Sorğu: fransızların 70 faizi Fransua Ollandı pis prezident hesab edir

 

Fransızların 70 faizi Fransua Ollandın dövlət başçısı postundakı fəaliyyətini mənfi qiymətləndirir və onu “pis prezident” hesab edir. Bu, “Odoxa” kompaniyasının aprelin 6-da dərc etdiyi sorğunun nəticələrində əksini tapıb.

 

Respondentlərin 83 faizi əsasən Ollandın iqtisadi və sosial siyasətindən narazıdır. Lakin rəy bildirən insanların 54 faizi Fransanın hazırkı prezidentinin terrorla mübarizəyə verdiyi töhfəsini yüksək qiymətləndirib. Fransa KİV-lərinin məlumatına əsasən, Olland Fransada populyarlığının bu dərəcədə aşağı düşdüyü yeganə prezident deyil. Belə ki, 2011-ci ilin mayında fransızların 73 faizi Nikola Sarkozini pis dövlət başçısı hesab etmişdi.

“Odoxa” kompaniyasının sorğusu aprelin 5-də min nəfərdən çox Fransa vətəndaşı arasında keçirilib. Xatırladaq ki, Fransa yeni prezident seçkiləri ərəfəsindədir. Seçkilərin birinci turu aprelin 23-nə, ikinci turu isə mayın 7-nə təyin olunub. Fransua Olland yenidən seçilməyə can atmayacağını əvvəlcədən bildirmişdi.

Xudaferin.eu
“Avropa Bürosu”

19:21