Taksi sürücülərinə ağır zərbə

Azərbaycanda taksilərə ayrılan duracaq yerlərindən kənarda sifariş qəbul etmələri qadağan edilir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə əlavələr müzakirə edilib. Məcəlləyə əlavə edilən 322.0.8 maddəsinə görə, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədi ilə durması qadağan edilir. Buna görə 40 manatdan 50 manata qədər cərimə müəyyənləşdirilir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. Bu qərar isə onsuz da vəziyyəti yaxşı olmayan taksi şoferlərinin gününü göy əskiyə bükəcək. İnsanların yoxsullaşması üzündən taksiyə müraciət edənlərin sayı kəskin şəkildə azalıb. Taksi şoferləri elə gün olur ki, evinə bir qəpik qazanmamış gedir.

Nəqliyyat müfəttişlərinin yığışdırılmasından sonra azca nəfəs almağa başlamış sürücülər indi yeni cərimələrlə üzləşib. Bu qərar heç də taksi sürücülərinin işinə müsbət fayda verməyəcək. Çünki müştəri həmişə duracaqda taksiyə minmir. Böhran dövründə xırda ticarətə, şoferlərə, müxtəlif kampaniyalara şərait yaradılması əvəzinə vətəndaşların dərisinə saman təpilən qərarlar qüvvəyə minir. Bu gedişlə büdcəni doldurmaq uğurlu variant deyil. İqtisadçılar böhrandan çıxış yollarını təklif edirlər. Amma hökumət üzvləri vətəndaşın zərərinə olan qərarlar təklif edirlər. Taksi şoferlərinin gününə ağlamaq əvəzinə onlara cərimələr tətbiq olunur. Bəs sürücü müştərini haradan götürsün?
Müştərilərin azalması ötən ilin dekabr ayından başlayıb. Bu aydan etibarən isə taksidən istifadə edənlərin sayı minimuma enib. Məsələn, əvvəllər gündə 40 manat pul qazanan sürücülər indi heç 20 manat qazanmır. Bu şəraitdə isə onlar müxtəlif rüsumların ödənişində ciddi çətinlik yaşadıqlarını da qeyd edirlər. Bildirirlər ki, son aylarda qazancları fərqlənmə nişanı və digər rüsumları belə ödəməyə kifayət etmir. Bəzi taksi sürücüləri isə müəyyən onlardan alınan rüşvətdən şikayətlənir. İndi əhali daha çox başqa nəqliyyat vasitələrinə - avtobus və metroya üz tutur. Taksi rahat olsa da, bahalığına görə sərnişinlərə sərf etmir. Azərbaycanda sosial-iqtisadi vəziyyət çətinləşir. İnsanlar gündəlik həyatında problemlərin dərinləşdiyini, dolanışığın əzaba çevrildiyini, borcların artdığını və qiymətlərin günbəgün bahalaşdığını hiss etməkdədir. Xüsusilə də nəzərə almaq lazımdır ki, son 2 ildə 2 dəfədən çox ucuzlaşan milli valyuta insanların ən zəruri istehlak xərclərini ən azı 40-45% artırıb. Postneft dövründə qeyri-neft sektorunun inkişafı gücləndirilməlidir. Prezident İlham Əliyev də bu sektora təkan verir və müsbət islahatlar həyata keçirir. Lakin komanda daxilindəki bəzi monopolist qüvvələr antiböhran tədbirlərini tormozlayır.

Politika.Az

13:27