"Ət də, balıq da, toyuq da bahalaşıb…"

 

Azərbaycanın cənub rayonlarının mərkəzi bazarlarında mal ətinin 1 kiloqramı 10-11 manata satılır. Halbuki, ötən ayın əvvəlində mal ətinin 1 kiloqramı 8-9 manata idi. Ötən ilə nisbətən mal ətinin 5-6 manat bahalaşdığı bildirilir.

 

Ət satışı ilə məşğul olan sahibkarların dediklərinə görə, iribuynuzlu mal-qaranın sayı gündən-günə azalır. İndi mal-qaranı əsasən, dağ kəndlərindən gətirirlər. Yem bahalaşıb, xəstəlik artıb, örüş azalıb…

Onlar mal-qaranın azalması səbəbini yemin bahalaşmasında, xəstəliklərin artmasında və örüş yerlərinin zəbt edilməsində görürlər. Mal-qara saxlayan ailə təsərrüfatların sayı da azalır. Bazarlarda balığın da qiyməti qalxıb. Nərə balığının 1 kiloqramı 45-50 manata satılır. Digər balıq növlərin qiyməti də artır. Ziyad balığının bir kiloqramı 7-8 manatdır.

“Aylarla ət yeməyən insanlar var”

 

İqtisadçı Vidadi Mirzəyevin deməsinə görə, qiymətlərin qalxmasının əsas səbəbi manatın dəyərdən düşməsidir. O digər səbəbləri də istisna etmir: “Adətən, yaz fəsli ərəfəsində ətin qiyməti cüzi olaraq qalxır. Bazarda tələbat artır. Mal-qarasını yaza çıxardanlar onun sayının artırılmasına diqqət verirlər. Satışa az çıxardırlar. Bu il qiymətin qalxması təkcə bununla bağlı deyil. Mal-qara saxlamaq çətindir, baha başa gəlir. Hər il xəstəlikdən mal-qara ölür. Mal ətinin qiyməti qalxdıqca, ət alanların sayı azalır. Bir adam il ərzində 80 kiloqramdan çox ət qəbul etməlidir. Bizdə bu rəqəm 33 kiloqrama düşüb. Bu o deməkdir ki, aylarla ət yeməyən insanlar var. Təkcə ətin qiyməti qalxmır. Toyuq ətinin də, balığın da qiymətinin qalxdığını görürük. Zəruri ərzaq məhsulların qiymətinin qalxması yaxşı hal deyil.

Hurriyyet.org

 

 

09:30