Soydaşımız Başkortstanda Baş nazirin müavini təyin edilib

Soydaşımız Fərhad Səmədov Başkortstan Respublikası Prezidentinin Fərmanı ilə Baş nazirin müavini təyin olunub. Soydaşımız Başkortstan Respublikasında sənaye, innovasiya prosesləri, informasiya texnologiyaları sahəsinə nəzarət edəcək.

Qeyd edək ki, Fərhad Səmədov 1959-cu ildə Gürcüstanın Qardabani şəhərində anadan olub. Moskvada Mühəndis-İnşaat İnstitutunu bitirib. Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycan Respublikasında başlayıb, mühəndis və böyük mühəndis vəzifələrində çalışıb. 1994-1998-ci illərdə “Eksimer” elm-istehsalat müəssisəsinin baş direktorunun müavini olub. 2000-ci illərin əvvəllərindən başlayaraq 2009-cu ilə qədər Başkortstanın iri müəssisələri olan “Kaustik” QSC-yə, “Soda” ASC-yə rəhbərlik edib. Fəxri kimyaçısı olan Fərhad Səmədov Baş nazirin müavini təyin edilənə kimi “Birləşmiş neftkimya şirkəti”nin prezidenti olub.

P.S. “Avropa - Azərbaycanın Dostları Cəmiyyəti”nin rəhbərliyi və “XUDAFƏRİN dərgisinin “XUDAFERİN.EU” saytının kollektivi adından soydaşımız Fərhad Səmədovu təbrik edirik. İnanırıq ki, qürbət ellərdə yaşayan və sayğın-başarılı bütün soydaşlarımız da bunca uğurlar qazanacaqlar. 

Xudaferin.eu

 

 

11:18