“Suriya siçan tutmaq üçün tələyə qoyulmuş pendirdir”

Suriyada daimi sülhun bərpası üçün Rusiya, Türkiyə və İranın təşkil etdiyi Astana sammitində Rusiya tərəfi Suriya üçün yeni konstitusiya layihəsini bəyan edib. Rusiyanın təqdim etdiyi yeni konstitusiya layihəsinə görə, respublika parlamentinin səlahiyyətləri artırılır, prezident Bəşər Əsədin səlahiyyətləri isə azaldılır. Layihədə kürdlərin muxtar rayonlarda rəsmi ərəb dili ilə bərabər öz dilindən istifadə etməsinə icazə verilir. Sənəddə Suriya Ərəb Respublikası birləşməsindəki Ərəb sözü silinib, Suriya Respublikası qeyd olunub. Yeni konstitusiyada təqdim edilən fikirlərə əsasən, demək olar ki, Rusiyanın bölgədə kürdlərin maraqlarını daha çox qoruduğu görünür. Suriya Ərəb Respublikası birləşməsindən Ərəb sözünün çıxarılması da elə bu yöndə atılan addımdır. Suriyda kürdlərə müxtariyyətin verilməsini düşünən Rusiya dövlətin adından Ərəb sözünü silməklə, Suriyanın təkcə ərəblərin dövləti olmadığını, yəni kürdlərin də dövləti olduğunu dünyanın nəzərinə çatdırmaq istəyir. Respublika sözündən əvvəl millətin adının çəkilməsi doğru olmasa da, bu ona hesablanmış bir qərardır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, bu layihə Dəməşq hökumətinin, müxalifətin və region ölkələrinin mövqelərini nəzərə alaraq hazırlanıb. Birincisi, Dəməşq hökuməti necə razı olar ki, prezident Bəşər Əsədin səlahiyyətləri azaldılsın? İkincisi, layihədə region ölkələrinin mövqeyi nəzərə alınmayıb. Belə ki, Türkiyə Suriyada kürdlərə muxtariyyətin verilməsi ilə heç cür razılaşa bilməz. Bu, Türkiyənin maraqları ilə heç cür uzlaşmır. Çünki Türkiyəyə regionda kürdlərin güclənməsi heç cür sərf etmir. Kürdlərin regionda güclənməsi Türkiyənin strateji planlarına ziddir. Rusiyanın Suriya üçün açıq şəkildə yeni konstitusiya layihəsi bəyan etməsi çox təəccüblüdür. Çünki bir dövlətin digər dövlətə konstitusiya yazıb, bəyan etməsi gülünc məsələdir. Maraqlıdır, burada Qərbin rolu varmı?

ADP sədri Sərdar Cəlaloğlu məsələylə bağlı açıqlamasında bildirib ki, bu konstitusiya Rusiya tərəfindən təklif olunubsa, burada Qərbin nə rolu ola bilər: “Qərbin burada neqativ rolu olub. Belə ki, prosesdən kənarda qaldığına görə, Rusiya təşəbbüsü ələ alıb. Beləliklə, öz ağlına görə belə bir konstitusiya təklif edib. Əslində Rusiyanın bu təklifi Yaxın Şərqdə çox ciddi problem yaradacaq. Kürdlərə orada müxtariyyətin verilməsi, Suriyanın özünü federasiya istqamətində aparması gələcəkdə Suriyada mərkəzdənqaçma meyllərinin yaranmasına, münaqişlərə zəmin yaradır. Suriyada kürdlərə müxtariyyət veriləcəksə, İraqda olan kürd müxtariyyəti sabah birləşmək iddiası qaldıracaq. Beləliklə, kürdlərin birləşməsi həm İraqı, həm Suriyanı, həm də Türkyəni qarışıq bir duruma sala bilər. Bu yanlış mövqedir. Suriyanın unitar yapısını dəyişmək olmaz”.
S. Cəlaloğlu qeyd etdi ki, dövlətin adından ərəb sözünü götürmək olar: “Çünki dünyanın heç bir dövlətində həmin dövlətin hansı millətə məxsus olması yazılmır. Dövlət özü siyasi institutdur. Siyasi institut olduğuna görə, bunun etnik mahiyyəti yoxdur. Liviya ərəb dövləti, yaxud İraq ərəb dövləti demirlər. Yalnız ərəb respublikası sözü Suriyaya aiddir. Bu, Hafiz Əsədin vaxtında seçilmiş bir addır. Hafiz Əsəd, Səddam Hüseyn və Qəddafi birləşmiş ərəb ideyasının ilderlərindən idi. Onlar istəyirdilər ki, vahid ərəb dövləti olsun və 300 milyonluq ərəb xalqı dünyada supergüc kimi formalaşsın. Ərəb sözü ona görə Suriyanın adının yanında çəkilib. Bəşər Əsədin atası Hafiz Əsədin müdaifə etdiyi ideyanı dövlətdə ifadə ediblər. Bu birləşmiş ərəb ideyası məğlub olduğuna görə, onun ən böyük daşıyıcıları olan Səddam Hüseyn və Bəşər Əsəd sıradan çıxdığına görə, Suriyanın adından ərəb sözü götürülə bilər. Dediyim kimi, dövlətin adı etnik adlandırıla biməz. Xüsusən respublikadan söhbət gedirsə, heç ola bilməz. Məsələn, Özbəkistan deyə bilərik. Millətin adı ilə adlana bilər. Amma respulikalarda bu cür adlanması dorğu deyil. Bizdə də Azərbaycan respulikasıdır, azərbaycanlılar respublikası deyil ki… Amma bütövlükdə Rusiyanın müstəqil bir dövlətə konstitusiya yazıb və təqim etməsi və bunu onlara qəbul etdirməsi həm siyasi etikaya, həm də beynəlxalq hüquq normlarına ziddir. Eyni zamanda bu Suriya xalqını təhqir etməkdir. Qanun ictimai münasibətlərin normativ hala salınması deməkdir. Yəni Suriyada insanlar arasında hansı bir münasibət varsa, bunu normativ hala salırsan, bu da qanun olur. Konstitusiya da əsas qanundur. O konstitusiyanı yazanlar Suriya vətəndaşı deyil və Suriya xalqı arasındakı münasibətləri onlar haradan bilərlər ki o münasibətlər necədir və onu normallaşdırsınlar... Qanunvericilyin mahiyyətinə də ziddir ki, başqa bir xalq digər xalq üçün konstitusiya layihəsi bəyan edir. Hətta Sovet hökumətinin vaxtında, formal da olsa, respulikalara icazə verirdi ki, hər bir respublika öz konstitusiyasını yaratsın. Bu gün Rusiya Çeçenistana konstitusiya yazıb verib? Çeçenistan konstitusiyasını çeçenlər özləri yazırlar. Türkiyə və İranla razılaşmadan bu addımı atmaq özü də bu ittifaqa bir xələl gətirir. Bu baxımdan, Rusiyanın İran və Türkiyə ilə Suriya məsələsində əməkdaşlıq etməsini şübhə altına salır. Düşünürəm ki, yanlış bir addımdır”.
S. Cəlaloğlunun fikrincə, ilk baxışdan belə görünür ki, Amerika Suriyanı güzəştə gedir: “Məncə, Amerika Suriyanı tələyə pendiri qoyursan ki, siçan gələndə düşsün, o cür edir. Bir çox hallarda Amerika, Qərb Rusiyanı bu cür tutub. Müəyyən şirnikləndirci boşluqlar yaradıb. Futbolda süni ofsaydda ki, qol vurulur, sonra o qol sayılmır. Əfqanıstanda da elə oldu. Rusya Əfqanıstana girdi, sonradan məlum oldu ki, Rusiya Əfqanıstanda məhv oldu. Suriyaya da eynilə girdi. Çox güman ki, Suriya məsələsi də Rusiyaya çox baha başa gələcək. Guya ki, indi Amerika Suriyanı güzəştə gedib. Əslində güzətə getməyib. Yaxın Şərq çox strateji və vacib bir ərazidir. Orada Suriya İsrailə qarşı çox ciddi bir təhlükədir. İsrail də bu bölgədə Amerikanın ən yaxın dostudur. Bu o deməkdir ki, bundan sonra da Suriya Sovet dönəmindəki kimi Rusiya ilə yaxınlaşacaqsa, onda Suriyanın başına İsrail hansı oyunu açırdı, eyni proseslər Qərbin və Amerikanın dəstəyi ilə davam edəcək. Özü də yeni prezident birmənalı şəkildə yəhudi dövlətini, yəhudilərin maraqlarını müdafiə edir. İslama qarşı çıxış edir. Bu o deməkdir ki, Rusiyanı süni surətdə buraxıblar ki, İsrail Suriyanın yanında dursun. Özləri isə İsrailin yanında duracaqlar. Həm Suriyanı, həm də Yaxın Şərqi uzun müddət silahlanmaya cəlb edəcəklər və Rusiyanı çökdürəcəklər. Sovet hökumətini də bu cür çökdürdülər. Sovet hökumətini Əfqanıstan, Suriyada olan münaqişlərə cəlb etdilər. Düşünülmüş şəkildə geri çəkiliblər. Rusiya da elə bilir ki, nəsə udub. Halbuki dediyim kimi, Suriya indi siçanı tutmaq üçün tələyə qoyulmuş pendirdir. Birincisi, Suriya tam azad olunmayıb. Orada İŞİD və digər terrorçu qruplar var. İkincisi, bu konstitusiya qəbul ediləcəyi təqdirdə, orada Rusiyanın əleyhinə olan daxili qüvvələr yenidən prosesdə iştirak edib, ölkədəki qeyri-sabitliyl bir qədər də pozacaqlar. Suriyada həqiqi üzünmüddətli sülh və əməkdaşlıq yalnız Suriya xalqının hürr iradəsilə meydana çıxa bilər və bütün Suriyada yaşayan və siyasi marağı olan daxili qüvvələrin iradəsilə konstitusya meydana çıxa bilər ki, həmin konstitusiya bütünlükdə Suriyanın taleyini həll edər. Hər bir ölkənin ərazisində müəyyən etnik qruplar var. Suriyada, İraqda onlara muxtariyyət ver, bu nə deməkdir? Belə çıxır, bu kürdlərin qeyri-adi hüququ var ki, onlar harada yaşayırlarsa, onlara mütləq müxtariyyət verilməlidir. Niyə bəs Yunanıstanda türklərə muxtariyyət verilməsin? Yunanıstanda bir neçə milyon türk yaşayır. Onda onlara da muxtariyyət verilsin. Eləcə də Mosul, Kərkük şəhərləri tarixən İraq Əcəmi adlanır. Onlara da muxtariyyət yaradılsın. Həmçinin Almaniyada 4 miyondan artıq türk yaşayır, onlara da muxtariyyət verilsin. Dünya təcrübəsi göstərir ki, Sovetin federasiyalara bölünmə siyasəti yanlış bir siyasətdir. İlk baxışdan adama elə gəlir ki, millətlərin hüquqlarını müdafiə edirlər. Hətta SSRİ-də muxtar kəndlər var idi. Amma sonradan məlum oldu ki, bu muxtariyyət asılılığın Lenin tərəfindən düşünülmüş daha mökəm bir forması idi ki, zahirən insanlar müstəqil olduqlarını düşünürdülər. Amma faktiki olaraq müstəqillikləri yox idi. Bu gün dünyada unifikasiya gedir. Unitar dövlətlər yaradılır. Federasiya yeni münaqişələrə yol açır. Ona görə, Suriya düşmənçilyini aradan qaldırmaq istəyiriksə, Suriyanın unitar yapısı gözlənilməlidir. Rusiyanın bəyan etdiyi konstitusiya Türkiyənin maraqlarına uyğun deyil. Onda Türkiyə tutduğu ərazidə türk muxtar vilayəti yaradacaq. Vəziyyət daha da gərginləşəcək. Rusiyanın bu hərəkətini anlaya bilmirəm. Bu dərəcədə açıq şəkildə konstitusiya yazaq, sənə verək. Bu nə deməkdir? Rusiyanın bu hərəkəti onu göstərir ki, Suriya məsələsi davam edəcək və orada tezliklə sülh gözləmək mümkün olmayacaq. Çünki müxalifətin bəyanatında da deyilir ki, başqa dövlətin bizə konstitusya yazıb verməsi qəbuledilməzdir. Bunu nə İran, nə də Türkiyə qəbul edər. İran, Türkiyə və Rusiya razılaşdırılmış bir keçid konstitusiyası təqdim etsəydilər, bəlkə də Suriyadakı hadisələri nəzarət altına ala bilərdilər. Amma təklikdə bir dövlətin belə bir addım atması çox yanlışdır. Düşünürəm ki, bu, prosesin sülh yolu ilə tənzilmlənməsinə mane olacaq”.

Şamo Emin
Hurriyyet.org

11:20