Suriya danışıqları: müxalifət İranı, hökumətsə Türkiyəni ittiham edir

Qazaxıstan başkəndi Astanada Suriya vətəndaş savaşında atəşkəsin möhkəmlənidirilməsinə dair danışıqların birinci günündə heç bir irəliləyiş əldə edilməyib. Yanvarın 23-də keçirilən danışıqlarda Suriya hökuməti və müxalifətinin nümayəndələri bir-birilə birbaşa təmasda deyildilər. Suriya müxalifətinin danışıqlardakı sözçüsü Yahya əl Aridi deyib ki, onun qrupu Rusiya və Türkiyə nümayəndələri ilə və BMT-nin xüsusi elçisi Staffan de Mistura-nın iştirakilə Suriyada ümumi atəşkəslə bağlı məsələləri müzakirə ediblər. Rusiya prezidentinin danışıqlardakı xüsusi nümayəndəsi Aleksandr Lavrentyev görüş zamanı “emosiyaların son dərəcə yüksək” olduğunu bildirib. Onun sözlərinə görə, buna baxmayaraq tərəflər “hər hansı pozucu hərəkətlərdən çəkiniblər”. Rusiya nümayəndəsi “birinci günün xeyli uğurlu” olduğunu deyib.

Suriya hökumətinin nümayəndəsi Bəşər Cəfəri Türkiyəni müxalifəti dəstəkləməkdə ittiham edib. Bu danışıqların başlanğıcında Suriya hökumətinin nümayəndəsi Bəşər əl Cəfəri deyib ki, başlıca məqsəd “siyasi proses” istəyən müxalifət qruplarının İslam Dövləti və ya Əl Qaida ilə bağlı qruplaşmalardan ayrılmasıdır. Lakin müxalifət sözçüsü Muhəmməd Əllüş açıq şəkildə bildirib ki, münaqişənin siyasi həlli yolunda birinci addım atəkəs və “prezident Bəşər əl Əssədin hakim dəstəsinin vəzifədən getməsi” olmalıdır. Əllüş eyni zamanda İran tərəfindən dəstəklənən qüvvələrin Suriyadan çıxmasını tələb edib. Bundan bir qədər uzağa gedərək Əllüş deyib ki, Əsədin tərəfində vuruşan xarici döyüşçülər terrorçu qruplaşmaların siyahısına salınmalıdır. O bildirib ki, bu mənada Livanın Hizbullah təşkilatı da istisna təşkil etmir. Əllüş bəyan edib ki, hazırda Suriya vətəndaşları iki cür terrorla üz-üzə qalıblar: “Bəşər Əsədin terroru” və “İD-in terroru”. Rusiya, İran və Türkiyə tərəfindən keçirilən bu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri və BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura müşahidəçi qismində iştirak edirlər.
Suriyanın milli barışıq naziri Əli Haidar AP agentliyinə deyib ki, Türkiyənin bu danışıqların təşkilatçılarından biri olmasına baxmayaraq, Ankara hələ də özünün “əsl niyyətlərini” ortaya qoymayıb, beləki o hələ də Suriya müxalifətinə dəstək verir. De Mistura isə Interfax agentliyinə bildirib ki, əgər bütün tərəflər monitorinq mexanizminə razı olsalar, onda atəşkəsin möhkəmlənəciyini gözləmək olar.
Rusiyanın xəbər agentlikləri qeyd edirlər ki, danışıqlar masasında Suriya hökumətinin nümayəndələri İran nümayəndələri ilə yanaşı oturublar, müxalifət isə Türkiyə nümayəndələrinin yanındadır. Bu da xəbər verilir ki, Rusiya və Türkiyə hələ də prezident Assad-ın siyasi gələcəyi barədə fikir ixtilafındadırlar, hərçənd Türkiyə xarici işlər nazirinin müavini Mehmet Şimşek yanvarın 20-də verdiyi bəyanatda hazırkı vəziyyətdə “münaqişə çözümünün Assad-sız həlli artıq realist görünmədiyini”demişdi.

Azadlıq.org

10:54