“Sosialist realizmi”nə meydan oxuyan Abşeron rəssamlıq məktəbi

 

“Abşeron rəssamlıq məktəbi” ifadəsini XX yüzilliyin ortalarında Azərbaycan təsviri sənət məkanında yaranan bədii termin saymaq olar. “Abşeronçu” kəlməsini o dövrdə Bakıda yaşayıb-yaradan, fəaliyyətləri paytaxtətrafı çoxsaylı kənd və qəsəbələri gəzib-dolaşan, bu yerlərdə insanların həyatında və məişətində gördüklərini ideallaşdırmadan, olduğu kimi kətana köçürən, dünyaya özünəməxsus bədii vasitələrin işığında baxan bir dəstə rəssamayönəli söyləyərdilər. Bakıda təşkil olunan çoxsaylı sərgilərdə onları az qala barmaqla göstərib, “Bu Abşeronçudur!” deyərdilər. Özü də təqdir kimi yox, kinayə və qınaq mənasında…Doğrudan da bu rəssamların Abşeronun gül becərənlərini, at və öküz nallayanlarını, abqora və bəhməz hazırlayanlarını, əncir qurudanlarını, çərpələng uçurdan və ulaq minən uşaqları və digər qırmızı bayraq uğrunda mübarizə sırasına daxil edilməyən insan fəaliyyətini kətan üzərində bədiiləşdirmələri başqa fırça ustalarının sərgilərdə göstərilən tablolarından bütün mənalarda çox fərqli və rəsmilər üçün qıcıq doğuran idilər. Taleyini rənglər dünyasına bağlamış bu yaradıcılar yaş etibarilə müxtəlif idilər. Həyata “antisovet” baxışı sərgiləməkdə suçlandırılan, əslində isə zamanına görə böyük fədakarlıq nümunəsi sərgiləyən bu yaradıcı qrupun lideri Mircavad Mircavdovun yaşı 1955-ci ildə 32, onun kiçik qardaşı Tofiq Cavadovun 30 idisə, Rafael Muradovun 23, Fərhad Xəlilovun isə cəmisi 21 yaşı vardı. Ancaq onlar məslək etibarı ilə bir, başqa sözlə desək, əsl əqidə adamı idilər. O vaxta qədər Azərbaycan rəssamlığında buna bənzər hadisə yaşanmadığından, “Abşeronçu”ların hər bir addımı ətrafdakılar üçün gözlənilməz olduğu qədər də maraqlı görünürdü. Mədəni məkanda bu rəssamlara qarşı yaranmış bu sonsuz diqqətin kökündə heç şübhəsiz onların başqalarına bənzəməyən yaradıcılıq həyatı, o zamankı kommunist rejimi şəraitində hakim olan “sosialist realizmi” bədii prinsipinə arxa çevirmələri, sistemin təlqin etdiyi ideya və mövzulardan uzaq məsələlərə diqqət yetirmələri, hər hansı ideologiyaya yarınmaqdan kənar olmaları idi. Rəsmi ideologiyadan uzaq bu cür müstəqillik və sərbəstlik lap yumşaq desək, hamının aydın duya biləcəyi özbaşınalıq sayıla da bilərdi. Əgər ötən əsrin əllinci illərin sonlarında SSRİ-nin rəhbəri N.S.Xruşovun Moskvanın başqalarından daha sərbəst düşüncəli rəssamlarına yönəli gerçəkləşən sərt və təhqiredici tutumlu məşhur “Manej təmizlənməsi”ni xatırlasaq, onda Bakıda yaranışı ilə bütünlükdə sosializm dəyərlərinə meydan oxuyan bir məktəbi yaradanlara münasibətin istənilən qədər sərt və kəskin olacağı şübhəsiz idi. Bununla belə yerli ideoloqlar onlarla nə edəcəyini, necə davranacaqlarını bilmirdilər. Belə ki, zaman başqa zaman idi. Qətiyyətlə demək olar ki, “Abşeronçu”lar haqqında söz açdığımız sənətkar müstəqilliyini, ideologiyadan uzaq olmalarını 30-cu illərdə sərgiləsəydilər, onların repressiyaya məruz qalmaları qaçılmaz olardı. Odur ki, fərqli situasiyada kommunist-ideoloqlar da başqa cür hərəkət etməli idilər. Bu mənada onların o dövrdə qabarıq görünən əks tədbiri “Abşeronçu” rəssamların kommunist ideallarına cavab verməyən əsərlərinin sərgi salonlarına buraxılmaması idi. Bununla da ideoloji rəsmilər müxtəlif yaşlı “üsyançı rəssamlar”a mənəvi təzyiqlə yanaşı, həm də əsərlərinin alınmaması qarşılığında maddi təzyiq göstərilmək, bununla da onları ram etmək istəyirdilər. Gündəlik çörək pulunu sənət ideallarına sadiqliyi ilə qazanmaq istəyən bu adamlar əslində “blokada”ya alınmış kimi idilər. Ancaq onlar şüurlu şəkildə seçdikləri bu yoldan dönmək niyyətində deyildilər. Bu yolda “Abşeronçu”ların hamısına nümunə olacaq şəxs heç şübhəsiz Mircavad Mircavadov (1923-1992) idi…

Hələ Bakıdakı məşhur “Əzimzadə məktəbi”ndə təhsil alarkən təsadüfən o vaxtlar dünyanın mütərəqqi rəssamlarının SSRİ muzeylərində nümayiş olunmayan əsərlərinin reproduksiyası ilə tanış olan Mircavad Mircavadov, bir müddət təhsildən uzaqlaşır və həmin əsərlərin təhlili ilə məşğul olur. Sonradan təhsilini tamamlayıb Sankt-Peterburqa gedir, israrlı xahişlərindən sonra Dövlət Ermitajının direktorundan muzeyin fondlarında saxlanan “qadağalı” əsərlərlə fərdi şəkildə tanışlığa icazə alır. Ardınca bir-neçə il burada qalıb şəhərdəki muzeylərdəki bəşəri və türk mənəvi dəyərlərini öyrənir, onların qaynaqlarını və mahiyyətini dərk etməyə çalışır. Bakıya qayıtdıqdan sonra da səs-küylü paytaxtda özünə yer tapa bilməyib Buzovnadakı bir bağ evini kirələyib bədii eksperimentlərlə məşğul olur.

37 yaşında onun qədim Qobustana getməsi və oradakı qaya rəsmləri ilə tanışlığı, az sonra milli miniatürlərimizi dərki, mifologiya və xalq sənəti ənənələrini öyrənməsi onun dünyaya məhz “Mircavad baxışı” ilə baxmağını müəyyənləşdirir. Başqa sözlə desək, axtardıqlarını vətəndən uzaqda tapa bilməyən rəssam onu elə vətənin özündə tapır. Gerçəkliyin bədiiləşdirilməsinəyönəli bu tapıntı Azərbaycan rəngkarlığına sözün əsl mənasında yeni nəfəsin gəlməsinə böyük təsir göstərir. Az sonra sənətdə ənənəviləşən dünyaya baxışdan çox fərqli olan Mircavad yolunu seçən digərləri də onunla birlikdə rəssamlıq məkanında həm də “Abşeron məktəbi”nin yaranmasını şərtləndirirlər...

Mircavad Mircavadovun dünyamızı, onun təzadlı hadisələrini, bəşəri duyğuları, Xeyirlə - Şərin mübarizəsini bütün çılpaqlığı ilə əks etdirən əsərləri o vaxtkı sərgi komissiyaları üçün qəbul edilən olmasa da, bu gün qısa zaman distansiyasından onların rəngkarlığımızı müəyyən ideoloji yeknəsəklikdən qurtarmaq, dünyanı başqa cür görmək mümkünlüyünün təsdiqi baxımından əvəzsiz olmaları şəksizdir. Rəssamın çəkdiklərində həm klassik milli, həm də müasir-avanqard meylləri qoşalaşdırması o vaxt çoxları üçün gözlənilməzdi. Milli köklərə bu cür müasir baxış doğrudan da bütün mənalarda yeni görünürdü. Bu gün onları obrazlı dillə desək, görkəmli musiqiçi Vaqif Mustafazadənin ənənə ilə müasirliyin vəhdəti olan muğam mövzusundakı improvizələri ilə müqayisə etmək olar. Elədiklərinin əvəzində adicə “sağ ol!”u ona qızırqananlar rəssama davamlı olaraq həm maddi, həm də mənəvi əziyyət verməkdə idilər. O, isə məqsədyönlü axtarışlarında israrlı idi. Çox təəssüf ki, bu böyük sənətkarın yaradıcılığına münasibət uzun müddət rəsmi ideoloji qurumlar tərəfindən arzuolunmaz olub. Belə ki, rəssamın fərdi sərgisi uzun təkidlərdən, daha dəqiq desək, dünya şöhrətli yazıçı Çingiz Aytmatovun Bakıda olduğu vaxt işə qarışmasından sonra - yalnız 1987-ci ildə 64 yaşında təşkil olundu. Bundan sonra onun doğma Bakıda, eləcə də Moskvada və digər xarici ölkələrdə sərgiləri baş tutdu. Ancaq əvvəlki illərdə apardığı ağır ideoloji mübarizədə “qazandığı” xəstəlikdən sonra 1992-ci ildə dünyasını dəyişən rəssam, əldə etdiyi qonorarları da çürüməkdə olan beynini müalicəsinə sərf etdi və Azərbaycan təsviri sənət tarixində mübariz “əqidə adamı” kimi silinməz bir iz qoymuş oldu...

Həmin illərdə Mircavad Mircavadovu özlərinə sələf-nümunə sayan və “Abşeronçu”lara qoşulanlar sırasında rəssamın qardaşı Tofiq Cavadovun, eləcə də gənc Fərhad Xəlilov, Mirnadir Zeynalov, Nazim Rəhmanov, Kamal Əhməd, Əlövsət Əliyev, Rafael Muradov və başqalarının adlarını çəkmək olar. Nə etdiklərini bilən bu rəssamlar əslində o vaxtlar çəkdiklərinə görə təqdir olunacaqlarına heç ümid də bəsləmirdilər. Özü də məhz 50-60-cı illərdə Moskvada SSRİ-də yaşayan yaradıcı qüvvələr arasında açıq fikirli insanların fəaliyyətlərini məhdudlaşdıran açıq qərar və gizli göstərişlərin artıq həyata tətbiqindən də az-çox xəbərdar idilər. Amma dünyanı başqa cür görə bilmək istəyi onların iç dünyasının tələbi olduğundan rəsmi və mühafizəkar Azərbaycan rəngkarlığı bu dəyişikliyi hələlik qəbul etməsə də, onu müşahidə etməyə məhkum idi. Yaradılan əsərlərin çoxu geniş sərgi salonlarına yol tapa bilməsələr də rəssamların çoxu fərdi qaydada onları emalatxanalarda olsa da tamaşaçılara göstərirdilər. Belə ki, tamaşaçı özü də kommunist rejiminin “qəlib rəngkarlığı”na baxmaqdan doymuşdu...

Yeri gəlmişkən deyək ki, “Abşeron məktəbi” özündə bilavasitə yuxarıda adlarını çəkdiyimiz, yaradıcılıqlarını qısaca şərh etdiyimiz rəssamları birləşdirsə də Bakıda onun bədii ənənələrindən faydalanan müxtəlif yaşlı rəssamlar da olmuşdur və bu münasibət bu günə kimi davam etməkdədir. Bu mənada qocaman qrafika ustası Ələkbər Rzaquliyevin, rəngkar Müslüm Abbasovun, Tofiq Ağababayevin, Gennadi Brijatyukun, Qəyyur Yunusun, Nazim Bəykişiyevin, Ağəli İbrahimovun, Asim Rəsuloğlunun, Məmmədkərin Quliyevin, Həmzə Abdullayevin, Nağdəli Xəlilovun və digərlərinin adını çəkmək olar.
Sonda xüsusi olaraq deyə bilərik ki, sovet dönəmində ən müxtəlif təzyiqlərə məruz qalan, maddi-mənəvi sıxıntılara tuş gələn “Abşeron məktəbi” təmsilçilərinin çoxşaxəli yaradıcılığı ölkənin müstəqilliyi dövründə XX əsr Azərbaycan rəngkarlığının ən parlaq səhifəsi kimi bütün mənalarda təqdir olundu. Əlavə edək ki, əgər ötən yüzilliyin 60-70-ci illərində “Abşeronçu”ların sırasında adın çəkilməsi rəsmi dairələrdə xoşagəlməz hal sayılırdısa, bu gün vaxtilə ən müxtəlif qınağın müqabilində belə öz ideyalarından əl çəkməyən bu rəssamların hər biri öz keçmişinə görə qürur hissi keçirə bilərlər...

Ziyadxan Əliyev

əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

19:22