Suriya dramında SON PƏRDƏ: Üçüncü Dünya Savaşına doğru

 

Natiq Miri: “Əsəd bundan kütləvi qırğın silahından artıq istifadə etməyəcək”

Elşən Manafov: “Putinin qərarları ABŞ-ı və NATO-nu Suriya ilə bağlı daha radikal addımlar atmaqdan çəkindirəcək”

 

Aprelin 7-də səhərə yaxın ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Əsəd ordusuna aid Şayrat aviabazasına 59 raket buraxılıb. Nəticədə aviabazanın uçuş-enmə zolağı, təyyarələrin dayanacağı və yanacaqdoldurma kompleksləri vurulub. ABŞ-ın raket zərbələri nəticəsində ölən insanların olduğu açıqlanıb. Suriya İnsan Haqlarının Monitorinqi Mərkəzi (SOHR) isə raket zərbələri nəticəsində azı 4 Suriya hərbçisinin öldüyünü və aviabazanın demək olar ki, tam dağıdıldığını bildirib. Qeyd edək ki, aprelin 4-də Bəşər Əsəd rejiminə aid hərbi təyyarələrin İdlib şəhərinə zərbələr endirməsi nəticəsində kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Məlumat üçün bildirək ki, Suriyanın ən strateji nöqtəsində Rusiyanın aviabazaları yerləşir.

ABŞ təşəbbüsü ələ alır

 

Politoloq Natiq Miri açıqlamasında, ABŞ-ın hərbi addımını onunla əsaslandırib ki, ABŞ birmənalı göstərdi ki, Obama dönəmindəki kimi Bəşər Əsəd rejiminin və onun müttəfiqlərinin xüsusilə kimyəvi silahlarla kütləvi şəkildə insanları məhv etməsinə dözməyəcək: “Bu, ABŞ dövlətinin hadisəyə yönəlik ilk ciddi hərbi reaksiyası idi. Digər tərəfdən bu, Əsəd və onu dəstəkləyən Rusiyanın rəhbərliyi altında olan koalisiyaya çox ciddi bir mesajdır ki, artıq proses bundan sonra sizin istədiyiniz kimi getməyəcək. Məhz bu cür bombardmandan sonra dərhal ABŞ-ın dövlət katibi Reks Tillerson açıqlama verdi ki, Suriya ilə bağlı sülh prosesi bundan sonra Cenevrədə başladılacaq. Bu da o anlama gəlir ki, artıq bu prosesdə təşəbbüsü yenidən ABŞ Rusiyanın və eyni zamanda regionda yerləşən ölkələrin əlindən alır. Bu prosesdə daha çox özü dominant dövlət kimi iştirak edəcək. Doğrudur, bu bombardmandan əvvəl Rusiyanın BMT-dəki nümayəndəsi bunun ağır nəticələrə gətirib çıxara biləcəyilə bağlı təhdid edici xəbərdarlıq etmişdi. Ancaq maraqlıdır ki, bombardmandan sonra hələlik Rusiyanın səsi çıxmır. Bu da onu göstərir ki, ABŞ-ın raket zərbələri tam hədəfə dəyib. Söhbət ondan gedir ki, Rusiya öz qarşısında güc görməyənə qədər zor gücü ilə daim prosesi təxribat xarakterli təhdid edən bir ölkədir. İlk dəfə olaraq ABŞ heç də Suriya məsələsində Rusiya ilə zarafat etmədiyini göstərdi”.

İran üçün dərs

 

Politoloqun qənaətincə, hərbi aviazərbələrdən sonra Rusiya ABŞ-la hərbi cəhətdən qarşı-qarşıya gəlməyəcək: “Zənnimcə, Rusiya daha çox dialoqdan yana təkliflərlə çıxış edəcək. Əgər Cenevrədə yeni bir sülh prosesi başladılacaqsa, Rusiya da iştirak etmək məcburiyyətində qalacaq. Buna görə də, bu hadisəni qarşıdurma kimi deyil, əksinə prosesdə bir kilid açarı kimi düşünürəm. Çünki ABŞ təsadüfən bu cür hərbi raketləri ilə Suriyadakı hərbi bazaları vurmadı. Hesab edirəm ki, bu mesaj bütün hədəflərə doğru çatdırıldı. Artıq bundan sonra həm İran, həm Suriya rejimi daha ehtiyatlı çıxış etmək məcburiyyətində qalacaq. Bundan sonra da kütləvi qırğın silahından artıq istifadə etməyəcək”.

“Gərginlik və qarşıdurma artacaq”

Politoloq Elşən Manafov isə bildirib ki, ABŞ-ın Suriyaya raket zərbələri endirməsi beynəlxalq hüquq normaları baxımından anlaşılan deyil: “BMT-nin müvafiq sanksiyaları və ya razılığı olmadan ABŞ-ın belə bir addım atması BMT-nin Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılası bir məsələdir. Təbii ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə prezident yanında təhlükəsizlik komitəsinin iclası keçirilib. Güman edirəm ki, Suriyada yaşanan hadisələrə Rusiyanın mövqeyi adekvat olacaq. Rusiya Suriyada, Yaxın və Orta Şərqdəki maraqlarından çıxış edərək belə bir qərar qəbul edəcək. Bu qərar Rusiya və Qərb arasında soyuq müharibənin isti savaşa keçməsinin qarşısını alacaq. Doğrudur, ABŞ və onun Qərb koalisiyası bunu Bəşər Əsədə sadiq qüvvələrin kimyəvi silah təzyiqi ilə bağlı məsələlərlə əlaqələndirir”.

Politoloqun qənaətincə, NATO-nun bu ölkəyə quru qoşunlarını yeridib-yeritməyəcəyi ilə bağlı məsələ müzakirə edilir: “Trampın addımlarında ziddiyyətli məqamlar var. Rusiya ilə bahəm beynəlxalq terrorizmə və İŞİD-ə qarşı mübarizə aparacağını bəyan edən Tramp, indi kifayət qədər fərqli və radikal bir mövqe sərgiləyir. Bu mövqe də Rusiya ilə beynəlxalq problemlərin həllində əməkdaşlıq etmir, əslində qarşıdurmanı özündə ehtiva edir. Əslində NATO tanklarının Rusiya sərhədlərinin 700 kilometrliyində dayanması, hazırda Pribaltikada yaşanan durum beynəlxalq birlik üçün yaxşı heç nə vəd etmir. Əgər Rusiya, İran o cümlədən Türkiyə bəzi addımlar atacaqsa, bu, Suriya ətrafında beynəlxalq eskalasiyanın daha da güclənməsinə və gərginliyin artmasına gətirib çıxaracaq”.

“ABŞ generalları anlamalıdır ki...”

 

Elşən Manafov onu da vurğulayıb ki, dünya elə bir həddədir burada sağlam və praqmatik düşüncə üstünlük təşkil etməlidir: “Radikal qərarlar və addımlar dünyanı nüvə müharibəsinə sürükləyə bilər. ABŞ-da, Suriyaya hərbi hava zərbələri endirmək istəyən hərbçilər də anlamalıdır ki, Suriyanın müttəfiqi olan Rusiya gerçəkdən dünyanın ən güclü nüvə silahına malik olan iki dövlətindən biridir. Rusiyanı belə addımlarla təhdid etmək və onunla təzyiq dili ilə danışmaq həm mümkün deyil, həm də doğru deyil. Hesab edirəm ki, Putinin sədrliyi ilə gedən təhlükəsizlik şurasının iclasında qəbul edilən qərar ABŞ-ı və NATO-nu Suriya ilə bağlı daha radikal addımlar atmağa və qərarlar qəbul etməkdən çəkindirəcək. Əgər ABŞ Suriyaya münasibətdə hərbi hava zərbələrinin endirilməsilə kifayətlənməyib İraqda olduğu kimi quru qoşunların iştirakilə geniş masştablı hərbi təlimləri keçəcəksə, bu, üçüncü dünya müharibəsi həddinə gətirib çıxarmasına səbəb olacaq. Nüvə müharibəsində qalib dövlət olmayacaq. Bunu beynəlxalq birliyin təhlükəsizliyilə bağlı məsələlərlə məsul olan siyasətçilər və dövlət xadimləri anlamalıdır”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

05:21