Sumqayıtda Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan ümumşəhər tədbiri keçirilib. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, idarə, müəssissə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, təqdim olunan ədəbi-bədii proqramda xalqımızın müstəqillik tarixinin ən şanlı səhifələrindən biri - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin təsis edilməsi, fəaliyyəti və süqutu, parlamentin ilk iclası, sovetlər dövrü və ən yeni tariximizin səhifələri, obrazları canlandırılıb. AXC-nin ilk hökumət üzvlərinin oxuduğu Cümhuriyyətin himninin səs yazısının səsləndirilməsi tədbirə xüsusi rəng qatıb.

Monitorlarda göstərilən tarixi sənədlər, fotolar, videokadrlar səhnədə cərəyan edən hadisələri daha dolğun, təsirli edirdi.

Ədəbi-bədii proqram maraqla qarşılanıb.

Tədbir Azərbaycanı tərənnüm edən mahnıların ifası ilə başa çatıb.

Xudaferin.eu

13:42