“Səslən, tarım”

 

Xalq artisti Ramiz Quliyevin 70 illiyi münasibəti ilə  Xəzər Universitetinin “Dünya” konsert salonunda görkəmli tarzən, Xalq artisti, professor Ramiz Quliyevin 70 illik yubileyinə həsr olunan “Səslən, tarım” adlı gecə keçirilib.
 

Tədbiri musiqişünas Nərgiz Kərimova açaraq sənətkarın həyat və yaradıcılığından danışdı. Qeyd olundu ki, Ramiz Quliyev 30 aprel 1947-ci ildə Ağdam şəhərində dünyaya göz açıb. Şəhər 7 illik musiqi məktəbində, sonra Üzeyir Hacıbəyli adına Ağdam Orta ixtisas musiqi məktəbində oxuyub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb. Bildirildi ki, Ramiz Quliyev 20-dən çox ölkədə konsertlər verib. Milli muğamlarımızı və bəstəkarlarımızın əsərlərini məharətlə ifa edərək dinləyicilərin zövqünü oxşayıb.

A.Zeynallı adına Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımov çıxış edərək R.Quliyevin sənətə, xüsusilə də milli musiqi alətlərimizin şahı olan tara ülvi tellərlə bağlı olduğundan söz açdı.

Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov tarzənin sənətkarlıq məziyyətlərini yüksək qiymətləndirdi: “Ramiz Quliyev milli musiqimizə qəlbən bağlanan və onu dünyada təbliğ edən bir sənətkardır. O, tarda nəinki muğamlarımızı, dünya xalqlarının əsərlərini də ustalıqla ifa edir”.

Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqova R.Quliyevin yaradıcılığı ilə məktəb yaratdığını, bu məktəbin yetirməsi olduğuna görə özünü xoşbəxt hiss etdiyini dilə gətirdi.

Universitetin təsisçisi və Qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı qeyd etdi ki, R.Quliyev ünlü sənətkar olmaqla bərabər, həm də müqəddəs musiqi alətimizin gözəl təbliğatçısıdır.

Çıxışlardan sonra sənətkara hədiyyələr təqdim edildi. Yubilyar Xəzər Universiteti Kamera orkestrinin müşayiəti ilə Qəmbər Hüseynlinin “İlk məhəbbət”, Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Aişənin rəqsi”, “Qızların rəqsi”, Anton Rubenşteynin “Əndəlis rəqsi”, Frans Şubertin “Serenada”, Tofiq Quliyevin “Mahnılardan ibarət fantaziya”, Vasif Adıgözəlovun “Qərənfil”, Vittorio Montinin “Çardaş”, Sərdar Fərəcovun “Qarabağnamə” əsərlərini ifa etdi. Bütün ifalar sürəkli alqışlarla qarşılandı. Sonda Ramiz Quliyev tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.

Xudaferin.eu

19:23