Sosial mənzillərlə bağlı anlaşılmazlıq yarandı: Parlament və Agentlik bir-birini təkzib edir

 

Yaxın zamanda müraciətlərin qəbul ediləcəyi sosial evlərlə bağlı anlaşılmazlıq yaranıb. Belə ki, tərtib olunan siyahıda sosial evlər verilərkən şəhid ailələri, elmlər namizədləri və digər kateqoriyadan olan şəxslərlə yanaşı məcburi köçkünlərə də üstünlük veriləcəyi qeydi var.

Milli Məclisin deputatı Vahid Əhmədov isə açıqlamasında bölgü zamanı məcburi köçkünlərə üstünlük verilməyəcəyini bildirib: “Sosial evlər əsasən gənc ailələrə veriləcək. Məcburi köçkünlər isə diqqət mərkəzində olmayacaq. Onsuz da dövlət tərəfindən mütəmadi olaraq onlara ev verilir, şəraitlə təmin edilir. Torpaqlar işğaldan azad olunduqdan sonra məcburi köçkünlər ora geri qaytarılacaq”.

V.Əhmədov sosial evlərin alınması ilə bağlı yaş məhdudiyyəti probleminə də toxunub. V.Əhmədovun sosial evlərin verilməsi ilə əlaqədar şərtlərdə konkret yaş məhdudiyyəti yoxdur: “İlkin mərhələdə əsasən 35 yaşadək olan gənc ailələrin evlə təmin olunması diqqət mərkəzində olacaq. Tərtib olunan siyahıda konkret yaş məhdudiyyəti yoxdur, lakin gənc ailələrə, alimlərə, elmlər doktorlarına daha çox üstünlük veriləcək. Ola bilər ki, istisnalar olsun. 40-45 yaşlı bir ailə də evlə təmin oluna bilər”.

Məsələni bir daha aydınlaşdırmaq üçün Mənzil İnşaatı Dövlət Agentliyi ilə əlaqə saxladıq. Oradan isə bildirildi ki, təsdiq olunmuş qaydalara əsasən güzəştli məzillər veriləcək şəxslər sırasında məcburi köçkünlərin də adı var.

Nigar Məhərrəm

Cebhe.info

 

09:35