“Soyqırımı Muzeyi” kitab-albomunun təqdimatı

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun ərsəyə gətirdiyi “Soyqırımı Muzeyi” kitab-albomunun və Hərbi Prokurorluğun sifarişi ilə Müdafiə Nazirliyinin nəzdindəki “Sənədli və tədris filmlər studiyası”nda hazırlanan “Əsrin faciəsi” sənədli filminin təqdimat mərasimi keçirilib.
 

Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, bu günlərdə həm Azərbaycanda, həm də dünyanın bir sıra ölkələrində XX əsrin faciəsi - Xocalı soyqırımının ildönümü ilə bağlı müxtəlif səpkili tədbirlər keçirilir. Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov qeyd edib ki, institutda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri də xalqımıza qarşı ermənilərin həyata keçirdikləri soyqırımları tarixinin araşdırılmasıdır: “Tarix İnstitutunda son onillikdə dünyanın müxtəlif ölkələrindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımını əks etdirən külli miqdarda arxiv sənədləri gətirilərək toplu şəklində nəşr olunub və tarixçilərimiz bu sənədlər əsasında ölkəmizin bütün bölgələrində həyata keçirilmiş soyqırımlarına ayrı-ayrılıqda tədqiqat əsərləri həsr ediblər”.

Respublikanın hərbi prokuroru, əməkdar hüquqşünas Xanlar Vəliyev kitab-albomun əhəmiyyətindən danışıb və bildirib ki, Hərbi Prokurorluğun Soyqırımı Muzeyi XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib. Muzey dörd bölmədən - tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarət olmaqla 320 kvadratmetrlik sahəni əhatə edir.

Muzeyin yaradılmasında əsas məqsəd XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri barədə tarixi həqiqətləri əyani şəkildə gələcək nəsillərə çatdırmaq və ictimaiyyət arasında təbliğini genişləndirməkdir.

Xudaferin.eu

 

09:16