“Sovetski sakinləri necə aldadılır?”

Daşınmaz əmlak üçün kompensasiyanın qanuni hesablanma qaydası

İllərdir iqtidar məmurları və onların dəstək verdikləri tikinti şirkətləri əhalimizin mülkiyyət məsələsində hüquqlarını hər addımda tapdalamaq siyasəti aparırlar.  
Dövlətimizin və xalqımızın taleyinə biganə qalmamalıyıq.

Bunları düşünərək, hal-hazırda çoxları üçün vacib olan qanunun mahiyyətini qısa şəkildə izah etməyi özümə borc bilirəm.

Öncə qeyd etmək istəyirəm ki, Cənab Prezident İlham Əliyevə və cənab Ramiz Mehdiyevə yazılı və açıq məktub şəklində ünvanladığımız müraciətlərin icra vəziyyətini öyrənmək məqsədilə 16.09.2016-cı il tarixdə  Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun qəbulunda oldum. AR Qanunlarına əsaslanaraq hesablanmış kompensasiya məbləğinin ödənilməməsi, yəni 100 ildən bəri sahibi olduğumuz torpaq üçün kompensasiyanın ödənilməməsi və daşınmaz əmlakın texniki inventarlaşdırma işlərinə uyğun olaraq ölçülərin aparılması əvəzinə ancaq yaşayış sahəsi üçün kompensasiyanın verilməsi səbəblərini soruşduqda , -“3800-4000 ailəyə eyni qaydada kompensasiya hesablanmışdır, siz onlardan artıqsınızmı? Demək olar ki, 5-6 nəfərdən başqa heç kimə torpaq üçün kompensasiya verilməmişdir. Ölçmə işləri də Mənzil Məcəlləsinə uyğun aparılmışdır. (hansı ki, Mənzil Məcəlləsində torpaqların Dövlət ehtiyacları üçün alınması məqsədilə daşınmaz əmlakın ölçülməsi haqqında heç bir müddəa yer almamışdır) Qanun insanların sosial vəziyyətini yaxşılaşdırmaq üçün həyata keçirilmir. Əgər Prezident Aparatında bu məktubların üzərinə ”Ödənilsin” yazilsaydı, biz bunu ödəyərdik.”-deyə cavab verdi.
Demək siz, cənab C.Yusifov, qanunlarla yox, sifarişlə işləyirsiniz və etiraf edirsiniz ki, 3800-4000 ailə qanunsuzluqların qurbanı olmuşdur. Cənab Prezidentin və cənab Ramiz Mehdiyevin etimadından istifadə edərək insanların belə kobud şəkildə aldadılması bizi bir vətəndaş  kimi narahat etməyə bilməz. Köçürmə prosesi hələ davam edir, yəni bundan sonra da minlərlə ailə bu qanunsuzluqlardan əziyyət çəkməli olacaq, bu da on minlərlə insan taleyi deməkdir ki, sahib olduqları daşınmaz əmlak üçün ala bilmədikləri haqları ucbatından onların övladları da bu çətin həyatda sıxıntı içərisində yaşamağa məhkum ediləcəklər. Ona görə də hər gün Prezident Aparatına yüzlərlə şikayət məktubu göndərilir.

Qeyd etmək istəyirəm ki, Bakı şəhərində minlərlə sakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin insanların mənafeyini və sosial rifah halını düşünərək 20 aprel 2010-cu il tarixində imzaladığı Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında AR Qanununa əsasən müəyyən kompensasiya ödənilməklə evlərindən çıxarılmışdır. Məsələ ondadır ki, bu layihələr həyata keçirilən zaman İcra hakimiyyətlərinin nəzdində yaradılmış komissiyalar tərəfindən qanunun bir çox müddəaları düzgün yerinə yetirilməmişdir. Bəzi insanlar fərdi olaraq qanuna uyğun tələb irəli sürdükləri zaman, təxribatçı adlandırılmış və onlara komissiyaların, yəni özlərinin qanunsuz qərarları və hərəkətləri haqqında məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur.Məmurlarla mülkiyyət sahibləri arasındakı belə münasibət Məşədi İbadla hambal arasındakı münasibəti xatırladır, öz əlçatmaz arzularını həyata keçirmək üçün on minlərlə manatdan keçən Məşədi İbad hambalın zəhmət çəkib qazandığı bir abbasını verməyə xəsislik edir. Bütün bunlar insanların əksəriyyətinin yazılmış qanun və fərmanların mahiyyətini düzgün anlamamalarından irəli gəlir ki, bu da onları haqlarını lazımi səviyyədə tələb etməkdən çəkindirir.
Əziz həmvətənlər!
Molla Nəsrəddin demişkən, bilənlər bilməyənləri öyrətsin, prinsipini əsas tutaraq, Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında AR Qanununda yaşayış sahələrinin deyil, torpaqların və həmin torpağın üstündəki tikilinin alınmasından bəhs edildiyini və bu qanuna uyğun olaraq kompensasiyanın hesablanma qaydasını izah etmək istəyirəm. Belə ki, qanunun 1.1.1 və  1.1.2 bəndlərində istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələrinin, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması açıq-aydın qeyd olunsa da, bu məmurlar torpağın xüsusi mülkiyyətdə olmadığını əsas gətirərək torpaq üçün heç bir kompensasiya ödəmirlər. “Sovetski” ərazisinə gəlincə, qeyd etmək istəyirəm ki, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyası Bakı Şəhər İcra Hakimiyyəti başçısının 501 saylı 12 dekabr 2013 tarixli  sərəncamı ilə Bakının “Sovetski” məhəlləsində ölçü və inventarlaşdırma işlərini də öz istədiyi kimi həyata keçirmişdir. Halbuki “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” AR Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.6; 1.7; 1.8  bəndlərinə əsasən torpağın alınması haqqında təklifin hazırlanması zamanı bu Qanunun tələblərinə əməl edilməsi üçün alınmanın təsirinə məruz qalan şəxslərin mülkiyyət, istifadə, icarə və digər qanuni hüquqlar əsasında sahiblik etdikləri alınması təklif olunan torpaq sahələri və onlar üzərində sahiblik növünə dair, dövlət mülkiyyətində olan torpaqlarda yaşayan, alınmanın təsirinə məruz qalan şəxslərin ilkin hesablanmış sayı, onların həmin torpaqdan istifadə və müvafiq tikili üzərində sahiblik növünə dair, həmin torpaqda mövcud olan tikililər, alınmanın təsirinə məruz qalan şəxslərin mülkiyyət, istifadə, icarə və digər qanuni hüquqlar əsasında sahiblik etdikləri alınması təklif olunan torpaq sahələri və tikililərin ilkin qiymətinə dair zəruri olan bütün məlumatların toplanılmasını  AR Əmlak Məsələləri Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirməlidir. Bunun üçün AR Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının 2013-cü il 07 mart tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş respublika üzrə bütün növ daşınmaz əmlak obyektlərinə dair çöl-ölçmə işlərinin və texniki inventarlaşdırılmanın aparılmasıilə bağlı qaydaları və prosedurları tənzimləyən “TEXNİKİ TƏLİMAT”ı mövcuddur. Daşınmaz əmlakın texniki inventarlaşdırma işləri dövlət sifarişi əsasında qanunvericiliyə və bu Texniki Təlimata uyğun həyata keçirilir. Bu təlimata əsasən daşınmaz əmlakın texniki inventarlaşdırma işləri naturada aparılan müayinə və çöl ölçmə işləri nəticəsində daşınmaz əmlak obyektlərinin mövcudluğu, texniki vəziyyəti (ölçüləri) barədə məlumatların toplanmasından ibarətdir.

Beləliklə, bu sənədlərdən açıq-aydın görünür ki, torpaqların dövlət ehtiyacları üçün alınması zamanı alınmaya məruz qalmış hər kəsə torpağın kateqoriyasından asılı olmayaraq, istər bu mülkiyyət, istər istifadə, istərsə də icarə torpağı olsun, əvvəlcə ona məxsus  torpaq üçün kompensasiya(A), sonra isə torpağın üstündəki tikilinin ölçüləri daşınmaz əmlakın çöl-ölçmə işlərinə uyğun ölçülərək, 1m 50sm-dən hündür olan sahələrin hər kv.m  1500AZN olmaqla tikili üçün kompensasiya (B)  hesablanmalı və torpaq üçün veriləcək kompensasiyanın üzərinə əlavə olunmalıdır. Bu məbləğ hər bir daşınmaz əmlak sahibinə verilməli əsas kompensasiyanın həcmidir.
Bundan sonra qanunun 66.4 bəndinə əsasən əsas kompensasiyanın 10 faizi həcmində çətinliyə görə əlavə kompensasiya (C) , 56.1.2 bəndinə əsasən mövcud inflyasiyaya görə əsas kompensasiyanın 10 faizi həcmində əlavə kompensasiya(D) və  Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3.bəndinə əsasən (dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.) əsas kompensasiyanın 20 faizi həcmində əlavə kompensasiya (E) hesablanaraq əsas kompensasiyanın üzərinə əlavə olunmalıdır.
Beləliklə, yekun kompensasiya (Y) torpaq və tikili üçün hər biri ayrılıqda hesablanmış və toplanılmış əsas kompensasiya ilə əlavə kompensasiyaların cəmindən ibarət olmalıdır, yəni Y= A + B + C + D + E
Bundan başqa qanunun 32.3 bəndinə əsasən torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı əsas kompensasiya  məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. Qanunun 47-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs (iddiaçı) alan orqana ərizə təqdim edərək kompensasiya və ya köçürülməsinin təmin edilməsi ilə bağlı tələb irəli sürə bilər. Alan orqan tərəfindən qanunun 67.2.5. bəndinə əsasən veriləcək kompensasiya iddia edilən kompensasiya məbləğindən az olduqda məbləğın azaldılmasının səbəbləri göstərilməklə kompensasiyanın verilməsi üçün təklif iddiaçıya təqdim olunur.
Eyni zamanda qeyd etmək lazımdır ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” AR Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.3 bəndinə əsasən alınmanın həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət və şikayətlərə baxılması, torpağın alınması ilə bağlı kompensasiyanın ödənilməsi məqsədilə vəsaitlərin ayrılmasına dair tapşırıqların verilməsi, habelə alınmanın təsirinə məruz qalacaq şəxslərin mənafeyi nəzərə alınmaqla zəruri hesab etdiyi əlavə şərtlərin müəyyən edilməsi AR Maliyyə Nazirliyinə tapşırılmışdır.
Lakin buna baxmayaraq, nə qanunun həyata keçirilməsində məsul seçilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın ölçmə qaydalarına uyğun ölçmə işləri aparılmış, nə də AR Maliyyə Nazirliyi bu ölçmələrə uyğun kompensasiyaların düzgün hesablanmasına nəzarət etmişdir. Bütün bunlar da əhalinin haqlı narazılıqlarına səbəb olmuşdur.
 Əgər biz ganunların hər birini bu şəkildə sadə, hər bir kəsin başa düşəcəyi dildə  izah etsək, inanın ki, məmurlarla sakinlər arasındakı anlaşılmazlıq öz-özünə həll olunacaq və bu qanunun həyata keçirilməsi haqqında yuxarı təşkilatlara heç bir şikayət məktubu göndərilməyəcəkdir, çünki hər iki tərəf qanunun aliliyini başa düşərək, digər tərəfdən qanunun düzgün yerinə yetirilməsini tələb edə biləcəkdir. Bununla da cənab Prezidentin tələb etdiyi sosial ədalət prinsipi hər bir sahədə öz obyektiv həllini tapacaqdır.

Atakişiyeva Şəhla Cəbrayıl qızı

21:21