ŞƏT-ə doğru, irəli?

Şanxay Əməkdaşlıq Təşkilatında təmsilçilik Azərbaycana nə vəd edir: iqtisadi maraqlar, siyasi risklər...

Azərbaycan dialoq tərəfdaşı olduğu Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu əldə edə bilər. Çünki Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusu almaq üçün etdiyi müraciəti dəstəkləyir. Avqustun 26-da Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycandan olan həmkarı Ceyhun Bayramov arasında baş tutan danışıqlardan sonra keçirilən mətbuat konfransında Lavrov bu haqda açıqlama verib. O, C.Bayramovla bir çox beynəlxalq formatlarda, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatında  koordinasiyanın gücləndirilməsini müzakirə etdiyini bildirib. Rusiyalı XİN rəhbəri bildirib ki,  rəsmi Bakı bu təşkilatda dialoq tərəfdaşı statusuna malikdir və onu müşahidəçi səviyyəsinə qaldırmaqda maraqlıdır. “Biz belə bir müraciəti dəstəkləyəcəyik”- deyə Lavrov əlavə edib.

Qeyd edək ki, Rusiya ilə Çin Şanxay Əməkdaşlıq Təşkilatına yön verən iki ən güclü dövlətdir və Lavrovun bu bəyanatı səmimidirsə, Azərbaycanın müşahidəçi statusu alması çox çətin görünmür. Onu da qeyd edək ki, siyasi çalarları ilə yanaşı, daha çox iqtisadi təşkilat olan Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana iqtisadi baxımdan da üstünlüklər qazandıra bilər.

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında məsələ ilə bağlı şərh verərək bildirdi ki, Azərbaycanın müxtəlif beynəlxalq formatlarda iştirakı iqtisadi baxımdan müəyyən üstünlüklərin qazanılması üçün mühümdür: “Sadəcə  bəzi formatlar var ki, orada iqtisadi məsələlərdən daha çox siyasi mesajların üstülük təşkil etməsi ehtimalı var. Şanxay təşkilatı həm iqtisadi , həm də siyasi mesajların önə çıxdığı qurumdur. Bundan Çinlə Rusiya birgə müəyyən geosiyasi proseslərdə eyni mövqedən çıxış etmək üçün bir platforma kimi istifadə edirlər.

Natiq Cəfərli: "Onlar bu qədər bədbəxtdir"

 

Natiq Cəfərli

Bu təşkilatın siyasi tərəfindənsə, iqtisadi tərəfində Azərbaycanın iştirakı daha vacibdir. Azərbaycan öz iqtisadi maraqları çərçivəsində bu təşkilatın üzv ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında daha çox maraqlı olmalıdır. Çünki Azərbaycanın iqtisadi münasibətləri Qərblə daha çox bağlıdır. Bütün enerji layihələri, enerji bazarları, idxal-ixrac əməliyyatlarında Avropa Birliyinin rolu çox yüksəkdir. Bunu diversifikasiya etmək üçün, çoxşaxəli modelə keçmək üçün Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatından da istifadə edə bilər, iqtisadi maraqlarının yerinə yetirilməsi üçün faydalana bilər”.

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu Azərbaycan üçün iqtisadi mənada faydalı olsa da, siyasi baxımdan diqqətli olmaq gərəkdir: “Azərbaycan regional iqtisadi layihələrdə fəal iştirak edir. Ceyhun Bayramov Moskvada səfəri zamanı Lavrovla görüşəndə bu layihələr barədə də geniş fikir mübadiləsi apardı. Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müzakirə oldu, regional layihələrlə bağlı Lavrov hətta Azərbaycanı strateji tərəfdaş adlandırdı. Lavrov onu da qeyd etdi ki,  Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi statusunda qatılmasını dəstəkləyəcək. Üzvlük heç Azərbaycana lazım deyil. Müşahidəçi statusunda qatılması Azərbaycana heç mənfi təsir etməz. Regional layihələrdən söhbət gedərkən bizim üçün hazırda ən mühüm layihə Bakı-Tiflis-Qars dəmiryolunun işlək vəziyyətdə olmasıdır. Çünki Çindən çıxan yüklərin də bir hissəsinin Avropaya daşınması mühümdür, Türkiyə də bu xəttin işləməsini istəyir. Yerli gəlmişkən, Türkiyə özü də Şanxay Əməkdaşlıq Təşkilatına maraq göstərir və o da müşahidəçi statusunda qatılmaq istəyir. Bu təşkilatda təkcə Rusiya deyil, Qazaxıstan, Özbəkistan, Pakistan və digərləri var ki, bizim bu dövlətlərin özü  ilə də yaxşı əlaqələrimiz var. Biz iqtisadiyyatı və regional planları ön planda tutduğumuz üçün  Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük fayda verə bilər, bu siyasi təşkilat deyil”.

Evdə qal" kampaniyası artıq işləmir və əsəblərə təsir edir" - ELXAN  ŞAHİNOĞLU - Hürriyyət

 

Elxan Şahinoğlu

Politoloq onu da vurğuladı ki, Rusiya və Çinin olduğu yerdə ehtiyatı əldən vermək də olmaz: “Rusiya və Çin əslində təhlükəli ölkələrdi, həm də Qərblə münasibətlərində çox problemlər var. Bunu da nəzərə almalıyıq. Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi statusunda qatılsaq belə, bu, Qərb ölkələrində və Amerikada müəyyən qədər suallar yaradacaq. Biz xarici siyasətimizdə müstəqil ölkəyik, müstəqil qərarlar verə bilərik. Ancaq onu da nəzərdən qaçırmayaq ki, hazırda Çinlə Amerika arasında çox ciddi problemlər var, Çini plagiatlıqda ittiham edirlər. Həqiqətən də dünyada nə yaxşı ideya varsa, Çin onu oğurlayır və fabrik-zavodlarında onun bənzərini istehsal etməyə başlayır. İnnovativ ideyaları oğurlayır və Çinin kəşfiyyat xidmətləri bu istiqamətdə fəaldırlar. İş o yerə Hindistan belə Çinin mobil şirkətlərinin təkliflərindən imtina edib. Çinin siyasəti bundan ibarətdir ki, hansı ölkəyə yatırım qoyursa, o ölkəni siyasi baxımdan da  təsiri altına salmağa çalışır. Mərkəzi Asiyada da  Çinlə bağlı təhlükəli vəziyyət yaranıb. Uzun illər kasıb ölkələrə verdiyi kreditlərin nəticəsində bu ölkələri təsir altına salıb. İnvestisiyalardan sonra həmin ölkəyə Çinin miqrantları gəlir, bu ölkə siyasi tələblər irəli sürür.

Biz Çinlə münasibətlərdə ehtiyatlı olmalıyıq. Vaxtilə Çin Azərbaycanda da Ələt limanına böyük maraq göstərirdi, o zaman Azərbaycan prezidenti bu məsələdə ehtiyatlı davrandı və doğru qərar verdi. Çin burada böyük layihələrdə iştirak etmək istəyirdi, biz buna yol verə bilmərik".

Politoloq vurğuladı ki, eyni sözləri Rusiya ilə bağlı da demək olar: “Hazırda bizim Rusiya ilə münasibətlərimiz normaldır, iqtisadi və ticarət münasibətlərimiz var. Lavrovun bir fikri məni çox düşündürdü. O, Ceyhun Bayramovla mətbuat konfransında belə bir fikir söylədi ki, Rəşt -Astara layihəsini bitirmək lazımdır. Bu əslində rəsmi Bakıya xoş olmayan mesajdır. Çünki Azərbaycan Rəşt-Astara dəmiryolunun tikintisinə İran üçün 500 milyon dollar kredit ayıracağını vəd vermişdi. Ancaq sonradan Amerika İrana sanksiya təşkil etdikdən sonra, biz obyektiv olaraq bu maliyyəni ayıra bilmirik. Lavrov da dünənki açıqlamasında bizə dolayısı ilə təzyiq edir ki, bu məsələni reallaşdırın, onu Həştərxana kimi uzadaq. Belə təzyiq alətləri var ki, ondan Çin də Rusiya da istifadə edir. Ona görə də,  biz Şanxay Əməkdaşlıq Təşkilatına nə qədər maraq göstərsək də, Rusiya Çinin siyasətinə diqqət yetirməliyik”.

Bu təşkilata üzvlüyün yeni bazarlara çıxış imkanları yaratması ehtimalına gəlincə, E. Şahinoğlu vurğuladı ki, bu barədə birmənalı danışmaq doğru olmaz: “Şanxay Əməkdaşlıq Təşkilatında Hindistanda da var, Pakistan da, Çin də var. Bu dövlətlər indi bir-biri ilə qırğındadırlar. Münasibətləri çox gərgindir. Hətta Çinlə Hindistan sərhəddində toqquşma olmuşdu, hər iki tərəfdən həlak olanlar var idi. Hindistan və Pakistan arasında münasibətlər də normal deyil.  Hər üçü ŞƏT-in üzvüdür. Ona görə, bu barədə konkret söz demək çətindir ki, təşkilata üzvlük böyük nəticələr verəcək”.

xudaferin.eu

10:18