Sərhədsiz Reportyorlar Turan agentliyinə qarşı təzyiqi pisləyib

 

"Sərhədsiz Reportyorlar" beynəlxalq mətbuatı müdafiə təşkilatı Azərbaycan hakimiyyətinin bu ölkədə sonuncu müstəqil KİV olan Turan İnformasiya Agentliyinə təzyiq vasitəsi kimi vergi orqanlarından istifadə etməsini pisləyib. Bu barədə təşkilatın saytında yerləşdirdiyi bəyanatda deyilir.

Məlumata görə, vergi orqanları agentliyi ümumi məbləği 37 min manat (16 min avroya yaxın) vergini ödəməməkdə ittiham edib və avqustun 7-də cinayət araşdırmasına başlayıb, auditin başlanması üçün öz nümayəndələrini agentliyə göndərib. Turan ittihamları rədd edərək Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Qeyd olunub ki, bundan öncə də vergi orqanları agentliyi vergi ödəməməkdə ittiham ediblər. Ancaq Vergilər Nazirliyinə şikayətdən və aparılan yoxlamadan sonra iddialar aradan qaldırılıb. "Bu, Azərbaycanda sonuncu müstəqil KİV-i susdurmaq cəhdindən başqa bir şey deyil", - təşkilatın Şərqi Avropa və Asiya şöbəsinin rəhbəri Yohan Birr bildirib.

"Bu iş agentliyin iqtisadi durumunun pozulmasına yönəlib. Biz hakimiyyəti sonuncu müstəqil KİV-in sistematik təqib edilməsi praktikasına son qoymağa və Turana qarşı təhqiqatları dayandırmağa çağırırıq", bəyanatda vurğulanır.

Sənəddə qeyd olunur ki, ən həssas mövzuları işıqlandırmaqdan çəkinməyən Turanın peşəkarlığı sayəsində agentlik avtoritar rejimin hökm sürdüyü ölkədə "mühüm informasiya mənbəyi" olaraq qalır.

Hazırda hakimiyyət media plüralizmini məhv etmək üçün hər şey edir. Belə ki, son illər maliyyə problemləri ilə əlaqədar "Zerkalo" və "Azadlıq" qəzetləribağlanıb. Sonuncu müxalifət qəzeti "Azadlıq" gündəlik nəşrini dayandırmalı olub. "Sərhədsiz Reportyorlar"ın indeksinə görə, Azərbaycan media azadlığınınsəviyyəsi üzrə 180 ölkə arasında 162-ci yeri tutur.

Amerikaninsesi.org

10:05