıxardılar. Bakı Şəhər Prokurorluğu onun haqqında hətta cinayət işi də açdı. Külli miqdarda yeyinti etmişdi deyə onu həbsə atmaq istəyirdilər. Həmin dövrün tanınmış aktyorları da bunu təsdiqləyə bilər. Çünki, onların İftixara yazığı gəlib, qol çəkiblər ki, guya mənimsənilən pullar qastrola xərclənib. Eşitdiyimə görə, bu qocaman teatrdan işdən uzaqlaşdırılan zaman şəxsi işinə “heç bir məsul vəzifədə işləyə bilməz” yazılıb.

- Bəs necə oldu ki, yenidən vəzifəyə gəldi?

- İndiyədək bu insanı niyə müdafiə edirlər, niyə vəzifədə qalıb bilmirəm. O, İrəvan Teatrına gətiriləndən teatrın qara günləri başlayıb. İşçi heyətinə qarşı qərəzli hərəkətlərə yol verərək özbaşınalıq edib. Bu ilin avqust ayından isə mənimlə konfilikti yarandı. İndiyədək susmuşdum, ancaq onun kobud hərəkətlərinə dözə bilmədim. Düzgün repertuar seçimi yoxdur. Öz cılız şeirlərini verir ki, bunu əzbərləyin, elə bil biz uşağıq. Çox dəyərli baş rejissorumuz Oruc Qurbanova da imkan vermədi ki, klassik pyeslər, gözəl əsərlər hazırlasın. Narazılıq elə bundan başladı. Ayrı vaxt etikadan danışır, Oruc müəllim görkəmli adamdır. Ona belə hörmət edirsən? O da həmin vaxt aidiyyəti qurumlara şikayət məktubu ünvanladı. Bunların hamısı mediada yer alıb.

- Dediyiniz bu şəraitdə işçi heyəti onunla necə yola gedirdi? Bunun qastrol səfərləri var. İnsanlar uzun müddət yol gedir, əsəblər tarıma çəkilər...

- Axırıncı dəfə, əgər onu qastrol adlandırmaq olarsa, 24 günlük səfərə çıxdıq. İqdırda, bir də Qarsda adam çox oldu. Heç kimə xəbər etmədən qastrola getmişdik. Şəhərdə heç bir afişa, reklam qoyulmamışdı. Bununla bağlı oradakı rəsmilərimiz də şikayət etdilər ki, “Gəlirsiniz, heç olmasa xəbər verin”. Bizi aldatdı ki, böyük avtobus olacaq, rahat gedəcəksiniz, ancaq çox narahat, ayağımızı qatlaya bilməyəcək şəkildə buradan “sprinter” ilə yola düşdük. İğdırda yaranan bu narahatçılığı hərəyə 50 manat pul verməklə susdurdu.
 

- Sizin qastrola ayrılan büdcədən xəbəriniz olmur ki, yolda belə əziyyət çəkirsiniz?

- Yox, bu barədə məlumatımız olmur. O, qastrol xərclərini artıq yazır, qalan pulları cibinə qoyur. Bu maxinasiyadır. Ondan öncəki qastrolda da İqdıra getmək üçün 33 nəfərlik kiçik avtobus gətirdilər. Biz də 28 nəfər idik, üstəgəl teatrın dekorasiyalarını da avtobusa yığdılar. Yer olmadığından bir nəfər ayaq üstə getməli oldu. Qaraçı köçü kimi qastrol adıyla yol gedirdik. Adı da olurdu yüksək səviyyəli səfər.

- Oradakı xərclərinizi teatr qarşılayırdı?

- Bir şeyi misal çəkim. İstanbulda bir gün ərzində iki tamaşada iştirak etdik. Gecə yorğun gəlmişdik, ucuz olsun deyə, bizim üçün kiçik kartejlər tutmuşdular. Restoranda əvvəlcədən yemək sifariş verilməmişdi. Orada təklif etdilər ki, yaxınlıqdan dönər sifariş verək, onun da qiyməti 7 lirə idi. Ancaq İftixar gördü ki, bir az çox xərci çıxacaq, özünü əsəbiləşirmiş kimi göstərib, həmin gecə bütün kollektivi ac qoydu. Səfərdən qayıdandan sonra tamaşaların müəllifləri başqaları olduğu halda, Hacıbaba Məmmədovun, Zehni Papaqçının və digərlərini adını silib, ora öz adını yazırdı. İstəyirdi ki, bütün qonorarları özü alsın. “Azdrama”da olanda onu adam yerinə qoymurdular. Odur ki, öz cılız əsərlərini yalnız bu teatrda tamaşaya qoyur.

- Bəs bütün bunlar qarşısına teatr kollektivi necə susurdu?

- İftixara elə adamlar lazımdır. Heç kim mübarizə aparmasın. Onun belə bir sözü var: “Xoşun gəlmir, ərizəni yaz, çıx”. Mənimlə çəkişməyə başlayandan sonra, feysbuk hesabımda öz fikirlərimi yazdım, oradan da saytlara vermişdilər. Onu tənqid etmişdim, ancaq bunu təhqir kimi qəbul etmişdi.

- İftixar bəy qeyd edir ki, siz teatrda epizodik, 2-ci və 3-cü dərəcəli rollarda
oynamısınız...

- Bunlar hamısı onun özünə aiddir. Mən əməkdar artistlər, xalq artistləri ilə çiyin-çiyinə çalışıb, teatrı bərpa etmək üçün nə qədər əziyyət çəkmişəm. Hansı ki, onlar İrəvandan qaçqın və didərgin düşərkən dəyərli əşyaları əvəzinə teatrın dekorasiyalarını gətiriblər. İftixar da həmin adamı dəfələrlə camaatın içində təhqir edib.

- Deyir ki, Əjdər ölkənin ağır günlərində xaricə qaçıb...

- Xəstə, qızdırmalı adamlar 41 dərəcəni keçəndə başlayır sayıqlamağa, bu, elə bir şeydir. Onun səviyyəsinə enmək istəmirəm. Camaat və sənət adamları məni yaxşı tanıyır. Yalandan üzümə gülürdü, amma adımı “əməkdar artist” fəxri adını almaq üçün göndərilən namizədlərin sırasından çıxarırdı. Sonra da hər şeyi nazirliyin üstünə atırdı ki, guya mənim orada düşmənlərim var.

- İftixar bəy onu da iddia edir ki, siz “küçə alveri” ilə məşğul olmusunuz...

- Mənə “alverçi” deyir. Ancaq professional “alverçi” özüdür. Bu sənə yaraşan sözdür, bəyəm? Onun özünün “zapçast” mağazaları var. Biz Türkiyəyə qastrola gedəndə, bir də gördük maşında bütün əşyaları sıxışdırırlar. Sən demə, güclə yerləşdiyimiz avtobusa “zapçast” doldururlarmış. Bunlar hamısı faktdır. Ayağımızı qoymağa yer tapmırdıq, lakin o, kresolunun üstünədək “zapçast” yığdırırdı.

- Sizin diplomunuzun olmadığı da iddialar sırasındadır...

- Mən Nəsir Sadıqzadə, Böyükağa Kazımov, Məhəmməd Verdiyev kimi görkəmli sənətkarlardan dərs almışam. Sənət müəllimlərimdən Nəsir müəllim və Böyükağa müəllim rəhmətə gediblər. Amma Məhəmməd Verdiyevdən necə tələbə olmuşam deyə soruşa bilərsiniz. Bu da mənim diplomum.

- Bəs niyə deyir ki, diplomunuz yoxdur?

- Çox gözəl bilir ki, diplomum var, tələbə yoldaşlarım kimdir bunu da hər kəs bilir. Elə sənət müəllimlərim də. Sadəcə, o, başını itirib, şou yaradır, ağzına gələni danışır.

- Piriyevin dediyinə görə, ölüm ayağında olanda sizə kömək də edib.

- O, həkimdir? Sadəcə, mən xəstə olanda bir həkim məsləhət gördü ki, onun yanına gedim. Heç həmin həkimin müalicəsi də yaxşı olmadı. Moskvaya gedib, müalicə alıb, qayıtdım. Kişi heç vaxt elədiyini deməz. İkincisi, mənə bir dəfə yaxşılıq etmisənsə, bu, o deməkdir hər dəfə başında “qoz sındırmalıyam?” Səni təhqir edib, alçaltmalıyam? Sən nə vaxt başım üstündə olmusan ki?

- İşə gecikməyiniz, məşqlərdə iştirak etməməyiniz doğrudur?

- Bunlar hamısı cəfəngiyyatdır. Aktyor gedib serialda da, filmdə də çəkilməlidir. Bu, ən azından teatr üçün müsbət bir haldır. O, orada gestapo rejimi yaradıb. Saat 10:00-dan 18:00-adək işdə olmalısan. Bu, harada görünüb? Adını qoyur ki, buna görə nazirlikdən ona töhmət verilir. Davamiyyət qaydası texniki işçilər üçündür. Məşq yoxdursa, aktyor niyə teatrda qalsın axı? Bu adamı seriallara, filmlərə dəvət etmirlər. Odur ki, paxıllığına görə başqalarının çəkilməsinə də icazə vermir. Sənət yoldaşlarıma mənimlə işləmək istəməmələri ilə bağlı zorla şikayət məktubu yazdırırdı.

- Kimsə sizə dəstək olmadı?

- Onları qınamıram. Biz pula görə sənətə gəlməmişik, onlar peşələrindən ayrılmaq istəmirlər. Teatr bizim həyatımız, ailəmiz, sənətimizdir. Teatrla nəfəs alırıq. Gözləyirik ki, tezliklə düzələcək. Uşaqların hamısına hörmətim var, çoxuna dedim ki, haqqımda yazılan şikayət məktubuna “gedin, qol çəkin”. İllərlə üzünü görmədiyim texniki işçilərə və bir neçə nəfər aktyora qol çəkdirib. Mənim yanğınsöndürən, xadimə ilə nə qərəzim ola bilər ki? Siyahı uzansın deyə adamları oraya yığıb.

- Deyir ki, sizdən 30 nəfər şikayət edib...

- Orada heç 30 nəfər işçi yoxdur. Nazirlikdən nümayəndələr yoxlamaya gəlmişdi. Onlar bir gündə 9 nəfərin işdən çıxarılmasına mat qaldılar. “Bura bomba düşüb?” - deyə öz təəccüblərini gizlətmədilər. Nazirliyin nümayəndələri buradakı daxili və xarici ezamiyyətləri yoxlasa, İftixarın bütün yeyintiləri ortaya çıxar.

- Bundan sonra sənətinizə necə davam edəcəksiniz?

- Talantlı aktyoram. Seriallara, filmlərə çəkiləcəm. Bilirəm ki, məni işsiz qoymayacaqlar. Bir də bütün teatrı, sənəti sevən insanlar mənə dəstək olub, prezidentə müraciət ediblər. Özüm də İftixar Piriyevi məhkəməyə vermişəm. Hər şey qanunla tənzimlənməlidir. O, məni buna təhrik etdi. Hansı plan qurub bilmirəm, ancaq şüurlu surətdə təhrik olunmuşam. Kənarla işim yoxdur. Onun yarıtmaz repertuar siyasətini, idarəetməsini tənqid etmişəm. Qəsdən dezinformasiyalar yayır ki, reklam olunsun. O, səhnədə yaxşı aktyor olmasa da, həyatda çox gözəl aktyordur. Kollektivin yanında özünü başqa cür aparır, vəzifəli şəxslərin yanında isə mələyə dönür. Ümid edirəm ki, haqq öz yerini tapacaq və o, tezliklə teatrın direktorluğu vəzifəsindən kənarlaşdırılacaq.

Pərviz Hüseyn,
Publika.az

14:30