Taksilərdə vahid qiymət sürücüləri işsiz qoyacaq - İqtisadçı etiraz etdi

 

İqtisadçı Vüqar Bayramov Bakı Nəqliyyat Agentliyinin taksilərdə vahid tarifin tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinə göndərdiyi təklifləri şərh edib.

V.Bayramov vahid tarifin tətbiq edilməsinin bu sahədə rəqabəti gücləndirməyəcəyini, əksinə rəqabəti boğacağını düşündüyünü qeyd edib: "Əgər vahid qiymət olacaqsa, o zaman həmin sektorda hansı rəqabətdən danışmaq olar? Taksi xidməti göstərən şirkətlər nədə rəqabət aparacaqlar? Liberal qiymət rəqabətin əsas özəyidir. Əslində, taksi xidməti son illər qiymət azalmasının müşahidə edildiyi azsaylı xidmət sektorlarındandır. Etiraf etmək lazımdır ki, bu sahədə lisenziyaların ləğvi daxil olmaqla son 2 ildə xeyli müsbət addımlar atılıb. Nəticədə bu gün taksi xidməti ölkədə ən liberal və rəqabətin yüksək olduğu sahələrdən birinə çevrilib. Bu özünü son illər aşağı düşən qiymətlərdə də göstərir. Vahid tarif tətbiq ediləcəyi halda isə bu sektorda qazanılan rəqabət bir qərarla boğulacaq”.

İqtisadçı qeyd edib ki, taksi xidmətlərinə vahid tarifin tətbiq edilməsi doğru addım deyil: "Bu, taksi xidmətlərinin məhdudlaşmasına, şirkətlər arasındakı rəqabətin azalmasına səbəb olacaq. Bütün bunlar isə taksi şirkətlərinin bağlanmasına gətirib çıxaracaq. Əgər tarifin müəyyən edilməsi labüddürsə, bu zaman vahid tarifin yox, maksimum tarifin müəyyənləşdirilməsi lazımdır. Bu zaman taksi sürücüləri və şirkətləri maksimum olaraq hansı tariflə xidmət göstərdikləri barədə öz xidmətlərini təklif edə bilərlər. Məhz bununla taksi xidməti ilə məşğul olan sürücü və şirkətlərə rəqabət imkanı verilmiş olar”.

Sevinc

Bakı Post

 

06:15