Son 72 ilin ən böyük insan böhranı yaşandığı açıqlanıb

 

Qlobal olaraq müştərək səylər olmazsa, insanlar acından həyatını itirəcək. Bir çox adam isə daha çox acı çəkəcək və xəstəliklərdən öləcək. Birləşmiş Millətlər Təşkilatı dünyada son 72 ilin ən böyük insan böhranı yaşandığını açıqlayıb.

BMT-nin Humanitar İşlər üzrə məsul katibinin müavini və Fövqəladə Vəziyyətlər koordinatoru Stefen Obrayn Nigeriya, Somali, Güney Sudan və Yəməndə qıtlıq və aclıqdan 20 milyondan çox insanın qarşılaşdığı fəlakətin qarşısını almaq üçün iyul ayına qədər 4,4 milyard dollara ehtiyac olduğunu bildirib. O deyib: “BMT-nin qurulduğu 1945-ci ildən bu yana ilk dəfədir ki, belə bir böhran yaşanır. Tarixin təhlükəli bir nöqtəsindəyik. Qlobal olaraq müştərək səylər olmazsa, insanlar acından həyatını itirəcək. Bir çox adam isə daha çox acı çəkəcək və xəstəliklərdən öləcək."

BMT və Güney Sudan hökumətinin keçən ay hazırladığı ortaq yazılı hesabatda ölkədə 100 min adamın yaşadığı Unity əyalətinə bağlı iki bölgədə qıtlıq elan edilib. Güney  Sudanda isə 4,9 milyon adamın təcili qida və su yardımına ehtiyacı olduğu bildirilib.

Qeyd edək ki, BMT Uşaqlara Kömək Fondu (UNICEF) keçən ay Güney Sudan, Nigeriya, Somali və Yəmənin bəzi yerlərində təxminən 1,4 milyon uşağın qeyri-kafi bəslənmə, vətəndaş müharibəsi və qıtlıq üzündən ölüm təhdidi altında olduğunu açıqlamışdı.

Xudaferin.eu

10:58