Sürgün əzabları, “Ruhani” harayı, mübhəm dərdlərlə bitən ömür... həyat hekayəti

 

...Uzaqdan bir “Ruhani” havası eşidilirdi. Bu hava onun yuxularından çəkilmirdi. Bu hava onun xəyallarının, arzularının və ümidlərinin ayrılmaz bir hissəsinə çevrilmişdi. Gecəsini, gündüzünü qara etmişdi, özünü, sözünü əlindən almışdı. Bu hava hər dəfə onun sazını köynəyindən çıxarıb sinəsinə gətirirdi...

 

Cəbhədən oğlunu gözləyirdi İsfəndiyar kişi. Sazı köynəkdən çıxarıb sinəsinə sıxmaq, “Ruhani” çalmaq üçün. Gedəndə atasına dönə-dönə tapşırmışdı. Qayıdandan sonra sazı özü divardan götürəcəkdi. Sazı köynəkdən çıxarıb sinəsinə sıxacaq və “Ruhani” çalacaqdı... Hər dəfə bu havanı eşidəndə yaşına uyğun olmayan bir cəldliklə kolun-kosun, ağacların arası ilə o səsə, o havaya doru qaçırdı İsfəndiyar kişi. Və hər dəfə “Ruhani”nin izinə düşüb evinə girəndə bayaqdan qulağından çəkilmək bilməyən bu hava birdən-birə qırılırdı. Barmaqlarında, dodağında, beynində, bir də divardan asılmış sazda donurdu. İsfəndiyar kişinin Böyük Vətən uğrunda döyüşlərə atılmış oğlundan isə xəbər çıxmırdı ki, çıxmırdı...

Deyəsən oğul axtarmaq görkəmli aktyor Məmmədrza Şeyxzamanovun kino taleyinə yazılmışdı. Bundan qabaq da oğul axtarmışdı. “Əhməd haradadır” filmində. Amma sazı köynəkdən çıxarıb sinəsinə sıxmaq, “Ruhani” çalmaq üçün yox, evləndirmək üçün...

Repressiya onların da ailəsindən yan keçmir...

Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə dünyaya gəlib. Bu, həm atasının, həm də anasının ikinci nikahı idi - hər ikisi əvvəlki həyat yoldaşını itirib dul qalmışdı. Birinci evlilikdən atasının bir oğlu, anasının iki uşağı vardı. Bu nikahdan isə bir oğul, iki qız doğulmuşdu. Beləcə, ailədə 6 övlad böyüyürdü. Ancaq Məmmədrzanın hələ 3 yaşı olmamış ailə ilk bədbəxtliklə üzləşir. Atası dünyasını dəyişir. Elə o andan etibarən ailənin bütün yükü anası Böyükxanımın çiyinlərinə düşür. Evdar qadın olan anası inqilabdan sonra Gəncədəki toxuculuq fabrikində işləməyə başlayır. Bununla da evinə çörək pulu qazanır.

Çox keçmir ki, Şeyxzamanovlar ailəsinin başına faciələr gəlməyə başlayır. 1918-20-ci illərdə mövcud olan 23 aylıq Cümhuriyyətimiz süquta uğrayandan sonra müstəqillik tərəfdarları arasında aparılan “təmizləmələr” bu nəslə də şamil olunur, yaxın qohumları repressiyaya məruz qalır. Məmmədrzanın əmisi oğlu, həm də bacısının yoldaşı Nağı Şeyxzamanov Azərbaycan Demokratik Respublikasının ilk təhlükəsizlik orqanına rəhbərlik edirdi. Sovet hökuməti qurulanda Nağı Şeyxzamanov Türkiyəyə gedir və orada yaşayır. (Nəvəsi hazırda Amerika-Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəridir). Ancaq Nağı Şeyxzamanovun qardaşı Əhmədi xilas etmək mümkün olmur və o, asılaraq edam edilir. Məmmədrzanın qardaşı Ələsgər isə onda Türkiyədə təhsil alırdı. Hadisələr baş verən zaman Ələsgər bura qayıda bilmir. Sonradan İtaliyaya mühacirət edib, orada yaşayır. (Onun nəvələri də hazırda İtaliyada yaşayır). Bütün bunlar ailənin bəxtinə, taleyinə kədərli bir iz salır. Onlar hər xırda şeylərə görə təqiblərə məruz qalır, olmazın çətinliklər və problemlərlə üzləşirlər.

Özü isə xanımı və qızı ilə birlikdə sürgün olunur

Ailənin başsız qalmasına, yaşanan çətinliklərə baxmayaraq, Böyükxanım övladlarını təhsildən yayındırmır. Məmmədrza hələ orta məktəbdə istedadı, tərbiyəsi və savadı ilə fərqlənirdi. Aktyorluq sənətinə olan maraq və həvəs də elə o dövrlərdə özünü göstərməkdə idi. Ona görə də Məmmədrza orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olur. 1934-cü ildə isə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilir. İlk dəfə Ə.Həmidin “Hind qızı” tamaşasında Brahma adlı kiçik rolla səhnəyə çıxır. Bu, gələcək aktyorun professional teatr səhnəsinə, sənət zirvəsinə doğru gedən yolda atdığı ilk uğurlu addımı olur. Teatrda çalışdığı illərdə “Vaqif” (Eldar), “Fərhad və Şirin” (Fərhad), “Yaşar” (İmamyar), “İki qardaş” (Yuri) və digər tamaşalarda yaddaqalan obrazlar yaradır...

Deyəsən, həyat üzünə gülməyə başlayırdı. Ailə də qurmuşdu. Nigar xanımla Gəncədə qonşuluqda yaşayırdılar. İllərdir bir-birini tanıyıb sevirdilər. Nigar ərə gedəndə 18 yaşı olardı. Məmmədrza ondan 5-6 yaş böyük idi. Artıq ilk övladları Kəmalə də dünyaya gəlmişdi. Bir sözlə, həm teatrdakı işləri, həm də şəxsi həyatı öz axarına düşmüşdü. Ancaq bu sevincin də ömrü uzun olmur. Çox keçmir ki, ailə daha bir faciəylə qarşı-qarşıya gəlir. Məmmədrza Şeyxzamanovun özü repressiyaya məruz qalır. Ailəsi ilə birlikdə... Səbəb gün kimi aydın idi – ailə üzvləri, qohumluq əlaqələri, pantürkist damğası. Bunlar onun sürgün olunması üçün əsas gətirilir. Amma sürgündən öncə gənc aktyorun həyat yoldaşı “KQB”yə çağırılır. Ona yoldaşının xalq düşməni olduğunu təsdiq edən ərizə yazmasını tapşırırlar. Nigar xanım bununla razılaşmır, “ərim harda, mən də orda”, - deyə cavab verir.

Məmmədrza Şeyxzamanov xanımı və 2-3 yaşlı qızı ilə birgə Qazaxıstanın ucqar vilayətlərindən birinə sürgün olunur. Düz 7 il sürgündə olmazın əzablar çəkirlər. Bu illər ərzində əkiz oğlanları və daha bir qızları doğulur. Ancaq sürgün həyatının əziyyəti körpələrin də səhhətində özünü göstərir. Uşaqların heç biri sağ qalmır. 7 ildən sonra aktyorun amnistiyası ilə bağlı xəbər çıxır. Lakin amnistiya kağızını ondan gizlədirlər. İstedadına bələd olduqlarından aktyorun elə orada qalmasını istəyirlər. Ancaq artıq “bıçaq sümüyə dirənmişdi”. Nəhayət, Məmmədrza Şeyxzamanov qəti qərarını verir. Və gecənin birində arvad-uşağını da götürüb gizlicə Gəncəyə gəlir. Növbəti sürgün həyatı isə burda davam edir. Xeyli müddət Gəncədəki qohum-əqrəbasının evində gizlənmək məcburiyyətində qalır. Sonda ona xalq şairi Səməd Vurğun kömək edir... Şair aktyoru hələ illər öncədən tanıyırdı. Gəncə teatrında “Vaqif” tamaşasında oynadığı vaxtlardan onu görüb bəyənmişdi. Ona görə də can-başla ona kömək etmiş, sənədlərini düzəltdirmişdi... Beləcə, Məmmədrza Şeyxzamanov Səməd Vurğunun sayəsində ikinci sürgün həyatından qurtulur.

Gəncədən Bakıya...

 

Bundan sonra ailənin başı üzərindəki qara buludlar dağılır. Aktyorun sənət həyatı da müsbətə doğru dəyişir. Yenidən Gəncə teatrında fəaliyyətini davam etdirir. 1954-cü ildə 40 yaşa çatmış Məmmədrza Şeyxzamanov Mədəniyyət Nazirliyinin əmrilə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrına aktyor təyin olunur. Buna görə də həyat yoldaşı və qızı ilə birlikdə Gəncədən Bakıya köçür. Paytaxt həyatı peşəsində də yeni üfüqlər yaradır. 17 ildən sonra ikinci qızı Afaq, sonra üçüncü qızı dünyaya gəlir. Bura gəldiyi vaxtdan etibarən sənət yolundakı “yaşıl işığı” da daha gur yanmağa başlayır. Yaratdığı müxtəlif səpkili obrazlarla daha çox tanınıb sevilir. Teatrda “Göz həkimi”ndə Şahbazov, “Qış nağılı”nda Poliksen, “Fərhad və Şirin”də Xosrov, “Vaqif”də Qacar, “Otello”da Otello, “Aydın”da Aydın, “Qaçaq Nəbi”də Qaçaq Nəbi, “Vaqif”də Eldar kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradır. Böyük aktyorluq məharəti ilə ifa etdiyi obrazların xarakterini aça bilir. Onu digər aktyorlardan fərqləndirən bir cəhət də səsi olur. Şeyxzamanovun səslər içində seçilən, əsl səhnə və kino səsi vardı. Elə bir səs ki, kimə məxsus olduğu anındaca bilinirdi. O, xaraktercə də digərlərindən seçilirdi. Zəngin dünyagörüşünə malik bir şəxsiyyət idi. Heç kimdən qorxmazdı. Mərd idi. Ürəyindən keçən sözü üzə deyərdi, arxaca danışmazdı. Düzlüyü çox sevirdi. Kimliyindən asılı olmayaraq, həmişə həqiqətin tərəfdarı olardı. Elə üzünə baxanda görünürdü ki, yerini bilən adamdır. Şit, yersiz zarafatları xoşlamırdı. Amma yaxın adamları, yoldaşları arasında duzlu, məzəli zarafatları da əskik olmazdı. Bir sözlə, o, əsl Azərbaycan kişisinin tipik nümunəsi idi. Yaxınları, dostları və tanışları arasında isə bir ləqəbi vardı - “Yaxşı kişi”.

Məmmədrza Şeyxzamanov ailədə də bir başqaydı. Qızı Afaq Şeyxzamanova deyir ki, atasının ciddi xasiyyəti vardı. Yeri gələndə zarafatları da olurdu, amma bircə sərt baxışı hər şeyə bəs idi: “O, çox gözəl, nəvazişli ata olub. Məni heyrətləndirən həm də onun biliyi idi. Tarixi çox gözəl bilirdi. Hansısa mədəni, tarixi yerlər barədə elə bilgilər verirdi ki, məəttəl qalırdım. Ümumiyyətlə, səxavətli, qəlbi təmiz, ürəyi açıq insan olub atam. Yumşaqlıq, kövrəklik, humanistlik ona xas olan cəhətlərdən idi. O, hamıyla öz dili ilə danışırdı. Böyüklə böyük, uşaqla uşaq kimi rəftar edirdi”.

Atası ilə ilk dəfə çəkilişə gedəndə Afaqın 17 yaşı vardı. Gördükləri onda da aktyorluq sənətinə maraq oyatmışdı. Hətta atasının yolunu davam etdirmək fikrinə düşmüşdü. Onun bu istəyinə atası etiraz etməsə də, konkret “hə” də deməmişdi: “Atam bu istəyimə qarşı çıxmadı. Dedi, “aktyorluq çox çətin sənətdir. Onun çətinliklərinə dözmək lazımdır. Ən əsası isə gərək istedadın olsun. Əgər özündə o istedadı hiss edirsənsə, ol. Amma gərək elə aktrisa olasan ki, mənim adıma layiq olsun. Orta səviyyəli aktrisa olacaqsansa, bu, mənə yaraşmaz”. Atamın bu müdrik sözlərindən sonra xeyli fikirləşdim və gördüm ki, o, haqlıdır. Məndə o cür istedad yoxdur. Elə o vaxtdan da aktrisa olmaq fikrindən daşındım. Sonradan da ailəmizdə atamın yolunu davam etdirən olmadı. Amma indi qız nəvəmdə o istedadı hiss edirəm. Elə bil aktrisalıq canında, qanında var. Düzdü, hələ uşaqdır. Amma kim bilir, bəlkə gələcəkdə atamın yolunu elə o davam etdirdi...”

İsfəndiyar kişinin “Ruhani” harayı

 

Teatr sənətinin görkəmli nümayəndəsi olan Məmmədrza Şeyxzamanov kinoda da sevilən obrazların yaradıcısı kimi iz qoyub. Onun adı çəkilən kimi ilk olaraq yadımıza Şirin kişi və İsfəndiyar kişi rolları düşür.

Məmmədrza Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə çıxır. “Bəxtiyar” filmində professor Teymur Rəcəbov rolu ilə. Bu, onun kinoda ilk uğurlu işi olur. Ardınca Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilir. Müxtəlif illərdə “Qızmar günəş altında”da Alı kişi, “Leyli və Məcnun”da Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Onu bağışlamaq olarmı”da polkovnik Qurbanov, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm, “Böyük dayaq”da Şərəfoğlu kimi obrazlar yaradır. Onun unudulmaz rollarından biri 1963-cü ildə böyük sənətkarımız Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi musiqili komediya filmində - “Əhməd haradadır”da Şirin kişi obrazıdır. Şirin azərbaycanlı kənd kişilərinin tipik nümunəsidir. O, məişət əhvalatları zəminində çəkilmiş bu şirin, yumşaq komediyanın bədii yükünün daşıyıcılarındandır.

Məmmədrza Şeyxzamanovu Azərbaycan tamaşaçısına sevdirən daha bir yaddaqalan obrazı Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi “Tütək səsi” filmindəki İsfəndiyar kişidir. Aktyor psixoloji obraz olan İsfəndiyar kişinin daxili aləmini, psixoloji vəziyyətini məharətlə ifadə edə bilmişdi. Filmdə Milli obrazını yaradan aktrisa Xalidə Quliyeva xatırlayır ki, İsfəndiyar kişinin sazı gətirib “Ruhani” çala-çala ağladığı səhnə 9 dubla çəkilib. Və hər dublda Şeyxzamanov həqiqətən də göz yaşı axıdaraq ağlayıb. Çünki bu rol ona çox yaxın idi. O, bu dəhşətli müharibəni görmüşdü. Ağrılarını da dadmışdı. Bəlkə də bu səhnə çəkiləndə, “Ruhani”nin səsini eşidəndə o, illər öncəsinə qayıdırdı. Repressiya olunmuş qohumlarını, Qazaxıstandakı sürgün həyatını, çəkdiyi əzab-əziyyətləri xatırlayırdı. Bəlkə də “Ruhani” havası bütün bunları gözünün önünə gətirib o hissləri yenidən yaşamasına vadar edirdi. Bəlkə də köhnə çuxalı İsfəndiyar kişi elə onun özüydü - bir zamanlar sevdiklərindən, qardaş-bacısından uzaq düşmüş Məmmədrza Şeyxzamanov...

1984-cü il yanvarın 25-də gözəl insan, böyük sənətkar, Yaxşı Kişi - Məmmədrza Şeyxzamanov gözlərini dünyaya əbədi yumdu...

...Uzaqdan bir “Ruhani” havası eşidilirdi. Bu hava həmişə onunla idi. Bu hava onun qulaqlarından, yuxularından, arzularından çəkilmək bilmirdi. Bu hava hər dəfə onun sazını köynəkdən çıxarıb sinəsinə gətirirdi. Cəbhəyə yola saldığı oğlunu səbirsizliklə gözləyirdi İsfəndiyar kişi. Sazı köynəkdən çıxarıb sinəsinə sıxmaq, “Ruhani” çalmaq üçün.
...Uzaqdan bir “Ruhani” havası eşidilirdi. Yaxınlaşmaq istədikcə bu hava ondan daha da uzaqlaşırdı. Və birdən-birə qırılırdı. İsfəndiyar kişinin yuxularında, ümidlərində, arzularında, xəyallarında və bir də divardan asılmış köynəkdə gizlənən sazda donub qalırdı.

...Uzaqdan bir “Ruhani” havası eşidilirdi. İsfəndiyar kişinin Böyük Vətən uğrunda döyüşlərə atılmış oğlundan isə xəbər çıxmırdı ki, çıxmırdı. Və çıxmayacaqdı da...

Xəyalə Muradlı

 

11:34